Məlum olduğu üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin himayədarlığı ilə keçən il oktyabrın 10-11 tarixləri arasında Bakıda Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu forum bir çox cəhətdən, yəni həm Azərbaycanın mədəni həyatında, həm də qlobal inteqrasiya prosesində multikulturalizm fəlsəfəsi işığında mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini vermişdir. Əldə olunan müvəffəqiyyətli elmi-mədəni nəticələr sayəsində yenidən 2012-ci il oktyabr ayında bu forumun keçirilməsi qərarlaşdırılmışdır.
Qlobal inteqrasiya prosesində müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi mövcuddur: "sərt güc"(hard power) və "yumşaq güc"(soft power). Politoloq-alim Josef Nye "sərt güc" və "yumşaq gücü" bir-birindən belə fərqləndirir: "yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir." Ənənəvi olaraq, beynəlxalq münasibətlərdə sərt güc dominant mövqeyə malik olmuşdur. Lakin soyuq müharibənin bitməsi, Sovet İttifaqının dağılması və dünyadakı kommunist rejimlərinin çökməsindən sonra, yumşaq güc yanaşması tədricən öz mövqelərini möhkəmləndirir. Xüsusən də, Avropa Birliyi və digər Avropa təşkilatları yumşaq gücün təbliğatçıları kimi çıxış edirlər. Belə bir şəraitdə, yumşaq gücün bir forması kimi, Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq münasibətlərdə önəmli rola malikdir. Məhz cənab Prezident İlham Əliyevin keçənilki forumda söylədiyi "Ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir" fikri ciddi şəkildə elm fəlsəfəsi və müasir elmi paradiqmanın ən aktual mövzularından hesab olunur. Dövlət başçımızın bu yaxınlarda təşkil olunan Davosdakı Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında vurğuladığı ən önəmli məqamlardan biri də neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi mövzusu idi. Ümumiyyətlə, bu fikri cənab Prezident dəfələrlə həm xaricdəki, həm də daxildəki görüşlərində vurğulayır və siyasi kursun bu istiqamətdə irəliləməsinin vacibliyini qeyd edir. Məhz neft sektorundan əldə olunan gəlirlərlə ixtisaslı kadrların hazırlanması və yetişdirilməsi sosial-iqtisadi siyasət cəhətindən ən başlıca vəzifələrdəndir. Bakı Beynəlxal Humanitar Forumundakı nitqində də cənab Prezident multikulturalizm kontekstində məsələni belə qiymətləndirmişdir: "Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, XXI əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir".
Məhz Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy AzərTAc-a müsahibəsində bu il oktyabrın əvvəlində Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma hazırlığın gedişini şərh edərək demişdir: "Bakı Beynəlxalq Humanitar Forumu, əsasən, müasir biliklərin, humanitar elmin və bütövlükdə müasir elmin insan həyatı ilə sıx bağlı olmasına, bir sıra elmi kəşf və ideyaların bəşəriyyətin mövcudluğu dediyimiz vəziyyətə transformasiyasına istiqamətlənmişdir. Bu baxımdan, bəzi adamların intellektual Davos adlandırdığı forumun ideyası, şəksiz, böyük əhəmiyyət kəsb edir, çünki müasir dövrdə istər cari siyasi həyatda, istərsə də, fundamental elmlər sahəsində nələrin baş verdiyini insanlara bildirmək çox vacibdir. Bu mənada, düşünürəm ki, biz iqtisadiyyata, fizikaya, koqnitiv elmlərə, yəni təbii, elmi və psixoloji bilikləri birləşdirən elmlərə həsr edilmiş "dəyirmi masaları" da saxlayacağıq. Təbii ki, multikulturalizm mövzusunu davam etdirəcəyik. Bu gün biz yüksək texnologiyalar sahəsində nələrin baş verməsi və həmin texnologiyaların insanın dünyanı qavramasına, müasir insanın dünyagörüşünə necə təsir göstərməsi barədə danışırıq. Bir sözlə, biz forumun əhatə dairəsini genişləndirməyə çalışacağıq. Belə ki, birinci forumda altı "dəyirmi masa" vardısa, bu dəfə onların sayı yeddi və ya səkkiz olacaqdır. Ən başlıcası, biz Nobel mükafatına, dünyada mövcud olan digər nüfuzlu mükafatlara layiq görülmüş laureatları, dünya şöhrətli aparıcı alimləri Bakı forumuna cəlb etməyə çalışacağıq, onlar müasir insanın həyatı ilə müasir elmi təsəvvürlər arasında əlaqələrin ən mühüm problemləri barədə danışacaqlar. Bu gün dünyaya yeni ideyalar təklif edən ölkələr qazanırlar. Məlumdur ki, Azərbaycanın təbii sərvətləri çoxdur, lakin mənim fikrimcə, bütün dünyada olduğu kimi, Azərbaycanın da əsas sərvəti bu ölkənin xalqı, həmin xalqın intellekti, yaratmaq və qurmaq bacarığıdır. Bu mənada, belə bir forum zəruridir".
