Son günlər ölkəmizdə bir sıra dövlət qurumlarına qarşı yönəldilmiş haker hücumları bir daha sübut edir ki, Azərbaycanın inkişafı və tərəqqisi ilə barışa bilməyən bir sıra qüvvələr öz qısqanclıqlarını bu cür zəiflik əlamətləri ilə reallaşdırmağa cəhdlər göstərirlər. Bu barədə mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyasınnın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda bir sıra dövlət qurumlarının saytına haker hücumu kimi təxribatı törədənlər siyasi müstəvidə mübarizə aparmaq iqtidarında olmayanlardır: "Bu, haker hücumu təşkil edən şəxslərin siyasi acizliyinin əlamətidir".
Mübariz Qurbanlı bildirib ki, bu, siyasi baxımdan hər hansı məsələni həll edə bilməyən dairələrin virtual məkana hücumla özünü sakitləşdirmək cəhdidir. Belə ki, onun sözlərinə görə, bəzi dairələr elmi-texniki tərəqqinin yüksək səviyyədə inkişafından öz çirkin məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər və haker hücumlarına məruz qalan yalnız Azərbaycanın virtual məkanı deyil: "Haker hücumuna məruz qalan tək Azərbaycanın virtual məkanı deyil. Bu cür hücumlara dünyanın ən inkişaf etmiş ölkələrinin hökumət strukturları, nazirlikləri və sair də məruz qalır. Yeni Azərbaycan Partiyasının rəsmi saytına da hücumlar edilmişdi və biz onu artıq aradan qaldırmışıq".
YAP rəsmisi onu da xatırladaraq bildirib ki, hazırda Azərbaycanda elektron müdafiə sistemləri yaradılıb və virtual məkana istənilən hücumun qarşısını almaq üçün ciddi tədbirlər görülüb və görülməsi davam etdiriləcək: "Bu cür təxribatlar hər zaman ola bilər, lakin bununla Azərbaycana kimsə hər hansı bir ziyan vura bilməz".
Millət vəkili Aydın Mirzəzadə də bu barədə fikirlərini bildirib və vurğulayıb ki, məqsəd Azərbaycanın artan nüfuzuna kölgə salmaqdır: "Kimlərsə Azərbaycanın inkişafı, daxili və xarici siyasətindəki uğurları, o cümlədən, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsindən çox narahatdırlar".
Millət vəkili bunu təkcə texniki təxribat deyil, həm də siyasi təxribat kimi qiymətləndirir. Belə ki, hücuma məruz qalan saytların siyahısı göstərir ki, məqsəd Azərbaycanın dövlət qurumlarının saytlarını, həm də nüfuzlu saytlarını sıradan çıxarmaqdır: "Görünür, burada texniki təxribatla yanaşı, siyasi təxribat istəkləri də var. Çox güman ki, bu prosesi xüsusi tapşırıq almış haker qrupu həyata keçirir".
A.Mirzəzadənin sözlərinə görə, sözügedən qrup Azərbaycanın yeni bir sahə, istiqamət üzrə sınaqdan keçirdi və onların təxribat cəhdləri baş tutmadı. Millət vəkili hesab edir ki, təxribatçı qrupların informasiya texnologiyaları sahəsindəki bundan sonrakı istəkləri də baş tutmayacaq.
R.RƏSULOV