Azərbaycanın "Eurovision-2011" Mahnı Müsabiqəsində qələbəsinin nəticəsi ölkəmizə möhtəşəm bir hadisəni - ev sahibliyi etməyi yaşatdı. Dördüncü dəfə iştirakı ərzində Azərbaycan ən yüksək dərəcələri əldə edərək dünyada öz birliyini, gücünü, mədəniyyət və sənətini təqdim etdi. "Eurovision - 2011" Mahnı Müsabiqəsində qalibiyyət Odlar Yurdunun Avropada yeni obrazını yaratdı. Ölkəmizdə "Eurovision-2012" Mahnı Müsabiqəsinə hazırlıq işlərinə start verildi. Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi də yaradıldı və bu sahədə işlər görülməkdədir.
Azərbaycanın paytaxtı Bakı var gücü ilə musiqi bayramına hazırlaşır. Şəhər hər şeyi, "Eurovision-2012" Mahnı Müsabiqəsinin iştirakçılarının ixtiyarına verməyə hazırdır. Dünya səviyyəli hadisənin təntənəli qeyd olunması məqsədi ilə ciddi işlər görülməkdədir. Ölkənin həm rəhbərliyi, həm də sıravi vətəndaşları Avropanın bütün ölkələrindən Azərbaycana gələcək qonaqları qarşılamağa hazır olduqlarını bəyan edirlər. Paytaxtımız "Eurovision - 2012" Mahnı Müsabiqəsinə hazırlaşır. Bütün sahələrdə çalışan insanlar bunu səbirsizliklə gözləyir və potensialını bu işə sərf etməyə hazırdır. Azərbaycan dünyada tolerant, qonaqpərvər ölkə kimi ad çıxarıb. Azərbaycanda bütün dünyaya örnək ola biləcəyi tolerantlıq ənənələri mövcuddur.
2012-ci ilin mayında Bakıda keçiriləcək müsabiqədə on minlərlə turisti qarşılayan zaman Azərbaycan bu dəyərlərini nümayiş etdirəcək.
Prezident İlham Əliyevin Sərəncamı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza prosedurları sadələşdirildi
Paytaxtımıza 43 iştirakçı ölkədən nümayəndələr gələcəkdir. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi diqqətdə olan məsələlərdən biri olduğundan, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Məlum sənədə əsasən, Bakı şəhərində keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər. Viza verilməsi üçün əsas hesab edilən sənədlər sırasında "Eurovision-2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd, "Eurovision-2012" Mahnı Müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd əsas götürülür. Bu, əlbəttə ki, viza rejiminin sadələşdirilməsində odduqca əhəmiyyətli rəsmi sənəddir.
"Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi bir sıra çətinlikləri aradan qaldırdı.
"Eurovision-2012" Mahnı Müsabiqəsinin Azərbaycan təmsilçisi
"Eurovision-2012" Mahnı Müsabiqəsinin Azərbaycan təmsilçisinin də artıq adı bəlli oldu. Finala vəsiqə qazanan beş finalçı arasından Heydər Əliyev Sarayında keçirilən milli final konsertində Səbinə Babayeva Azərbaycanı bu mötəbər müsabiqədə təmsil etmək hüququ qazandı. Təmsilçilik adı uğrunda beş nəfər Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova mübarizə aparırdı.
Ölkəmizi 57-ci "Evrovision-2012" Mahnı Müsabiqəsində təmsil edəcək ifaçı münsiflər heyətinin yekdil qərarı əsasında seçildi. "Odlar Yurdu" Azərbaycanı təmsil edəcək Səbinə Babayeva dörd illik qalibiyyəti əldən verməmək və sevinc hissini yenidən yaşatmaq üçün məsuliyyət daşıyır.
NƏZAKƏT ƏLƏDDİNQIZI