Bu gün istər ictimaiyyətdə, istərsə də müxtəlif siyasi dairələrdə Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş üçtərəfli görüşü geniş müzakirə predmeti olaraq qalmaqdadır. Belə ki, bir çox yerli-xarici siyasi analitiklər, politoloqlar və ekspertlər hesab edirlər ki, bütövlükdə, Soçi görüşü Azərbaycanın maraqlarının təmini baxımından müəyyən əhəmiyyətə malik olan görüş kimi dəyərləndirilməlidir və bu amil prezidentlərin Soçi görüşünün yekunları ilə bağlı birgə bəyanatında da yetərincə öz əksini tapmışdır.
Qəbul olunmuş birgə bəyanatda qeyd edilir ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasında irəliləyiş əldə olunub: "Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla, əsas prinsiplər üzrə razılaşmanın əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər".
"HÜRRİYET": "MEDVEDEV 4 İLLİK HAKİMİYYƏTİNİ QARABAĞ PROBLEMİNİ HƏLL ETMƏKLƏ YEKUNLAŞDIRMAQ İSTƏYİR"
Bəyanatda bildirilir ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrinin vasitəçilik missiyasını yüksək dəyərləndiriblər və ümidvar olduqlarını bildiriblər ki, Minsk Qrupu bundan sonra da regionda sabitlik və sülh tam bərqərar olunanadək, nizamlamada aktiv rol oynayacaq.
Qeyd edək ki, görüş ilə bağlı Türkiyənin "Hürriyet" qəzetinin yazdığına görə, Rusiyada mart ayında keçiriləcək seçkilərdə prezident kürsüsünü Vladimir Putinə qaytarmağa hazırlaşan hazırkı prezident Dmitri Medvedev sonuncu arzusunu gerçəkləşdirməyə səy göstərir. Yəni Medvedev 4 illik hakimiyyətini Qarabağ problemini həll etməklə yekunlaşdırmaq istəyir. O, məhz bunun üçün Azərbaycan və Ermənistan prezidentləri ilə birgə Soçidə görüş təşkil edib və həmin görüşdə bu arzusunun reallaşdırılması üçün göstərdiyi cəhdlərini gizlətməyib.
Soçi şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı isə D.Medvedev bunları deyib: "Keçmiş Sovet İttifaqı ərazisində həll edilməmiş çoxlu konfliktlər var, amma Qarabağ probleminin dialoq yoluyla həll edilə biləcək yeganə problem olduğuna inanıram. Məhz bunun üçün də prezidentləri təkrar görüşdürmək qərarına gəldim".
"Hürriyet" qəzeti, həmçinin, yazır ki, Dağlıq Qarabağ problemiylə bağlı Azərbaycan və Ermənistan tərəfi yeni həll variantını müzakirə ediblər ki, bu da "Berns planı" ətrafında aparılan danışıqlardır. Qeyd edək ki, hələ 2010-cu ildə açıqlanan yenilənmiş Madrid prinsiplərinə yaxın olduğu bildirilən "Berns planı"nın şərtlərinə görə, Ermənistan ilk mərhələdə 7 rayonun yerinə 5 rayonu boşaltmalıdır. Xatırladaq ki, yeni "Berns planı"nı ABŞ-ın xarici işlər nazirinin müavini Uilyam Berns hazırlayıb. U.Berns məsələylə bağlı 9 yanvarda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və rusiyalı rəsmilərlə görüşüb. "Hürriyet" qəzetinin verdiyi xəbərə görə, Türkiyə tərəfi, ümumilikdə, "Berns planı"na müsbət yanaşır.
XALQ DİPLOMATİYASINA TƏKAN VERİLƏCƏKMİ?
Həmçinin, Soçi görüşündə yaşanan daha bir yenilik isə ondan ibarətdir ki, Rusiya Azərbaycanla Ermənistan arasında xalq diplomatiyasının genişlənməsinə təkan vermək istəyir. Daha dəqiq desək, rəsmi Kreml Azərbaycanla Ermənistan arasında humanitar təmasların artmasında maraqlı olduğunu gizlətmir. Lakin bu istək nə qədər həqiqətə uyğu olacağını əməli işlərlə göstərməlidir. Məsələ bundadır ki, Azərbaycanla Ermənistan arasında xalq diplomatiyası Rusiyanın vasitəçiliyi olmadan da bir neçə dəfə baş tutub. Lakin tez-tez dəyişən siyasi hadisələrin gedişi göstərir ki, xalq diplomatiyası Dağlıq Qarabağ münaqişənin ədalətli həllini sürətləndirəcək gücdə deyil. Çünki xalqlar arasında etibarın, inamın və ümidin yaranması üçün ilkin şəkildə işğal altındakı torpaqlar boşaldılmalıdır. Yaxud bu istiqamətdə isə heç bir addım atılmır.
Lakin Qarabağ danışıqları prosesində Azərbaycanın mövqeyi də dəyişməz olaraq qalır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşünə az əvvəl, yanvarın 16-da Nazirlər Kabinetinin iclasında qətiyyətlə vurğulayıb ki, müharibə ehtimalını gündəmdən çıxarmaq və status-kvonu saxlamaq istəyi ilə razılaşmayacaq. Eləcə də, Soçi görüşündən iki gün öncə, ayın 21-də İlham Əliyev Goranboydakı hərbi hissədə bir daha bəyan etdi ki, müharibə variantı hər zaman gündəmdədir. Bu əhəmiyyətli amil isə Azərbaycanın son həddə gücə əl tutacağını istisna etməyən faktor kimi dəyərləndirilməlidir.
RÖVŞƏN NURƏDDİNOĞLU