Dünyanın hansı bir nöqtəsindən Azərbaycana nəzər salsaq, bu məkanın bütün sahələrində baş verən sıçrayışlar diqqətdən kənarda qalmır. Bu dəyişikliklərin qısa bir zamanda reallaşması dövlət tərəfindən həyata keçirilən islahatların, dövlət proqramlarının, layihələrin icrasının məntiqidir. Bütün bunlar 20 illik məsafədə - Azərbaycanın müstəqillik dövrü ərzində əldə edilən nailiyyətlər cərgəsində özünü büruzə verir. Azərbaycan öz imicini dəyişib, sürətlə inkişaf edən ölkəyə çevrilib. Bu mənzərənin fonunun dəyişməsində Ümummilli Lider Heydər Əliyevin amalının davamçısına çevrilən Heydər Əliyev Fondunun da payı var. Qədim tarixə və zəngin milli- mədəni dəyərlərə malik olan ölkəmizin tanıdılması və təbliği baxımından gördüyü işlər diqqətdən kənarda qalmır. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrə beynəlxalq miqyasda da kifayət qədər ciddi maraq vardır.
Məlumdur ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət və qayğı göstərilmişdir. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, sənət adamları üçün azad yaradıcılıq imkanlarının təmin edilməsi istiqamətində müntəzəm surətdə həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirmişdir. Təsadüfi deyildir ki, Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması, Beynəlxalq Muğam Mərkəzinin inşası və s. ideyası da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq festivalların ölkəmizdə, eləcə də, dünya ölkələrində keçirilməsi milli dəyərlərimizin dünyada tanıdılmasına böyük imkanlar yaradır. Belə ki, Beynəlxalq Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam Müsabiqəsi, Beynəlxalq Mstislav Rostropoviç Festivalı və s. ölkəmizdə təşkil olunan irimiqyaslı tədbirlər sırasındadır. Ölkəmizə səfər edən qonaqlar Azərbaycanda olan inkişafa, milli mədəniyyətə olan diqqəti vurğulamaqla yanaşı, bu ölkənin tarixi köklərinə də heyrətlərini ifadə edirlər. Dünya ölkələrində milli mədəniyyətimizin, dəyərlərimizin təbliği xüsusilə qeyd olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə Azərbaycana həsr olunmuş sərgi Azərbaycanın rəmzlərindən biri olan Qız qalasına həsr edilmişdir. Ekspozisiyada "Qız qalası" beynəlxalq incəsənət festivallarında nümayiş etdirilən əsərlər yer almışdır. Bu əsərlərin hamısını bir ideya birləşdirir: dünyanın mədəni irsini qorumaq.
Parisdə ölkəmizin bugünkü inkişafı, tarixi və mədəniyyətinin təbliği qədim Azərbaycanın, onun paytaxtı Bakının və ölkəmizin bütün regionlarının sürətlə inkişaf etdiyini, gözəlləşdiyini, müasirləşdiyini diqqətə çatdırır. Azərbaycanın milli musiqi alətləri də maraqla izlənilir. Bu alətlərin nümayişi onların məhz Azərbaycan xalqına mənsubluğunu bir daha sübut edir. Bu nümayiş həm də Azərbaycan musiqi alətlərinin dünyada təbliği baxımından da çox önəmlidir.
Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan "Azərbaycan" nəşrinin fransız dilində versiyasının qeyri-millətlərə təqdimatı da ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərinin sahillərində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir. Belə sərgilərin təşkili həm də Azərbaycanla dünya ölkələrinin dostluq əlaqələrinin möhkəmlənməsində önəmlidir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisini də görülən işlərin məntiqi davamı kimi qeyd etməliyik. "Odlar yurdu Azərbaycanın müasir əsərləri" parisli tamaşaçıları özünün ritmi, plastikası və forması ilə cəlb edib. Parlaq və orijinal ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verib. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir arada təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurub. Dünya ölkələrində fond tərəfindən təşkil edilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən bütün tədbirlər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.
Bu günlərdə Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin sırasına daha biri əlavə olunmuşdur. Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgi təşkil olunub. London elitasının üzvlərinin qatıldığı bu sərgi Britaniya paytaxtında Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdirir. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak etdiyi "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir. Mehriban xanım Əliyevanın Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir. Mehriban xanım Əliyeva sərgi ilə bağlı bel demişdir: "Burada sərgilənən dinamizm və yaradıcılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir. Müstəqil Azərbaycan nisbətən cavan ölkədir. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd etdik. Bu qədər cavan olmağımıza baxmayaraq, bizim qədim tariximiz vardır. Azərbaycan müsəlman Şərqində ilk ölkədir ki, burada 1918-ci ildə qadınlar səsvermə hüququ qazanmış, 1901-ci ildə müsəlman qızlar üçün ilk məktəb tikilmişdir. Azərbaycan, eyni zamanda, Şərqdə ilk opera və baletin səhnələşdirildiyi ölkədir".
Hal-hazırda Londonda təqdim olunan "Bakıya uçuş" adlı sərgi böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan sənətini nümayiş etdirən sərgi London kimi gözəl bir şəhərdə keçirilir. Londonda bu tədbirin keçirilməsi Azərbaycan təsviri sənəti üçün bütün dünyaya yeni qapılar açır. Azərbaycan təsviri incəsənəti bütün dünyaya tanıdılır. Bu sahədə də Heydər Əliyev Fondunun rolu böyükdür. Beləliklə, sərgi Azərbaycan mədəniyyətinin bənzərsizliyinin nümayişi üçün daha bir imkandır. Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.
Bu gün Davosda ümumdünya iqtisadi forumu çərçivəsində Azərbaycan incəsənəti və mədəniyyəti ilə bağlı sərginin təşkili də Azərbaycan milli dəyərlərinin, sənətinin beynəlxalq arenada təbliği istiqamətində əhəmiyyətlidir. Sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Davos Forumunda Türkiyəni baş nazirin müavini Əli Babacanın rəhbərliyi altında nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətində Avropa Birliyi işləri üzrə nazir Egemen Bağış, maliyyə naziri Mehmet Şimşek, ailə işləri üzrə nazir Fatma Şahin, Mərkəzi Bankın sədri Erdem Başçı təmsil olunacaq. Sərgidən başqa qonaqlara Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı da qazandırılacaq. Forum 25-29 yanvar tarixlərində gerçəkləşəcək. Belə tədbirlər mədəniyyətə, sənətə heç bir məhdudiyyət qoyulmadığını göstərməklə yanaşı, yaradıcı şəxslərin əsərlərinin təbliği baxımından da əhəmiyyətlidir. Bu tədbirlər bir daha onu da təsdiqləyir ki, sənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir.
NƏZAKƏT ƏLƏDDİNQIZI