PDF Oxu

Əsas

  • 17

YAP Gənclər Birliyinin ofisində gənclərlə görüş keçirildi

YAP Gənclər Birliyinin ofisində gənclərlə görüş keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində YAP Sədrinin müavini, YAP İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun gənclərlə görüşü keçirildi. Görüşdən öncə YAP İcra katibi Əli Əhmədov gəncləri yeni qədəm qoyduğumuz 2012-ci il münasibətilə təbrik etdi: "Azərbaycan uğurlu bir ili arxada qoydu. Müstəqilliyimiz bir il də möhkəmləndi. Bütövlükdə, 2011-ci il Azərbaycan üçün uğurlu olub. Ölkəmizin iqtisadi inkişafı istiqamətində ciddi layihələr həyata keçirilib.

Ölkə iqtisadiyyatı ötən il daha möhkəm dayaqlar üzərində qərar tutub. Azərbaycan Prezidenti İlham Əliyevin insanların rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlar böyük rəğbətlə qarşılandı. Ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqqının artırılması ilə bağlı sərəncamlar imzalandı. Bunun nəticəsində əhalinin sosial müdafiəsi daha da güclənəcək və bu addımlar daim davamlı olacaq".

YAP Sədrinin müavini Ə.Əhmədov ölkədə sabitliyin, əmin-amanlığın yüksək səviyyədə qorunub saxlanıldığını söylədi: "2011-ci il, eyni zamanda, onunla əlamətdar olub ki, Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 20 illiyini qeyd etdi. Ölkəmiz xarici siyasət sahəsində mühüm uğurlara imza atıb. Hər bir Azərbaycan vətəndaşı bunu qürur hissi ilə qeyd edir ki, 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bu, beynəlxalq aləmdə Azərbaycanın artan mövqeyinin, siyasi çəkisinin, dünya siyasətində yaxından iştirak etməyə hazır olmasının təsdiqidir. Azərbaycan, eyni zamanda, "Evrovision-2011" mahnı müsabiqəsinin qalibi oldu. Bunun da nə qədər əhəmiyyətli hadisə olduğu aydındır. Bütün bunların hamısı ölkəmizin ötən il biri-birindən əhəmiyyətli uğurlara imza atmasından xəbər verir. Eyni zamanda, Azərbaycan cəmiyyəti 2012-ci ilə böyük ümidlərlə qədəm qoyub. Düşünürük ki, 2011-ci ildə əldə olunan uğurlar cari ildə də davam etdiriləcək. Bütün sahələrdə mühüm uğurların əldə oluncağına böyük inam var. Azərbaycan beynəlxalq miqyasda rolunu daha da artıracaq. 2012-ci ilin ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əlamətdar ilə çevriləcəyinə əminik. Beləliklə, 2011-ci ili mühüm uğurlarla yola salıb, cari ilə böyük ümidlərlə qədəm qoymuşuq."

YAP Sədrinin müavini 2011-ci ilin partiya üçün də uğurlu olduğunu diqqətə çatdırdı: "Ötən il partiyanın fəaliyyətində də böyük nailiyyətlər əldə olundu. Belə ki, partiyanın Gənclər Birliyi əhəmiyyətli layihələr həyata keçirdi. Partiyanın üzvləri ölkənin ictimai-siyasi həyatında, həmişə olduğu kimi, ötən ildə də yüksək fəallıq nümayiş etdirdilər. Eyni zamanda, ötən il həm partiya, həm də ölkə daxilində təşkilatın gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülməklə yanaşı, həmçinin, Gənclər Birliyinin əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Ötən ilin sonunda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 33 ölkənin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfransda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, hər bir ölkənin əldə etdiyi təcrübədən geniş bəhs olundu. Konfransın keçirilməsi YAP-ın nüfuzunun və beynəlxalq əlaqələrinin geniş inkişafının ifadəsidir. Gənclər Birliyi də ötən ildə bu sahədə mühüm uğurlar əldə edib. Həmçinin, ötən ildə bir sıra ölkələrin partiyalarının gənclər təşkilatları ilə əlaqələr genişlənib. Belə ki, YAP Gənclər Birliyinin nümayəndə heyəti onların dəvəti ilə xarici ölkələrdə olub, müxtəlif tədbirlər keçirib. Eyni zamanda, YAP Gənclər Birliyinin dəvəti ilə bu və ya digər ölkələrin gənclər təşkilatları Azərbaycanda olub, ölkəmizin reallıqları ilə yaxından tanış olublar. Düşünürük ki, YAP Gənclər Birliyinin yeni ofisinin istifadəyə verilməsi görülən işlərin miqyasının daha da genişlənməsinə öz müsbət təsirini göstərəcək."

Millət vəkili Əli Əhmədov onu da vurğuladı ki, cari ildə də bütün səylərimizi əldə olunan uğurların davamlılığının təmin edilməsinə yönəldəcəyik: "Heç bir uğur, qələbə asanlıqla əldə olunmur. 2011-ci ilin uğurlarından geniş bəhs edərkən, təbii ki, bunların arxasında dayanan böyük zəhməti, fədakarlığı qeyd etməliyik. 2012-ci ildə də bu fədakarlığı göstərərək, qarşıya qoyulan məqsədlərə nail olacağıq. Cari ildə YAP-ın üzərinə çox məsul vəzifə düşür. Düşünürəm ki, partiya yenə də bu işlərin öhdəsindən yüksək səviyyədə gələcək. İnanıram ki, partiyanın gəncləri də bu vəzifələrin icrasında yaxından iştirak edəcək, yüksək fəallıq nümayiş etdirəcəklər. Gənclər 2012-ci ilin də partiyanın tarixinə şərəfli və uğurlu bir il kimi yazılmasına səy göstərəcəklər."

