PDF Oxu

Əsas

  • 25

“Eurovision-2012” Mahnı Müsabiqəsi...

“Eurovision-2012” Mahnı Müsabiqəsi...

Müsabiqədə iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərin rekordunu təkrarlayır

Dünyanın diqqət mərkəzində olan "Eurovision" Mahnı Müsabiqəsi 1956-cı ildən başlayaraq ən gözəl musiqi nömrələri ilə yadda qalıb. Bu təntənəli musiqi bayramı dünyanın müxtəlif ölkələrində keçirilib. Belə bir möhtəşəm layihənin təşkili isə bu il Azərbaycana nəsib oldu. Keçirildiyi zaman məsafəsində "Eurovision"un əhatə dairəsi xeyli genişlənmişdir və hazırda müsabiqənin coğrafiyası Olimpiya Oyunları ilə təxminən eyni hesab olunur.

Ötən il Azərbaycan təmsilçilərin müsabiqədəki qalibiyyəti layihənin Azərbaycanda keçirilməsinə səbəb oldu. Azərbaycan artıq "Eurovision-2012" Mahnı Müsabiqəsinə ev sahibliyin rəsmi şəkildə qəbul edildi. Bu möhtəşəm layihənin icrasının yüksək səviyyədə keçirilməsi ölkə daxilində aparılan hazırlıq işlərindən bəllidir. "Eurovision-2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers tərəfindən müsabiqənin rəmzi açarının Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edilməsi artıq yarışmanın bütövlükdə məsuliyyətinin Bakı üzərinə köçürülməsi deməkdir. Təbii ki, müsabiqəyə hazırlıq böyük əmək və məsuliyyət tələb etsə də, Bakı müsabiqəyə layiqli şəkildə hazırlaşır. Təşkilati işlər də öz qaydasında aparılır. Azərbaycanın dünya dövlətlərində nüfuzu, eləcə də, onun potensialı, mədəniyyəti, iqtisadi durumu bu dövlətə maraq hissinin güclü olduğundan xəbər verir. Belə ki, "Eurovision" layihəsinin rəhbəri Yan Ola Sandın sözlərinə görə, ötən illərdə müsabiqəyə qatılmayan ölkələr builki yarışmada iştirak edəcəklər. Bu, yaxşı göstəricidir. Onun sözlərinə görə, bu Azərbaycanda keçiriləcək yarışmaya marağın yüksək olduğuna işarədir. Belə ki, ötən il yarışmaya qatılmamış İtaliya, Macarıstan, Avstriya təmsilçiləri də Bakı müsabiqəsinin iştirakçıları arasında olacaqlar. "Eurovision" Mahnı Müsabiqəsində son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi də builki yarışmada iştirak edəcək. "Eurovision" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərdəki rekordu təkrarlamışdır.

"Eurovision-2012" Mahnı Müsabiqəsinin səhnəsində Azərbaycan öz mədəniyyətini, Avropaya inteqrasiyasını yüksək səviyyədə əks etdirəcək bir şou nümayiş etdirəcək. Ölkə daxilində görülən işlər, insanlardakı əhval-ruhiyyə bunu söyləməyə əsas verir. "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı həyata keçirilən bütün tədbirlər Azərbaycan rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir. Sözsüz ki, məsuliyyət və diqqət möhtəşəm musiqi bayramı ilə bağlı təəssüratları zənginləşdirəcək. Bakının gözəlliyi, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaqlar. "Brainpool" TV-nin rəhbəri Jörg Graboschun sözləri ilə desək, müsabiqənin Bakıda keçirilməsi Azərbaycan üçün böyük fürsətdir ki, öz mədəniyyətini, ölkəsini Avropaya, bütün dünyaya tanıtsın. Çoxları Azərbaycanın Avropaya yaxınlığından, onun gözəl mədəniyyətinin olmasından xəbərsizdir. TV-nin rəhbəri builki "Eurovision" Mahnı Müsabiqəsi yarışması indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacağını qeyd edib.

Müsabiqənin konsepsiyasının təqdimatı vacib şərtlərdən hesab olunur. Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı ölkənin tarixi mədəniyyətini, varlığını, milli dəyərlərini özündə ehtiva edir. Odlar Yurdu Azərbaycanda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzların təsviri ölkəmizlə bağlı çox məqamları diqqətə çəkir. Belə dəyərləri özündə yaşadan Azərbaycanda "Eurovision-2012" Mahnı Müsabiqəsi "Light your fire" (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcək.

Layihənin rəhbəri tərəfindən Azərbaycanda görülən hazırlıq işlərinə yüksək qiymət verilib. O, bu diqqətə görə, göstərilən bütün dəstəyə görə "Eurovision" müsabiqəsinin təşkilatçıları adından Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan tərəfinin yüksək peşəkarlıq nümayiş etdirməsindən məmnun qalıb.

Qeyd edək ki, mayın 22 və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.


ZÜMRÜD

Digər xəbərlər