Suriyanın nüfuzlu "Əl-Mal" aylıq iqtisadi jurnalının yanvar buraxılışında "Azərbaycan - nikbin göstəriciləri ilə yaranmaqda olan iqtisadi nəhəng" sərlövhəli geniş məqalə dərc edilmişdir.
Azərbaycanın Suriyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edən Azərbaycanın ötən illər ərzində əldə etdiyi nailiyyətlərdən, xarici siyasət sahəsində qazandığı uğurlardan bəhs olunur.
Yazıda vurğulanır ki, Azərbaycan mehriban qonşuluq siyasəti həyata keçirir. Azərbaycan beynəlxalq müstəvidə qəbul edilmiş qərarlara əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün var qüvvəsi ilə çalışır.
Məqalədə keçmiş Sovet İttifaqı ölkələrinin böyük əksəriyyətinin hələ də sabitliyin, siyasi və iqtisadi inkişafın yollarını axtardığı halda Azərbaycanın artıq bu vəzifənin öhdəsindən layiqincə gəldiyini, sabit iqtisadi inkişafa nail olduğu xüsusi qeyd edilir. Müəllif ölkəmizdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın inkişafı istiqamətində yeni layihələrin reallaşdırdığını diqqətə çatdırmışdır.
Azərbaycan-Suriya münasibətlərinə toxunan müəllif Suriya Prezidentinin 2009-cu ildə ölkəmizə səfərinin, eləcə də dövlətlərimiz arasında imzalanmış sənədlərin əhəmiyyətindən yazmışdır.
Məqalədə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara toxunulmuş, 2011-ci ilin ilk doqquz ayı ərzində respublikamızın iqtisadi inkişafını əks etdirən statistik rəqəmlərə yer ayrılmışdır.
Yazıda dövlət büdcəsindən sosial məqsədlərə ayrılan maliyyə vasitələrinin əhəmiyyəti də xüsusi qeyd olunmuşdur. Müəllif Azərbaycanda ÜDM-in, dövlət büdcəsinin ildən-ilə artdığını diqqətə çatdırmışdır.
Məqalənin sonunda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Sərəncamına toxunulmuş, ölkəmizin çoxşaxəli inkişaf tərəqqisi üçün dəqiq və müəyyən siyasi strategiyanın qəbulunun əhəmiyyəti vurğulanmışdır.