YAP Sədrinin müavini bildirdi ki, bu gün partiyanın sıralarında 560 minə yaxın üzv birləşir: "Bu, böyük bir rəqəmdir. Gənclər partiya üzvlərinin 40 faizini təşkil edir. Bu, sadəcə, bir statistika deyil. Bu, Azərbaycan gənclərinin Heydər Əliyev ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın təsdiqidir. Bu inam olmasaydı, bu sayda gənc partiyanın sıralarında təmsil olunmazdı. Partiyanın sıralarında birləşən gənclərdən danışarkən yalnız statistikaya müraciət etmirik. Biz, eyni zamanda, gənclərin fəallığına, ictimai-siyasi proseslərdə iştirak etmək istəyinə, bacarığına diqqət yetiririk".

Ə.Əhmədov bildirdi ki, Gənclər Birliyinin çox maraqlı ənənələri formalaşıb: "Biri-birindən əhəmiyyətli layihələr həyata keçirir. İrəli sürdükləri ideyaların həyata keçirilməsi üçün səylər göstərirlər. Düşünürük ki, bu ənənələrinə sadiq olaraq yenə də maraqlı layihələrini davam etdirəcəklər."

YAP Sədrinin müavini bildirdi ki, YAP Gənclər Birliyinin yeni ofisinin istifadəyə verilməsi onların iş şəraitinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib: "Bütövlükdə, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətdə gənclərə diqqət və qayğı, gənclərə geniş meydan açılması və onların potensialından səmərəli istifadə əhəmiyyətli yer tutur. Biz dəfələrlə bu barədə mövqeyimizi bildirmişik. Hesab edirik ki, Azərbaycanın firavan gələcəyinin təmin edilməsində yaxından iştirak edən ən mühüm təbəqələrdən biri gənclər olacaq. Bunun iki səbəbini qeyd etmək istərdim. Birinci səbəbi ondan ibarətdir ki, gənclər Azərbaycanda say etibarı ilə çoxdur. Öz yüksək fəallıqları ilə seçilirlər. Bu mənada, ölkədə ictimai-siyasi proseslərdə, quruculuq işlərində yaxından iştirak edirlər. Azərbaycan hökuməti də gənclərin bütövlükdə dövlət siyasətində, quruculuq işlərində yaxından iştirak etməsinə həm imkan yaradır, həm də bunu diqqət mərkəzində saxlayır. İkinci səbəb ondan ibərətdir ki, gənclər gələcəyə meyilli olan təbəqələrdir. Gələcəyi daha çox duyan və meyilli olan yeni təfəkkürlü gənclər, təbii ki, cəmiyyətimizin inkişafında, tərəqqisində daha çox maraqlıdır və ona görə də bu proseslərdə yaxından iştirak edirlər. Bütün bunları nəzərə alaraq YAP gənclərə xüsusi önəm verir. Mütəmadi olaraq gənclərlə görüşlərin keçirilməsi də bunun bariz nümunələrindəndir."

Əli Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi gözlənilən növbəti görüşləri ilə bağlı fikirlərini də bildirdi: "Əgər belə bir görüş baş tutacaqsa, təbii ki, ondan nəsə gözləmək olar. Çünki görüşdən heç nə gözləməsəydik, onda o görüşə getməyin də heç mənası olmazdı".

YAP Sədrinin müavini bildirdi ki, bütövlükdə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı həyata keçirdiyi siyasətdə münaqişənin dinc yolla həll olunması prioritet istiqamətdir: "Biz hesab edirik ki, danışıqların uzun müddət davam etməsinə baxmayaraq, onun potensialı tükənməmişdir. Hələ də münaqişənin dinc yolla və vasitələrlə nizama salınması ehtimalı qalır. Buna görə də Azərbaycan danışıqlar prosesində iştirak edir. Bu mənada, növbəti danışıqdan da gözləntimiz ondan ibarətdir ki, nəhayət, Ermənistan qeyri-konstruktiv mövqeyinə son qoysun və danışıqlar masası ətrafında ədalətli şəkildə münaqişənin nizama salınması ilə bağlı qərar qəbul etsin. Belə qərarı təkcə Azərbaycan ictimaiyyəti və cəmiyyəti gözləmir. Ermənistanın iqtisadi sıxıntılar və demoqrafik fəlakətlər içərisində yaşayan sadə insanları da bu qərarı çoxdan gözləyirlər. Sadəcə, Ermənistanın həmin sadə insanları da siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər. Düşünürük ki, Ermənistan siyasətçiləri bunu dərk edəcək və münaqişənin nizama salınması üçün cəsarət tələb edən addımları ata biləcəklər". Sonda YAP-çı gənclərə tövsiyələrini çatdıran Ə.Əhmədov daha sonra onların suallarını cavablandırdı və yeni ilin maraqlı layihələri üzərində fikir mübadiləsi aparıldı.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər