Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov fevral ayının 15-də Almaniya Buntestaqının üzvü Mixail Fuksu partiyanın mənzil qərargahında qəbul etmişdir.
Görüşdə YAP-ın İcra katibi Əli Əhmədov iki ölkə arasında olan əməkdaşlıq münasibətlərindən söz açmış və Azərbaycanın xarici siyasətində Almaniya ilə əlaqələrin əhəmiyyətli yer tutduğunu bildirmişdir.
YAP Sədrinin müavini Əli Əhmədov qonağa Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət və həmçinin, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai - siyasi həyatındakı mövqeyi barədə ətraflı məlumat vermişdir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Almaniya Xristian Demokrat Birliyi arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı görüşlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır.
Almaniya Buntestaqının üzvü Mixail Fuks, öz növbəsində ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini bildirmiş, son vaxtlar Azərbaycanda aparılan quruculuq-abadlıq işlərinin təqdirəlayiq olduğunu vurğulamışdır. Qonaq, həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını qeyd etmişdir. Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak iştirak etmişdir.