"Siyasi partiyaların təmərküzləşdirilməsi prosesi təbii seçmə yolu ilə getməlidir. Yəni ictimai-siyasi həyatımızda baş verən dəyişikliklərə uyğun olaraq ayrı-ayrı siyasi partiyalar öz fəaliyyətlərini lazımi səviyyədə qura bilmirsə, onlar böyük partiyalara birləşə bilər, tərkibinə qatıla bilər. Bu da, təbii yolla ola bilər, süni surətdə ola bilməz". Bu barədə mətbuata münasibət bildirən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı siyasi partiyaların birləşməsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
M. Qurbanlı onu da xatırladıb ki, hazırda bu gün Azərbaycanda qediyyatdan keçən siyasi partiyaların sayı 45-dən yuxarıdır və bütövlükdə 100-ə qədər siyasi təşkilat özünü bəyan edib, lakin faəliyyət göstərmir.
Belə ki, qeydiyyatdan keçən partiyaların da bir hissəsinin siyasi fəaliyyəti faktiki olaraq nəzərə çarpmır: "Ancaq bizim cəmiyyətimizdə bu gün siyasi partiyaların süni surətdə birləşdirilməsini həyata keçirmək mümkün deyil. O mənada, mümkün deyil ki, hansısa siyasi partiyaya özünü buraxıb başqa partiyaya birləşməyi təklif etmək siyasi etika baxımından düzgün olmazdı".
Partiya rəsmisi bildirib ki, siyasi partiyaların yaranması, fəaliyyəti, onların birləşməsi, özünü buraxması və başqa partiyaların tərkibinə qatılması təbii siyasi prosesdir və bu prosesi kimsə qanunla süni surətdə həyata keçirə bilməz. Çünki Azərbaycan hüquqi-demokratik dövlətdir və burada hüququn aliliyi var: "Ona görə də Azərbaycanda siyasi partiyaların fəaliyyəti qanunla tənzimlənir".
M.Qurbanlı zaman-zaman siyasi partiyaların bloklarda təmərküzləşdirilməsi prosesinin də getdiyini bildirib. Bu amil isə ölkədə böyük infrastruktura malik partiyaların yaranmasını proqnozlaşdırır: "Azərbaycanda bu gedişat daha təkmil və daha böyük siyasi infrastruktura malik partiyaların yaranmasını və böyük siyasi partiyalar arasında siyasi mübarizənin getməsini proqnozlaşdırmağa əsas verir".
RÖVŞƏN RƏSULOV