Azərbaycan ictimaiyyəti dəfələrlə "Freedom House", "Human Ritch Watch", "West Mister" və bu kimi müxtəlif xarici qeyri-hökumət təşkilatlarının qeyri-obyektiv hesabatlar təqdim etmələri çərçivəsində, ölkədə gedən sürətli inkişafa, nəhəng layihələrin reallaşmasına və demokratik islahatlara qərəzli nəzər saldıqlarının şahidi olub. Təəssüflər olsun ki, bu cür qeyri-normal və bilavasitə beynəlxalq normalara, standartlara cavab verməyən hesabatların səsləndirilməsi arxasında kimlərin və hansı məqsədlərin dayanması isə heç kimə sirr deyil.
Bu və bu kimi məsələlərə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov mətbuata verdiyi açıqlamasında bildirib ki, əslində, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət bir neçə ildir ki, "Freedom House" təşkilatı tərəfindən hazırlanan hesabatlarda təhrif edilir: "Bu təhriflər təsadüfi deyil, çünki illərlə təkrar edilən hesabat təsadüf ola bilməz. Hər bir dövlətdə insan haqları ilə bağlı vəziyyətin barometri həmin dövlətin əhalisinin münasibəti və baxışlarıdır. Azərbaycandakı sabitlik, inkişaf, vətəndaşların hökumətin həyata keçirdiyi siyasətə yüksək etimadı və inamı ölkənin insan haqları ilə bağlı durumunu qiymətləndirmək üçün ən başlıca kriteriya olmalıdır".
YAP-ın İcra katibi xüsusilə onu da qeyd edib ki, dəfələrlə "Freedom House" təşkilatı tərəfindən Azərbaycanda insan haqları ilə bağlı yayılan hesabatlarda qeyri-obyektivliklər yer alıb və həmin qeyri-obyektivliklər haqqında faktlar mövcuddur: "Bu qeyri-obyektivliyi sübut etmək üçün kifayət qədər faktlar və sübutlar da gətirilib. "Freedom House" öz qeyri-səhih hesabatlarının hazırlanması zamanı o qədər də ciddi olmayan mənbələrə üstünlük verir".
Əli Əhmədovun fikirlərindən bir daha bəlli olur ki, burada ölkə müxalifətinin radikal kəsiminin də rolu mövcuddur. Belə ki, bu təşkilatla əlbir olanlar Azərbaycanın mənafeyini satırlar.
RÖVŞƏN RƏSULOV