PDF Oxu

Əsas

  • 9

Diqqət və qayğının bariz nümunəsi

Diqqət və qayğının bariz nümunəsi

Azərbaycan rəhbərliyi tərəfindən gənc nəslə olan qayğı hər zaman diqqət mərkəzində olmuş və bu amil hazırda günü- gündən daha artıq hiss olunmaqdadır. Ulu Öndər Heydər Əliyevin gəncliyə verdiyi qiymətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə rəhbərliyinin daim gənclərə verdiyi önəmin bariz təcəssümüdür. Fevral ayının 2-sinin respublikamızda Azərbaycan Gənclər Günü elan olunması da özündə bu kimi dəyərləri ehtiva edir. Belə ki, Azərbaycan gəncləri 1997-ci ildən bəri hər il fevral ayının 2-sini Gənclər Günü kimi qeyd edir. Belə ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər Günü elan edilmişdir.

Hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və onun rəhbəri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyətini qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır. Bu il keçiriləcək "Evrovision" Mahnı Müsabiqəsinin təşkilat komitəsinə Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təyin olunması fondun ölkənin ictimai-siyasi həyatındakı rolunu aydın əks etdirir. Heydər Əliyev fondunun hər zaman diqqət mərkəzində saxladığı kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Mehriban xanımın təşəbbüsü ilə hər il irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyaları təşkil olunur, xəstə və imkansız vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirilir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi xoşməramlı işlərdən biri də Azərbayan Gənclər Günü ərəfəsində paytaxtımızın Səbail rayonunda valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədov üçün toy mərasiminin keçirilməsinə hərtərəfli dəstək göstərilməsi olmuşdur. Səbail rayon sakini, yetkinlik yaşına çatmayan Tofiq Əhədov icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən himayəyə alınmış, onun yaşayışına, təhsilini başa vurmasına, sonradan isə işlə təmin olunmasına köməklik göstərilmişdir.

Mərasimin Azərbaycan Gənclər Günü ərəfəsində keçirilməsi səbailli gənclərin sevincini daha da artırmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə "Neolit" şadlıq sarayında təşkil olunan gözəl bayrama həsr olunmuş təntənəli tədbirdə rayonun istehsalatda, təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri və çoxsaylı qonaqlar dəvət olunmuşdur.

Heydər Əliyev Fondunun nümayəndələri Məhəbbət Mehdiyeva və İlqar Mustafayev iştirak etmişlər. Fondun nümayəndəsi M.Mehdiyeva çıxışında qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı, 1996-cı il fevralın 2-də imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.

Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiqi, Gənclər Fondunun yaradılması həmin işlərin bir hissəsidir.

Yeniyetmə və gənclərlə aparılan işlər həm də Heydər Əliyev Fondunun və onun rəhbəri millət vəkili Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Fondun və onun Prezidenti Mehriban xanım Əliyevanın gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə, kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bugünkü mərasimin keçirilməsi də bu istiqamətdə görülən işlərdən biridir və mərasimin keçiriləməsi ilə bağlı bütün hazırlıq və təşkilati məslələr Heydər Əliyev Fondu tərəfindən görülmüşdür. Fondun nümayəndələri yeni ailə həyatı quran gənclər - Tofiq və Elinanı Heydər Əliyev Fondu və Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adından təbrik etmiş, onlara xöşbəxtlik və ailə səadəti arzulamış və Heydər Əliyev Fondu tərəfindən gənc ailəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Gənc Tofiq Əhədov ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Tədbirdə Səbail rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatmışdır.

Fürsətdən istifadə edərək, biz də "Səs" qəzeti adından yeni ailə qurmuş gənclərə ən xoş arzularımızı çatdırır, onlara "xoşbəxt olun" deyirik.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər