PDF Oxu

Əsas

  • 21

“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”

“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”

Londonda Heydər Əliyev Fondunun və "Bakı" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərginin açılışı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.


Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində xaricdə həyata keçirdiyi tədbirlərinə daha biri də əlavə olundu. Londonun məşhur sərgi və auksion qalereyası hesab edilən Phillips de Pury & Company qalereyasında Heydər Əliyev Fondunun və "Bakı" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə təşkil edilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi Fondun Prezidenti Mehriban Əliyeva və viste-prezidenti Leyla Əliyevanın öz fəaliyyətlərində mədəniyyətimizin təbliğini prioritet istiqamətlərdən biri seçdiklərini bir daha təsdiqlədi. Bu sərginin təşəbbüsü Leyla Əliyevaya məxsusdur, sərginin kuratoru isə Erve Mikaelofdur.

Phillips de Pury & Company şirkətinin rəhbəri Simon de Pürinin sözlərinə görə, ötən ilin yayında həyat yoldaşı ilk dəfə Bakıya səfər edib və səfər zamanı görüşdüyü rəssamlarımızın işinin rəngarəngliyi və həyat ehtirası, keyfiyyəti və orijinallığı onu valeh edib. Nəticədə bu cür sərgini keçirmək qərarına gəlib. Qeyd edək ki, Erve Mikaelof bir sıra nüfuzlu şirkətlərlə iş birliyi qurub və çox sayda dünyaca məşhur uğurlu layihələrin müəllifidir.

London elitasının üzvlərinin qatıldığı bu sərgi ilə Londonda Azərbaycan incəsənətinə göstərilən maraq özünü bir daha aydın şəkildə nümayiş etdirib. Çox sayda müasir rəssamların iştirak etdiyi "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir. Sərginin açılışında çıxış edən Phillips de Pury & Company şirkətinin rəhbəri Simon de Püri belə möhtəşəm tədbirin məhz onun qalereyasında keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür tədbiri məhz Londonda keçirmək çox əlamətdar hadisədir. Simon de Püri sərginin təşkilində Heydər Əliyev Fondunun dəstəyinə görə minnətdarlığını bildirərək, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, fondun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışı maraqla qarşılanıb. Mərasimdə çıxış edən sərginin kuratoru Erve Mikaelof bildirib ki, sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinaillığı ilə seçilir. O, qeyd edib ki, Azərbaycan incəsənətinin dərin tarixi kökləri var və belə tədbirlər onu dünyada daha yaxşı tanıtmağa yardımçı olur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgisi ilə tanış olublar. Qonaqlar gənc rəssam Əli Həsənovun müəllifi olduğu performansı izləyiblər. Təqdimatın məğzi insan həyatından bəhs edir. Rəssam nümayiş etdirir ki, insan doğulandan ölənədək həyatın əziyyətlərinə qatlaşmalı olur.

Londonda keçirilən sərgiyə fəal hazırlaşan Leyla Əliyevanın burada bir neçə əsəri təqdim edilib. Leyla Əliyevanın çəkdiyi müxtəlif nağıl qəhrəmanlarının illüstrasiyaları maraqla qarşılanıb. Onu da deyək ki, bu illüstrasiyalardan gələcəkdə rus ve ingilis dillərində işıq üzü görəcək "Biri var idi, biri yox" nağıl kitabında istifadə ediləcək. Leyla Əliyevanın müəllifi olduğu "Nar, "Nar ağacı", "Həyat davam edir" və digər rəsm əsərləri də orijinallığı ilə iştirakçıların qəlbinə yol tapıb.

Sərgidə bir çox gənc rəssamlarla yanaşı Aida Mahmudovanın əsəri də bənzərsizliyi və üslubu ilə iştirakçıları özünə cəlb edə bilib. Bu əsər də orijinnallığı ilə seçilir. Burada müəllif keçmişi özünün həyatı və təcrübəsində özünün rastlaşdığı hadisə və hissləri indiki zamanda təqdim edir.

Sərgidə tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov, ümumilikdə, 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video kimi müxtəlif istiqamətlərdə yüzlərlə işi təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə diqqət çəkir. Biri-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir arada təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqət çəkib. Sərgiyə qatılanlar sırasında müxtəlif illərdə Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamların, həmçinin, xarici ölkələrdə yaşayan gənc rəssamların, əsərləri beynəlxalq nüfuzlu tədbirlərdə sərgilənən incəsənət insanlarının adları var. Sərgidə nümayiş olunan əsərlər bir daha sübut edir ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişib. Heç şübhəsiz ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı çox sayda uğurlu layihələri də dayanır. Azərbaycan dünya incəsənətinə əvəzsiz töhfələr verib. Ölkəmizin təbliği baxımından bu cür mərasimlərin təşkil edilməsi çox əlamətdar hadisə olmaqla yanaşı, həm də gənc azərbaycanlı rəssamların dünyaya tanıdılmasında da müstəsna rol oynayır. Şübhəsiz ki, bu sərgidə azərbaycanlı müəlliflərin işləri sərgiyə gələnlərin əksəriyyətində müxtəlif hisslər oyadaraq, insan qəlbinin ən incə tellərinə toxunur. Londonda keçirilən sərgiyə hazırlıq işləri çox ciddi olub. Çünki bu, belə genişmiqyaslı və müxtəlif istiqamətli ilk sərgidir.

Tədbir zamanı qonaqlara "Bakı" jurnalının ingilisdilli versiyasının növbəti sayı paylandı.

İlk günlərdən burada nümayiş olunan əsərlərə göstərilən böyük maraq deməyə əsas verir ki, yanvarın 29-na kimi davam edəcək sərgi uğurlu olacaq və London ictimaiyyəti arasında geniş əks-səda doğuracaq.

Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də onu nümayiş etdirdi ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət olub, ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm olaraq tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da dəyərli töhfə payı var. Beləliklə, İngiltərə paytaxtında təşkil edilən sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün daha bir imkan oldu. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləminə qonaq oldu. Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.


ZÜMRÜD

Digər xəbərlər