Bu günlərdə ictimaiyyət bir daha Yeni Azərbaycan Partiyasının şəffaflığının, bütün demokratik dəyərlərə cavab verdiyinin şahidi oldu. Belə ki, YAP növbəti dəfə ilin yekunlarına dair hesabatını ölkə ictimaiyyətinə təqdim edərək, fəaliyyəti dövründə hansı ciddi və əhəmiyyətli işlərlə məşğul olduğunu, dövlətçilik ənənələrinə sadiqliyini sübut etdi. Radikal müxalifət partiyaları və onların sədrləri isə bu kimi mühüm məsələlərdən nə qədər uzaq olduqlarını bir daha verdikləri ucuz bəyanatları ilə nümayiş etdirdilər. Onu da xatırladaq ki, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın illik hesabatını, o cümlədən, maliyyə hesabatını açıqladığını nümunə kimi göstərərək, müxalifət partiyalarını da analoji hesabatları açıqlamağa çağırıb. O, vurğulayıb ki, müxalifət partiyaları maliyyə hesabatı açıqlamırlar: "Açıqlasınlar görək, hansı mənbədən maliyyələşirlər. Əlbəttə, onlar qaranlıq mənbələrdən maliyyələşirlər, ona görə də hesabat verə bilmirlər". Onu da qeyd edək ki, S.Novruzov müxalif partiyalarını dialoqa da çağırıb. Ancaq radikal müxalifət partiyalarının sədrləri bundan qorxuya düşərək, ümumiyyətlə, dialoqa nəinki hazır olmalarını, hətta bu müstəvidə heç bir fəaliyyət göstərə bilmədiklərini nümayiş ediblər. Yəni onların bir məqsədləri var ki, o da ölkədə qarmaqarışıqlıq yaradaraq, hakimiyyətə gəlmək hərisliyidir: "Biz Azərbaycanın taleyüklü məsələləri ilə bağlı daim dialoq aparmağa hazır olduğumuzu bəyan etmişik. Amma onların yalnız bir fikri var ki, Azərbaycanda qarışıqlıq düşsün, gərginlik yaransın və hakimiyyətə gəlsinlər".
Radikal müxalifət düşərgəsində baş verən daxili ziddiyyətlər, həmçinin, orada "liderlik" fəaliyyəti ilə məşğul olan şəxslərin, daha dəqiq desək, partiya sədrlərinin ambisioz fikirlərindən də irəli gəlir. Belə ki, istər AXCP (i)-də, istərsə də, Müsavatda partiya rəhbərlikləri tərəfindən oynanılan süni oyunlar, bilavasitə, radikalizmin iflasını daha da labüdləşdirir. Bu və bu kimi digər məsələlər barədə mətbuata fikirlərini açıqlayan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini S.Novruzov onu da qeyd edib ki, Müsavat başqanı İ.Qəmbərovun apardığı oyunlar da məhz bu qəbildəndir. Yəni onun başqanlıqdan getmək istəməməsi bütün bu gerçəkləri özündə yetərincə ehtiva edir: "İsa Qəmbərov cürbəcür oyunlarla Müsavat başqanlığından ikiəlli yapışıb və əl çəkmir".
Bu əsnada Siyavuş Novruzov İ.Qəmbərovun AMİP sədri Etibar Məmmədovdan ibrət götürməsini də xatırladıb: "E.Məmmədov AMİP sədrliyindən getdi, bununla da məsələ bitdi. Ancaq üç ildir ki, İ.Qəmbərovun Müsavat başqanlığından getməsi məsələsi qəzet mövzusudur. Ya bu partiyada başqan seçilməyə dəyərli adam yoxdur, ya da indiki partiya sədri bu vəzifədən əl çəkmək istəmir".
S.Novruzovun sözlərinə görə, partiya rəhbərliyindən getməyin bir yolu var: qurultay keçirilir, istefa qəbul olunur, yerinə yeni şəxs seçilir: "Əslində, o, başqanlıq müzakirələri açmaqla partiya rəhbərliyində qalmaq müddətini uzatmaq istəyir. Gah deyirlər, Arif Hacıyev həbsxanadan çıxsın, qurultayı sonra keçirək, gah deyirlər, A.Hacıyev həbsxanada qala-qala da başqan seçilə bilər".
Rəfiqə