PDF Oxu

Əsas

  • 9

Tanınmış ictimai xadim Lidiya Rəsulova son mənzilə yola salınıb

Tanınmış ictimai xadim Lidiya Rəsulova son mənzilə yola salınıb

Fevralın 6-da tanınmış ictimai-siyasi xadim, uzun illər respublikamızda müxtəlif rəhbər vəzifələrdə çalışmış Lidiya Rəsulova ilə vida mərasimi keçirilib. Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans salonunda matəmsayağı bəzədilmiş postament üzərinə qoyulub. Mərhumun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülüb. Vida mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərək Lidiya Rəsulovanın əsl şərəfli ömür yolu keçməsindən, tutduğu bütün vəzifələrdə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməsindən insanlara səmimi münasibətindən danışıblar. Bildirilib ki, hər hansı vəzifədə çalışmasından asılı olmayaraq o, həmişə insani keyfiyyətləri, bacarığı, biliyi ilə ətrafındakılara nümunə göstərərək, ehtiyacı olanlardan köməyini əsirgəməyib. Vurğulanıb ki, Lidiya Rəsulovanın fəaliyyəti ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətin həyatında fəal iştirakının təmin edilməsinə yönəlmiş siyasətinin nəticələrinin parlaq nümunələrindən biridir. Müstəqillik illərində təhsil naziri kimi məsuliyyətli vəzifəni şərəflə yerinə yetirmiş Lidiya Rəsulova həm də Azərbaycanın qadın hərəkatında fəal rol oynayıb. Daim bu hərəkatın öncüllərindən biri olan Lidiya Rəsulova bütün qadınlarımızın cəmiyyətdə layiqli yerini tutmasına səy göstərib. Lidiya Rəsulova dövlət qulluğunda çoxillik fəaliyyətini tamamladıqdan sonra da xalqımıza xidmət işini davam etdirib. Onun rəhbərliyi altında fəaliyyət göstərən Gender Araşdırmaları Mərkəzi bu sahədə ilk qurumlardan biri kimi müstəsna rol oynayıb. O, apardığı tədqiqatlarla gender məsələlərini bir elm səviyyəsinə qaldırmış, öz ətrafında güclü həmfikirlər kollektivi yarada bilmişdi. Onun keçirdiyi maraqlı görüşlər, "dəyirmi masa"lar, elmi-praktiki konfranslar yüksək peşəkar səviyyəsi ilə seçilirdi. Qeyd edilib ki, dövlətimiz Lidiya Rəsulovanın xidmətlərini həmişə yüksək qiymətləndirib, o, bir sıra orden və medallarla təltif olunub, müstəqil Azərbaycan respublikasının "Şöhrət" ordeninə layiq görülüb. Diqqətə çatdırılıb ki, Azərbaycanın görkəmli qadınları sırasında layiqli yer tutmuş Lidiya Rəsulovanın əziz xatirəsi daim qədirbilən xalqımız tərəfindən hörmət və ehtiramla anılacaq. Mərhumun ailəsi adından çıxış edən Emin Rəhimov Lidiya Rəsulovanın xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Sonra tanınmış ictimai xadimin cənazəsi son mənzilə yola salınıb. Mərhum Fəxri xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Digər xəbərlər