PDF Oxu

Əsas

  • 13

YAP Gənclər Birliyinin ofisində Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumununnümayəndə heyəti ilə görüş keçirildi

YAP Gənclər Birliyinin ofisində Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumununnümayəndə heyəti ilə görüş keçirildi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə Makedoniya Türk Demokratik Partiyası Gənclik Forumunun nümayəndə heyəti ölkəmizə səfər edib. Nümayəndə heyətinə Makedoniya Türk Demokratik Partiyası Gənclik Forumunun sədr müavini Fuad Hacı Eyyub, Gənclik Forumunun katibləri Yusif Acrulla və Ümid Rəcəb daxildir. Qonaqlar dünən Fəxri Xiyabana gedərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirib, məzarın önünə gül dəstələri düzüblər. Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun üzvləri, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş insanların xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Azərbaycanda səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun nümayəndə heyəti ilə dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində görüş keçirilib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov Makedoniyadan gəlmiş türk gənclərinin Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. S.Orucov Türk Demokratik Partiyasının Gənclik Forumunun üzvlərinə müasir Azərbaycan gəncliyinin həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandıqları uğur və nailiyyətlər barədə məlumat verib. Partiyanın Gənclər Birliyinin sədri bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. O, bu gün gənclərin xarici ölkələrdə təhsil alması, xaricdə ölkəmizi şərəflə təmsil etdiklərini diqqətə çatdırıb.

S.Orucov YAP gənclərinin geniş beynəlxalq əlaqələrə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu səfər makedoniyalı gənclərlə əməkdaşlıq üçün böyük imkanlar açır: "Biz bir sıra dövlətlərin siyasi partiyalarında təmsil olunan gənclərlə fəal əməkdaşlıq edirik. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimiz mövcuddur. YAP Gənclər Birliyi olaraq bir sıra layihələr həyata keçiririk. Bunlardan yay və qış məktəblərini misal göstərmək olar. Eyni zamanda, beynəlxalq konfranslar keçirmişik ki, həmin tədbirlərdə müxtəlif ölkələrdən gənc siyasətçilər iştirak ediblər. Bu istiqamətdə fəaliyyətimizi, layihələrimizi davam etdiririk". YAP Gənclər Birliyinin sədri Azərbaycanda gənclərə yüksək dövlət qayğısı olduğunu da qonaqların diqqətinə çatdırıb. O, qeyd edib ki, dövlətimiz gəncliyin imkanı üçün bütün imkanları yaradıb: "Müəyyən dövlət strukturları var ki, gənclərlə iş üzrə fəaliyyət göstərir. Eyni zamanda, gənclərlə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Bundan əlavə, ölkə Prezidenti tərəfindən gəncliyin inkişafı ilə əlaqədar dövlət proqramları qəbul olunub. Ötən il ölkə Prezidenti tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul olunub. Bu proqramda gənclərin sosial problemlərinin həllindən tutmuş digər məqamlaradək öz əksini tapıb. 2012-ci il isə Azərbaycanda "İdman ili" elan olunub ki, bu da gənclərimiz üçün mühüm hadisədir. Çünki gəncliyimizin sağlam ruhda böyüməsi üçün ölkəmizdə idmanın inkişafına da xüsusi diqqət yetirilir".