Azərbaycanın qlobal-humanitar inteqrasiya strategiyası
Qloballaşma nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlı əlaqə tezisinə istinad edən bir dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlı təsir və nəticələr zəncirini hasil edir. Bilik, əmtəə, informasiya, maliyyə, sərmayə və imiclərin sərhədtanımaz şəkildə sürət və axış qazanması nəticəsində yer kürəsində müstəqil və məhdud bir mövcudiyyətin mümkün olmadığı diqqətləri özünə cəlb edir. "Zaman-məkan fərqi" (Giddens), "zaman-məkan kompresiyası" (Harvey), "dünyanın kiçilməsi" və "ortaq dünya şüuru" (Robertson) adıyla kateqoriyalaşdırılan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxarır. Dövrümüzdə artıq qloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə şəkilləri və aralarındakı qarşılıqlı təsir mexanizmini mərkəzə alan yeni bir analiz çərçivəsi başa düşülür.
Qlobal inteqrasiya prosesində Azərbaycanın tolerant bir ölkə kimi tanınması aparılan xarici siyasət kursunun və mədəniyyət diplomatiyamızın uğurlu nəticələrindəndir. Dövlət başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da iştirakı ilə keçən il keçirilən Bakı Beynəlxalq Forumu və s. fəaliyyətlər bunun bariz örnəklərindəndir. Məhz bu mötəbər forumda cənab Prezident çıxış edərək, Azərbaycanın mədəniyyətlərarası dialoq fəaliyyətinə çox şaxəli töhfələr verəcəyini iftixarla bildirmişdir. Möhtərəm Prezidentə görə, bu, bizim tarixə istinad edən dünyagörüşümüzdür: "Biz belə yaşayırıq və belə yaşamağımızla özümüzə, bölgəyə və dünyaya sübut edirik ki, multikulturizm yaşayır. Multikulturizm nisbətən yeni bir anlayışdır. Əslində, bu, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan insanların birgə yaşaması deməkdir. Yəni, əsrlər boyu Azərbaycanda bu anlayış yaşayıb, bu gün də yaşayır və möhkəmlənir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində yaşayıb. Buna baxmayaraq, bütün dövrlərdə və xüsusilə, ən sevindirici hal ondan ibarətdir ki, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər məhz bunlardır. Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda məscidlərlə yanbayan xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları dayanır. Budur Azərbaycanın reallıqları və bizim dünya xəzinəsinə verdiyimiz töhfələr".
Heç şübhəsiz ki, mədəniyyətlərarası dialoqda böyük peşəkarlıq və ciddi təşkilatçılıqla reallaşdırılan layihə və proqramlar, xüsusilə də, mədəniyyət diplomatiyası sahəsindəki uğurlar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili və ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın müstəsna və möhtəşəm xidmətləri sayəsindədir. Məhz hörmətli Mehriban xanım Əliyeva 2011-ci ildə Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumunda dini dəyərlər, tolerantlıq və dinin siyasiləşdirilməsi mövzularına toxunaraq, müxtəlif ekstremist qüvvələr və şüarlar altında gündəmə gətirilən dini siyasətin təhlükəli olduğunu vurğulamışdır. Belə hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə zidd olan hərəkətlərdir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır.
Tarixə nəzər saldığımızda mədəniyyətlərarası əlaqənin sintez yönlü təzahür formalarına rast gəlirik. Məşhur ərəbşünas alimimiz professor Aida İmanquliyeva bu sintez məsələsinə toxunaraq, Əndəlisdə yaranan ədəbiyyatın Qərbi Avropa və Şərq arasında vasitəçilikdə oynadığı rolun böyük bir əhəmiyyətə malik olduğunu vurğulayır: "Ərəblərin mənimsədikləri antik, Qədim Şərq və ərəb-müsəlman ənənələri Əndəlis vasitəsilə Avropaya yayılırdı". Bu kontekstdə qeyd olunmalıdır ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bu zəngin irsin qorunması üçün isə dövlətin üzərinə çox böyük məsuliyyət düşür. Məhz Bakı Beynəlxalq Forumunun bu il yenidən təşkili qeyd olunan zəngin irsin anlaşılması və milli dəyərlərin qlobal mədəniyyət arenasına inteqrasiyasına təkan verəcəkdir.
Rəşad İlyasov,
fəlsəfə doktoru