"Azərbaycanla Fransa arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2011-ci ilin 10 ayında 4,4 milyard ABŞ dolları həcmində olub. Bu göstərici 2010-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Hazırda Azərbaycanda Fransanın 40 şirkəti çalışır və bu göstərici iqtisadi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir".
AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov fevralın 6-da ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib.
Azərbaycanla Fransa arasında əlaqələrin dərin köklərə malik olduğunu vurğulayan O.Əsədov bu səfərin ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyini bildirib.
Milli Məclisin sədri deyib ki, fransalı senatorların səfərləri çox önəmli bir dövrə təsadüf edir: "Bəzi məsələlər var ki, onlara hökmən toxunmalıyıq. Bilirsiniz ki, Milli Məclis qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanunun Fransa Senatında qəbulu ilə əlaqədar bu ölkənin parlamentinə etiraz məktubu göndərib. Mən Fransa parlamentinin qəbul etdiyi qanunu müzakirə etmək istəmirəm. Ancaq deməliyəm ki, bu cür qanunun qəbulu demokratiyanın beşiyi olan Fransanın imicinə zərbədir. Düzdür, bəziləri deyirlər ki, bu qanunun Azərbaycana aidiyyəti yoxdur. Ancaq bu, belə deyildir. Xocalı soyqırımını unudub Ermənistanı dəstəkləyən belə bir qanunun qəbulu çox böyük fəsadlara səbəb ola bilər". Oqtay Əsədov bu qanunun qəbul edilməsinə etiraz edən senatorlara və Milli Assambleyanın üzvlərinə minnətdarlığını bildirmiş və demişdir ki, qanuna etiraz edənlər bu yolla demokratik prinsiplərə sadiq olduqlarını bir daha nümayiş etdirib: "İnanırıq ki, Fransa Konstitusiya Şurası da obyektiv qərar qəbul edəcək. Cılız ambisiyalara görə, belə məsələlər ortaya çıxartmaq zənnimizcə düzgün deyil". Xanım Natali Qule göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, yenidən Azərbaycanda olmaqdan məmnun qaldığını bildirmişdir. Qeyd olunub ki, Fransa Senatının üzvlərinin Azərbaycana səfərləri bir neçə ay əvvəl nəzərdə tutulub. N.Qule deyib: "Biz dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıyıq. Fransa Senatında qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunmuş qanunun Azərbaycan xalqı tərəfindən narazılıqla qarşılanmasını da yaxşı başa düşürük. Ona görə də hesab edirik ki, parlament tarixi araşdırmamalıdır".