Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə dünyanın onlarla ölkəsində tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar, kütləvi aksiyalar keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçiriləcək. Həmin tədbirlərdə Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş olunacaq. Fevralın 26-da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən Moskvada "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Rusiyanın ayrı-ayrı regionlarında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlərin təşkili planlaşdırılıb.
Xocalı faciəsinin ildönümü münasibəti ilə tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Kişinyovda da baş tutacaq. İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı "Xocalı ayı" elan olunub. Ukraynada elan olunan "Xocalı ayı" tədbirlərinə Xarkovda artıq start verilib. Xarkov vilayət administrasiyası rəsmilərinin, Azərbaycan diasporunun fəallarının, yerli KİV nümayəndələrinin iştirak etdikləri "Xocalı ayı" çərçivəsində ilk anma mərasimində 20 ilin keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməməsi tarixi ədalətsizlik kimi qiymətləndirilib. Fevralın 26-da Minskdə Belarus Azərbaycan İcmaları Konqresi, fevralın 27-də isə Kişineu şəhərində Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunacaq. Yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar dərc olunacaq. Fevralın 24-də Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti, fevralın 25-də Tallində "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq. Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən, Almaniya, Fransa, İtaliyaa, Danimarka, İsveç, Niderland Krallıqların, Polşa, Rumıniya, Macarıstan, Finlandiya və Çexiyada keçiriləcək tədbirlərdə bu ölkələrdəki Azərbaycan diasporu ilə yanaşı, türk, yəhudi icmalarının, eləcə də, adıçəkilən ölkələrin ictimai-siyasi təşkilatlarının, həmçinin, parlamentlərinin nümayəndələrinin qatılacağı gözlənilir.
ALMANİYA
Xatırladaq ki, Xocalı soyqırımının 20-ci ildönümü münasibəti ilə Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası tərəfindən fevralın 10-dan başlayaraq Berlin şəhərində "Biz sülh istəyirik" adlı silsilə rəsm müsabiqələrinə start verilib. Almaniyanın Hamburq şəhərində Saksen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş boks turniri keçirilib. Komitənin məlumatına istinadən, yarışı izləyən 600-dən artıq tamaşaçıya Xocalı soyqırımı haqqında məlumat verilib. Maqdeburq şəhərində Almaniya Sosial-Demokrat Partiyasının toplantısında Xocalı soyqırımına dair məruzə təqdim olunub. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş avtomobil yürüşü də diqqətlə qarşılanıb. Alman yazıçısı Rolf Kunşun alman dilində nəşr olunmuş "Xocalı" kitabının təqdimat mərasimi isə fevral ayının 26-da keçiriləcək. Fevralın 24-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin və Atatürkçü Düşüncə Dərnəyi Berlin-Brandenburq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Qafqazda sülhün qorunması və Türk-Azərbaycan münasibətləri" mövzusunda konfransı təşkil olunacaq. Fevralın 25-də Berlin-Bakı Qalereyası Bakı Pantomima teatrı ilə birgə Berlində Xocalı soyqırımına həsr olunmuş foto və rəsm sərgisi təşkil edəcək, tamaşaçılar Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiyaya tamaşa edəcəklər. Fevralın 25-də Berlində Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə etiraz aksiyası baş tutacaq. Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər Almaniyanın Drezden, Kassel, Hannover və Mayns şəhərlərində də keçiriləcək.
BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirəcək, o cümlədən, fevralın 22-də Londonda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi təşkil edəcək. Benilüks Azərbaycanlıları Konqresi tərəfindən fevralın 22-də Amsterdamda azərbaycanlı uşaqların Xocalıya aid əl işləri və rəsmlərindən ibarət sərgi, fevralın 23-də Haaqada "Uşaq rəsm sərgisi" adı altında diqqətə çatdırılacaq. Fevralın 28-də Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək. Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13.00-15.00 arasında keçiriləcək "İnsanlıq ayıbı Xocalıya ədalət mitinqi"ndə "Hamımız Xocalılıyıq! Hamımız Türkük!" şüarlarının sədaları altında ölkədə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılıb. Fevralın 25-də İsveç Krallığının Malmö şəhərində İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş konfrans, fevralın 26-da Stokholm şəhərində Azərbaycan Federasiyası İsveçin təşkilatçılığı ilə seminar keçiriləcəkdir. Fevralın 26-da, həmçinin, Azərbaycan Federasiyası İsveç tərəfindən Stokholmda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Fevralın 26-da Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun təşkilatçılığı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, Misir Ərəb Respublikasında, İtaliya, Fransa, Niderland Krallığında, Kanada da Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. Fevralın 25-də Danimarkada, Rumıniyada, fevralın 26-da Finlandiyada və Macarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən anım mərasimləri keçiriləcək. Fevralın 25-də Çexiyanın paytaxtı Praqanın Sülh meydanında "Azər-Çex" Cəmiyyətinin təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılıb.
TÜRKİYƏ
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə tədbirlər Türkiyənin bir sıra şəhərlərində keçiriləcək. Fevralın 26-da İstanbulun Taksim meydanında Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının, Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələrinin iştirakı ilə "TÜRKİYƏ, BUNU TANI, UNUTMA XOCALINI" adı altında izdihamlı yürüş-mitinqin keçirilməsi planlaşdırılıb.
NƏZAKƏT ƏLƏDDİNQIZI