Dünən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov fransalı senatorların ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafında önəmli olduğunu vurğulamışdır. Nazir cari il yanvarın 23-də Fransa Senatında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanununun qəbul olunmasının Azərbaycanda ciddi narazılıqla qarşılandığını bildirmişdir. E.Məmmədyarov qonaqlara Azərbaycanın ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu və bunun nəticəsində 1 milyonadək soydaşlarımızın öz doğma torpaqlarından didərgin düşdüyünü xatırlatmışdır. Nazir Azərbaycanın xarici siyasət idarəsinin bu məsələ ilə bağlı bəyanatlar verdiyini senatorların diqqətinə çatdırmışdır. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə fransalı senatorlara ətraflı məlumat vermişdir. Nazir senatorların suallarını da cavablandırmışdır.
Qonaqlar bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsində çox əhəmiyyətli olduğunu vurğulamışlar. Senatorlar "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanunun qəbul olunmasının Azərbaycanda həssaslıqla anladıqlarını qeyd etmişlər.