Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarov Belçika Krallığına səfəri çərçivəsində Avropa Parlamentində (AP) Avropa Xalq Partiyası tərəfindən təşkil olunan "Avropa İttifaqı (Aİ) - Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər" adlı konfransda iştirak edib. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə, konfransda Azərbaycan tərəfindən AR xarici işlər naziri E.Məmmədyarov, Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan üzvləri S.Seyidov, A.Hacıyev və Ə.Hüseynov, qarşı tərəfdən isə AXP Prezidenti V.Martens, keçmiş AP Prezidenti Y.Buzek, AP-nin Xarici İşlər üzrə Komitəsinin sədri E.Brok, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı münaqişə üzrə xüsusi nümayəndəsi F.Lefort əsas natiq qismində çıxış edib, eləcə də tədbirdə AP-nin çoxsaylı üzvləri iştirak ediblər. AP-nin ən böyük siyasi qrupu olan AXP tərəfindən təşkil olunan və ilk bu qəbildən olan tədbirə AP siyasi qrupları və komitələri, eləcə də yerli media, qeyri-hökumət təşkilatları, tələbə və diplomatik korpusun üzvləri tərəfindən böyük maraq göstərilib.
Nazir Elmar Məmmədyarov öz çıxışında hazırda Azərbaycanın Cənubi Qafqaz bölgəsində, eləcə də beynəlxalq miqyasda oynadığı əhəmiyyətli rolu, ölkənin iqtisadi inkişafı və həyata keçirilən islahatlar, xarici siyasətin prioritetlərindən biri olan Avropa İttifaqı ilə münasibətlərindən bəhs edərək, Aİ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. Xarici İşlər Naziri insanlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edərək, bununla əlaqədar Aİ ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişlər üzrə danışıqlarının ən qısa zamanda başlanmasının əhəmiyyətini bildirib. E.Məmmədyarov çıxışında əsas diqqəti Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə ayıraraq, Aİ-ni və onun əhəmiyyətli institutu olan Avropa Parlamentini münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe tutmağa çağırıb və bu xüsusda ikili standartların yol verilməzliyini vurğulayıb. E.Məmmədyarov münaqişə ilə bağlı AP-nin qəbul etdiyi 2010-cu il qətnaməsində, Azərbaycanın işğal olunan bütün torpaqlarından işğalçı qüvvələrin çıxarılması və öz doğma evlərindən didərgin düşmüş minlərlə insanın geri qayıtma haqlarının tanınması ilə bağlı ədalətli mövqeyini ucadan və çəkinmədən dünya ictimaiyyətinin diqqətinə çatdırdığı üçün AP-yə təşəkkür etmiş və 2010-cu il qətnaməsinin bu qəbildən olan sonuncu AP sənədi olmayacağına inandığını bildirib.
Xarici işlər naziri E.Məmmədyarov konfransda iştirakla yanaşı, AXP Prezidenti V.Martens ilə işçi səhər yeməyi keçirib, AP-nin Xarici İşlər üzrə Komitəsinin sədri Elmar Brok və AP-nin vitse prezidenti Yasek Protasyeviç ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı qarşı tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Ceyms Appaturay: "Azərbaycan gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacaq"
"Azərbaycana Əfqanıstandakı sülhyaratma fəaliyyətinə görə təşəkkürümü bildirirəm və ölkənin bundan sonra da NATO-nun sülhyaratma əməliyyatlarında iştirak edəcəyinə əminəm". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə NATO ilə əlaqələrin inkişaf perspektivləri müzakirə olunduğunu deyən Ceyms Appaturay: "Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsinin NATO ilə əlaqələrin davam etdirilməsi və inkişafına sadiqliyini təsdiqləyib. Biz çox məhsuldar görüş keçirdik və əməkdaşlığı genişləndirmək niyyətimizi bir daha təsdiqlədik. Görüşdə Əfqanıstana yüklərin daşınmasında Azərbaycanın mühüm rolu qeyd edildi",- deyə bildirib.
Ceyms Appaturay Azərbaycan prezidentinin dəvət aldığı NATO-nun Çikaqo sammitində İSAF ölkələrinin nümayəndələri ilə görüşlər keçiriləcəyini deyib: "Biz artıq İPAP-ın üçüncü mərhələsinin icrasına dair saziş imzalamışıq. Azərbaycan-NATO əməkdaşlığının bütün sahələrinin qarşılıqlı maraqlara cavab verdiyinə əmin olmaq üçün bu məsələləri yaxın gələcəkdə də müzakirə edəcəyik".
NATO xüsusi nümayəndəsinin Bakıda keçirdiyi görüşlərdə Azərbaycandan keçməklə Əfqanıstana yüklərin daşınması məsələsi geniş müzakirə olunub. Ceyms Appaturay bildirib ki, Əfqanıstana aparılan NATO yüklərinin 30 faizi Azərbaycan ərazisində keçməklə daşınır: "Prezident məni əmin etdi ki, Azərbaycan gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacaq". O, görüş zamanı texniki məsələlərin, o cümlədən AWACS uçuş sistemlərinin Azərbaycanın hava məkanından istifadə etməklə Əfqanıstana aparılması məsələsinin müzakirə olunmadığını deyib: "İndi NATO üçün elə bir dövr başlayıb ki, yaxın 2-3 il ərzində alyansa təkcə Əfqanıstana yük daşımaq yox, oradan yükləri daşımaq da lazım gələcək. Azərbaycan prezidenti məni əmin etdi ki, Azərbaycan bu məsələdə NATO-nu dəstəkləyir".