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov isə təşkilatın beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. O, YAP-ın gənclərinin bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etidyini xatırladıb. Buna nümunə kimi, o, Avropa Demokrat Tələbə Gənclər Təşkilatı və Avropa Xalqları Partiyasının gənclər təşkilatı ilə əməkdaşlıq əlaqələri qurub: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi beynəlxalq əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Makedoniya Türk Demokratik Partiyası Gənclik Forumunun nümayəndə heyətinin ölkəmizə səfəri də bu əməkdaşlığın nümunəsidir". R.Məmmədov bildirib ki, YAP Gənclər Birliyinin dəvəti ilə reallaşan bu səfər hər iki tərəf üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, partiyaların gənclər təşkilatları sıx əlaqələr qurmağa qərarlıdır və əməkdaşlıq qarşılıqlı təcrübələrin öyrənilməsi baxımından vacibdir. "Ona görə də, biz YAP Gənclər Birliyi olaraq Makedoniya Türk Demokratik Partiyası Gənclik Forumunun nümayəndələrinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Hesab edirəm ki, partiyalarımızın gəncləri arasında əlaqələr davamlı olacaq və yüksələn xətlə inkişaf edəcək"- deyə YAP Gənclər Birliyinin sədr müavini qeyd edib. Nümayəndə heyətinin üzvləri - Türk Demokratik Partiyasının Gənclik Forumunun sədr müavini Fuad Hacı Eyyub, forumun katibləri Ümid Rəcəb və Yusif Acrulla bu görüşün gələcək əməkdaşlıq üçün böyük imkanlar yaradacığından əminlik olduqlarını bildirmişlər. Qonaqlar Azərbaycan-Makedoniya gəncliyi arasında bundan sonra daha geniş əlaqələr qurulması, təmsil etdikləri partiyanin Gənclik Forumu ilə YAP Gənclər Birliyi arasında əlaqələrin inkişaf etdirilməsində iş görəcəklərini diqqətə çatdırıblar. "Azərbaycana səfərimiz, ilk növbədə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əlaqələri gücləndirmək məqsədi daşıyır". Bu fikri ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Gənclik Forumunun sədr müavini Fuad Hacı Eyyub deyib. Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduğunu deyən qonaq Azərbaycana ilk dəfə səfər etdiklərini, Bakının çox gözəl olduğunu və şəhərin yüksək inkişaf dövrünü yaşadığını vurğulayıb. "Biz burada Makedoniyadakı bütün türk dostlarımızı təmsil edirik. Səfərimiz zamanı YAP Gənclər Birliyi və digər gənclər təşkilatları ilə görüşlər keçirib qarşılıqlı əməkdaşlığı müzakirə edəcəyik. Düşünürük ki, birlikdə yeni layihələr həyata keçirək. Hədəfimiz Avropa Parlamentinə qatılmaqdır. Bütövlükdə isə, gələcəkdə daha çox qarşılıqlı səfərlər etməyi məqsədəuyğun sayırıq. Ən qısa zamanda YAP Gənclər Birliyinin nümayəndə heyətinin də Makedoniyaya səfər etməsini gözləyirik. Ümumiyyətlə, YAP Gənclər Birliyi ilə əməkdaşlığımızın çox perspektivli və uğurlu olacağını düşünürəm"- deyə Makedoniya Türk Demokratik Gənclik Forumunun sədr müavini vurğulayıb. Makedoniya Türk Demokratik Gənclik Forumunun katibi Ümid Rəcəb də Azərbaycan səfər etməkdən məmnunluğunu ifadə edib: "Bu səfəri etməkdən çox məmnunuq. Azərbaycanlı dostlarımızı görməkdən çox sevindik. İnanıram ki, əlaqələrimiz gələcəkdə daha da güclənəcək. Biz Makedoniyada türk gəncliyini təmsil edirik. Orada Osmanlıdan qalan dəyərləri qoruyur və yaşadırıq. Türk olaraq qardaş azərbaycanlı gənclərlə əlaqələrə xüsusi əhəmiyyət veririk". Təşkilatın digər katibi Yusif Acrulla isə təmsil etdiyi partiya haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Makedoniyada 80 min türk yaşayır: "Biz partiyamızda türk gənclərini birləşdiririk və onların bu ölkənin siyasi həyatında fəal olmasına çalışırıq. Hazırda Makedoniya parlamentində partiyamızı bir nəfər təmsil edir. Hökumət tərkibində də bir nazir təmsilçimiz var".

Qonaqlara hədiyyələr təqdim edildikdən sonra, xatirə şəkli çəkdirildi.

R.KAMALQIZI

Digər xəbərlər