PDF Oxu

Əsas

  • 21

DAVAMLI İNKİŞAF VƏ GÜCLÜ AZƏRBAYCAN

DAVAMLI İNKİŞAF VƏ GÜCLÜ AZƏRBAYCAN

"Ötən 2011-ci ildə Azərbaycanın uğurlu inkişafı davam etdi. Qarşıya qoyulmuş bütün sosial və iqtisadi vəzifələr müvəffəqiyyətlə yerinə yetirildi. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapdı". Bu fikirlər yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş nitqində səslənib.

Dövlət başçısı bütövlükdə iqtisadi artımın 0,1 faiz təşkil etdiyini, qeyri-neft sektorunda həmin göstəricinin xeyli yüksək - 9,4 faiz olduğunu vurğulayıb: "Çünki artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir".


ƏHALİNİN HƏYAT SƏVİYYƏSİNİN YAXŞILAŞMASINA BİR MİSAL DA ÖLKƏDƏ TİKİLƏN SOSİAL İSTİQAMƏTLİ OBYEKTLƏRDİR


Hər bir iqtisadi artım isə nəticə etibarilə xalqın dolanışığında, həyat səviyyəsinin yüksəldilməsində özünü göstərir. İqtisadi sahədə qazanılan nailiyyətlər sosial siyasətin uğurla davam etdirilməsinə imkan verir. 2011-ci ildə maaşların və pensiyaların artırılması da məhz bu amillərdən qaynaqlanıb. İl ərzində 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artıb. Sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir. Başqa sözlə, dövlət hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə kömək göstərir. Bütün bunlar bir daha təsdiqləyir ki, insanların rifah halının yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Keçən il əhalinin pul gəlirləri 19,6 faiz artıb. 7,9 faiz təşkil edən inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür. 11 ay ərzində orta aylıq əməkhaqqı 8,3 faiz artaraq, 357 manata çatıb. İl ərzində dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı 10 faiz artırılıb.

Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına bir misal da ölkədə tikilən sosial istiqamətli obyektlərdir. Belə ki, ötən il ərzində 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilib və təmir edilib. Geniş quruculuq işləri aparılıb. Təkcə şəhərlərimiz deyil, bölgələrimiz də getdikcə daha çox gözəlləşir və abadlaşır.

2011-ci ildə 94 min yeni iş yeri açılıb. Bunların 73 mini daimi iş yerləridir. Son 8 ildə açılmış yeni iş yerlərinin sayı isə 1 milyonu ötüb. İşsizliyin səviyyəsi getdikcə aşağı düşür və hazırda bu rəqəm 5,4 faizdir. Maraqlıdır ki, bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi bundan bir neçə dəfə yuxarıdır.

İşsizliklə yanaşı, yoxsulluq da azalır. İndi ölkəmizdə yoxsulluğun səviyyəsi azalaraq 7,6 faizə düşüb.


VƏTƏNDAŞLARININ YAŞAYIŞ SƏVİYYƏSİNİN DAİMİ OLARAQ YÜKSƏLDİLMƏSİNİ TƏMİN EDƏN FUNDAMENTAL ƏSASLAR FORMALAŞDIRILIB


Artıq bütün dünya görür ki, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daimi olaraq yüksəldilməsini təmin edən fundamental əsasları formalaşdırıb. Bu baxımdan, 2011-ci il sığorta-pensiya sisteminin inkişafı tarixində əlamətdar illərdən biri kimi yadda qalacaq. Ötən ilin ən böyük sosial tədbirlərindən biri ölkədə yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin aradan qaldırılması olub. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış 1 milyon 273 min nəfərin hər birinin Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş arxivindəki pensiya işində olan əmək stajı məlumatı əsasında pensiyanın yenidən hesablanması yekunlaşdırılıb.

898 min 952 nəfərin pensiyası iyulun 1-dən orta hesabla 40 faiz artırılıb. Həmin artım nəticəsində yarım il ərzində bu pensiyaçılara əlavə olaraq 200 milyon manata yaxın vəsait ödənilib. Beləliklə, hətta pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ mümkün olmadığı halda, ölkəmizdə bu problem artıq həll edilib.

Bundan əlavə, 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faiz artım tətbiq olunub. Müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb. Bu, 5 min 900 nəfərə yaxın alimi əhatə edib.


BİR ÇOX MƏCBURİ KÖÇKÜNÜN SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL

OLMASI ÜÇÜN ONLARA GÜZƏŞTLİ KREDİTLƏR VERİLİB


Həmişə olduğu kimi, keçən il də qaçqın və məcburi köçkünlərin qayğıları dövlətin diqqət mərkəzində idi. İl ərzində onların sosial problemlərinin həllinə 500 milyon dollar vəsait xərclənib. Əvvəla, qeyd edək ki, ötən ilin dekabrından hər bir məcburi köçkünə verilən aylıq yemək xərci müavinətinin həcmi 10 faiz artırılıb. Ağcabədidə 560 məcburi köçkün ailəsinə 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçından olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonunda 525 ailəlik 9 yaşayış binasının, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılıb. Bu siyahını xeyli artırmaq da olar. Bütövlükdə il ərzində 2120 ailənin - 10 min 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər