PDF Oxu

Əsas

  • 15

“Fransa Senatında uydurma “erməni soyqırımı” ilə bağlı qanunun qəbul olunması işğalçı Ermənistana siyasi və mənəvi dəstəkdir”

“Fransa Senatında uydurma “erməni soyqırımı” ilə bağlı qanunun qəbul olunması işğalçı Ermənistana siyasi və mənəvi dəstəkdir”

"Fransa Senatı tərəfindən uydurma "erməni soyqırımını" tanımayanlara qarşı cəza müəyyənləşdirən qanunun qəbul edilməsi siyasi rəzalətdir. Bu hadisə Fransa hakimiyyətinin, bütövlükdə qərb dünyasının Türkiyəyə və İslam dünyasına təzyiqinin bir vasitəsidir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bu məsələ yalnız seçkiyə görə deyil. Onun sözlərinə görə, burada böyük siyasətin izləri görünür.

"Son dövrlərdə yenidən Avropada bəzi qruplar xaç yürüşünün yeni formasını həyata keçirməkdədirlər. Bu, xaç yürüşünün 21-ci əsrdə yeni formada davamıdır. Biz bütün türk dünyasına, müsəlman dünyasına basqını görməkdəyik. Bizim nə etməyimizdən asılı olmayaraq Qərbdə Azərbaycan da daxil olmaqla, müsəlman ölkələrinə qarşı ikili standartlar açıq şəkildə özünü göstərməkdədir" - deyən M.Qurbanlı qeyd edib ki, bu gün Fransa siyasətçiləri bəlkə də, xəritədə Ermənistanın harada olduğunu bilmir. Amma erməni faktorundan yararlanaraq bundan Türkiyəyə qarşı təziyq kimi istifadə etmək istəyirlər.

YAP İcra katibinin müavini bildirib ki, bu gün Türkiyə güclü ölkədir, bu dövlət cavab tədbirləri elan edib və həmin tədbirlər davamlı olacaq. İkincisi, Ermənistan Azərbaycanın 17,2 min kvadrat kilometr ərazisini işğal edib. Bu hadisə isə bir tərəfdən, işğalçı Ermənistana mənəvi dəstəkdir, ikinci tərəfdən Fransanın Minsk Qrupunun həmsədri kimi fəaliyyətini tam şübhə altına alır və ona inamsızlıq yaradır. Üçüncüsü, Fransa xalqının 5-ci respublikasının demokratikliyinə şübhə yaradır.

"Bu cür hərəkətlər dünyanın fundamental əsaslarına zərbə endirir. Bu sənədin qəbul edilməsi BMT-nin, ATƏT-in, Avropa Şurasının prinsiplərinə zərbə endirir. Bu, böyük bir rəzalətdir və bu rəzalətin başında sarkozilər, sənədə səs verən senatorlar, neoiperialistlər dayanır. Bu hadisə istər-istəməz hər bir azərbaycanlıda qəzəb hissi yaradır. Çünki həmin sənədin qəbul olunması işğalçı Ermənistana siyasi və mənəvi dəstəkdir. Azərbaycan tərəfi məsələ ilə bağlı lazımi addımlar atır. Azərbaycan hökuməti möhtərəm Prezidentimizin simasında bu siyasətin doğru olmadığını açıq şəkildə bildirib. Eyni zamanda, cəmiyyətimiz müxtəlif formalarda bu məsələyə etiraz edib. Azərbaycan tərəfi bu məsələdə Fransanın ermənilərə dəstək verməsini onun Minsk qrupundakı fəaliyyətini şübhə altına aldığını birmənalı şəkildə bildirib. Bundan sonrakı addımlar da hökumətimizin siyasətində özünü göstərəcək"- deyə M.Qurbanlı vurğulayıb.

Digər xəbərlər