"Fransa Senatı tərəfindən qəbul olunan qanunla bağlı Azərbaycan Parlamenti, eyni zamanda ayrı-ayrı komitələr, Milli Məclis üzvləri, Yeni Azərbaycan Partiyasının və partiyanın Gənclər Birliyi tərəfindən demək olar ki, hər bir senatora müraciətlər göndərilib. Bu məsələ ilə bağlı kifayət qədər mövqe ortaya qoyulub". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.
Millət vəkili qeyd edib ki, bəzi mətbuat orqanları Azərbaycan Parlamentinin, hökumətinin, dövlətinin, ayrı-ayrı siyasi xadimlərin, o cümlədən parlament üzvlərinin bu cür ardıcıl şəkildə atdığı konkret addımların üzərinə kölgə salmağa cəhd edirlər: "Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinə ləkə salmaq üçün ayrı-ayrı məqalələr yazırlar, müxtəlif yerlərə məlumatlar ötürürlər. Mən hesab edirəm ki, bu məsələlər qətiyyətlə pislənilməlidir. Bu nöqtədə iqtidar-müxalifət söhbəti olmamalıdır. Heç kim öz şəxsi maraqlarına uyğun hərəkət etməməlidir. Hamı eyni nöqtədən, eyni mərkəzdən qaynaqlanan, eyni xətt üzrə fikirlər irəli sürməlidir. Bu gün də Azərbaycan dövləti, hökuməti, Parlamenti bu addımları atır. Nəinki bu mövzu ilə, həmçinin istənilən mövzu ilə bağlı həmişə Azərbaycan parlamenti Türkiyənin yanında olub, ölkələrimizin mövqeləri həmişə üst-üstə düşüb, bir nöqtəyə vurub. Biz hesab etmirik ki, bu təkcə Türkiyənin məsələsidir, bu həm də Azərbaycanın məsələsidir. Bu məsələni biz ciddi şəkildə nəzarətdə saxlayırıq, ardıcıl, hüquqi cəhətdən tənzimlənmiş addımlarla öz fikirlərimizi bildiririk, dəstəyimizi nümayiş etdiririk".
Milli Məclisin spikeri Oqtay Əsədov Siyavuş Novruzovun fikirlərini dəstəklədiyini bildirib və qeyd edib ki, Azərbaycan tərəfi bu məsələdə Türkiyəyə dəstək verir və bu dəstəyi kimlərəsə nümayiş etdirmək üçün vermir: "Bu addımlarımızı ürəkdən atmışıq və bundan sonra da belə edəcəyik. İndi biz səbir edək, görək, Fransa Konstitusiya Məhkəməsinin qərarı necə olacaq".