Yasamal rayon icra hakimiyyətində 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon icra hakimiyyətinin binasındakı abidəsi önünə tər güllər düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar. Rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və ziyalıların iştirak etdiyi tədbiri Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq, dövlətimizin başçısının rəhbərliyi ilə respublikada həyata keçirilmiş genişmiqyaslı tədbirlər və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib.
İ.Mehdiyev vurğulayıb ki, istər dövlət proqramları çərçivəsində, istərsə də, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun daxili imkanları hesabına həyata keçirilən tədbirlər nəticəsində Yasamal rayonu əvvəlki illərlə müqayisədə sürətli inkişaf yolu keçibdir. İ.Mehdiyev onu da söyləyib ki, ötən il Prezident İlham Əliyev səkkiz dəfə Yasamal rayonunda olmuş, 11 böyük obyektin açılışında iştirak edibdir: "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Yasamal rayonunda üç orta məktəb və səkkiz uşaq bağçası əsaslı təmir edilib, cari ildə də bir sıra məktəb və uşaq bağçasının bərpa olunması nəzərdə tutulubdur. Tikinti işləri təkcə təhsil ocaqlarını deyil, eləcə də, səhiyyə, mədəniyyət və idman müəssisələrini də əhatə edir".
Rayon rəhbərinin sözlərinə görə, hesabat ilində rayonda sənaye məhsulunun ümumi həcmi 231 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 625 milyon manat olmuş, əsas kapitala isə 802 milyon manat yönəldilibdir: "Pərakəndə əmtəə dövriyyəsi 763 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 521 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 133,5 faiz və 111,9 faiz çoxdur. Orta aylıq əməkhaqqı 12,8 faiz artaraq 456,8 manat olub. Ötən il rayonda 3444 yeni iş yeri açılıbdır ki, onların 515-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 223-ü mövcud müəssisələrdə, 2696-sı isə fiziki şəxslər tərəfindən yaradılmışdır".
İ.Mehdiyev onu da vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də rayonda genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılıbdır. Hesabat məruzəsi ətrafında millət vəkili, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış edərək, ötən ildə respublikamızın uğurlarından, qarşıda duran vəzifələrdən danışıblar.
Hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək, ötən il ərzində də Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizin beynəlxalq arenada tanınması istiqamətində bir çox genişmiqyaslı işlər həyata keçirildiyini vurğulayıb. Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunubdur.
Aytən Səmədova