Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı sakinləri ilə Azərbaycan Respublikası "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin (İB) nümayəndələri arasında görüş keçirilib.
Görüşü giriş sözü ilə Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov açaraq dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmış, dədə-baba yurdlarından didərgin düşmüş bu insanların yeni qəsəbələrdə, hər bir şəraiti olan mənzillərdə yerləşdirilməsini göstərilən bu qayğının nəticəsi kimi dəyərləndirmişdir.
Sonra Azərbaycan Respublikasının "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov təmsil etdiyi qurumun gördüyü işləri diqqətə çatdırmışdır. Bildirmişdir ki, icma fəaliyyətini gündən-günə genişləndirir. Bakı şəhərinin mərkəzində ayrılmış yaraşıqlı binada onlar üçün hər bir şərait yaradılmışdır. Ölkəmizin başçısı icmanın işinə daim diqqət göstərir.
Görüşdə İB-nin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov dünyada baş verən siyasi mübarizələrdə Azərbaycan dövlətinin qazandığı uğurları görüş iştirakçılarının diqqətinə çatdırmış və müstəqilliyini yenicə əldə etmiş bir çox dövlətlər arasında ölkəmizin daha böyük nüfuz sahibi olmasını Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi kimi dəyərləndirmişdir. Ölkəmizin başçısının gərgin əməyinin nəticəsidir ki, dünyanın bir çox aparıcı dövlətlərinin hələ də Ermənistana havadarlıq etmələrinə baxmayaraq, mötəbər təşkilatların bir çoxu çıxardığı qərarlarla Azərbaycanın haqq işini dəstəkləyir.
Digər natiqlər də çıxışlarında Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildirmiş və əminlik ifadə etmişlər ki, çəkilən zəhmət heç vaxt səmərəsiz qalmır, zəbt olunmuş Azərbaycan torpaqları tezliklə erməni işğalçılarından azad ediləcəkdir.