57 illik tarixə malik olan və bu günədək fasiləsiz keçirilən "Eurovision" Mahnı Müsabiqəsinin bu il ölkəmizdə keçirilməsi təsadüfi və adi hal deyil. Bu müsabiqə Avropa məkanında maraqla izlənilir və maraqlı faktlarla yadda qalıb. Məlum olduğu kimi, Avropanın ən nüfuzlu mahnı yarışması - "Eurovision" Mahnı Müsabiqəsi Avropa Yayımları Birliyinə üzv ölkələr arasında təşkil edilir. Bu müsabiqənin təşkilində məqsəd Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası ortaq mədəniyyət mühitinin yaradılmasıdır.
Müsabiqəyə ilk dəfə 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərindəki "Kuursaal teatro"da start verilib. 7 ölkənin - Niderland, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliyanın iştirakı ilə keçirilən müsabiqənin məkanı sürətlə genişlənib və bu gün 43 dövləti əhatə edir. Bu günədək müsabiqədə 1100-dən çox mahnı ifa edilib. Müsabiqədə bu illər ərzində ən çox qalibiyyəti İrlandiya əldə edib. Bu ölkə müsabiqədə 7 dəfə - 1970, 1981, 1987, 1992, 1993, 1994 və 1996-cı illərdə birincilik qazanıb. Buna baxmayaraq, İrlandiya heç bir zaman "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyindən imtina etməyib.
Böyük Britaniya, Fransa və Lüksemburq da ən çox qalib olan ölkələr kimi müsabiqənin tarixinə düşüb. Bu ölkələrin hər biri 5 dəfə, İsveç və Niderland isə 4 dəfə birincilik qazanıb. Diqqət çəkən digər məqamlardan biri isə müsabiqədə Portuqaliyanın 45 dəfə, Kiprin 29 dəfə, Malta və İslandiyanın 24 dəfə iştirak etməsinə baxmayaraq, bu ölkələr hələ də qalib olmayıblar. Ümumiyyətlə, isə 25 ölkə "Eurovision" Mahnı Müsabiqəsi tarixində öz qələbəsini hələ də gözləməkdədir.
Müsabiqədə ən çox Almaniya - 55 dəfə, ən az isə Mərakeş 1 dəfə iştirak edib. "Eurovision" Mahnı Müsabiqəsi Fransa təmsilçisi, məşhur müğənni Patrisiya Kaas, Lara Fabian, Ajda Pekkan, Alla Puqaçova kimi tanınmışların iştirakı ilə də yadda qalıb. Milyonların ürəyini fəth edən Norveç təmsilçisi Aleksandr Rıbak isə 387 bal toplayaraq, rekord göstərici ilə müsabiqə tarixinə düşməyi bacarıb.
Azərbaycanın dörd illik inadkarlığı və tarixi təməlinin uğuru
Azərbaycana böyük uğur gətirən "Eurovizion-2011" Mahnı Müsabiqəsi ölkənin ictimai, siyasi və mədəni həyatında hadisəyə çevrildi. Bu uğur dünya ölkələrinin də diqqətindən kənarda qalmadı. Artıq süqut etmiş SSRİ-nin keçmiş respublikalarından olan Azərbaycanın belə möhtəşəm mahnı yarışında dördüncü dəfə iştirak etməsinə baxmayaraq, qibtə ediləcək dərəcədə böyük uğura imza atdı. Beləliklə də, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə ""Eurovision"" Mahnı Müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanması Azərbaycana nəsib oldu.
Avropa ölkələrini əhatə edən bu müsabiqənin dünya miqyasında oxşarı belə yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, "Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir." Bəli, bu uğur "Eurovision - 2011" Mahnı Müsabiqəsi tarixində Azərbaycan sözünü demiş oldu. Uğur ardınca uğur ölkəmizə gətirildi.
""Eurovision" - 2012"nin Azərbaycan təmsilçisi
Azərbaycanı may ayında Bakıda keçiriləcək "Eurovision - 2012" Mahnı Müsabiqəsində təmsil edəcək Səbinə Babayeva yaşanılan uğurun məsuliyyətini hiss edərək, orijinal və Avropanı yenidən riqqətə gətirəcək və təəccübləndirəcək ifa nümayiş etdirməlidir. Bunun üçün onun kifayət qədər təcrübəsi var. Daxili potensial, ona verilən mənəvi təkan və qeyd etdiyimiz kimi, təcrübəsi bu uğurun ölkəmizdə yaşanılacağına şübhə oyatmır. Qeyd edək ki, Səbinə Babayeva Asəf Zeynallı adına musiqi kollecini bitirib. Pop formatında musiqilərin, həmçinin, soul, ballada musiqi cərəyanlarının mahir ifaçısıdır. 50-dək "jazz standard"ı bilir. 7 ildən artıqdır "Aypara" vokal instrumental ansamblının solistidir. Son zamanlarda Azərbaycan xalq və bəstəkar mahnılarını özünəməxsus ifa edir.
2009-cu ildə Latviyada keçirilən "Amberstar", Moskvadakı "Slavyan Ulduzu"nda "Qran Pri" mükafatına layiq görülüb. 2001-ci ildə gənc ifaçılar arasında respublika üzrə "Qızıl açar" müsabiqəsinin qalibidir. 2008-ci ildən "Eurovision" Mahnı Müsabiqəsi üzrə Milli Seçim turlarında ardıcıl iştirak edib. Bu və ya digər dəlilər onun yarışmada maraqlı ifa nümayiş etdirəcəyinə inam oyadır.
"Nə gözəl şəhərimizsən, Bakı!"
Bakıda keçiriləcək yarışma, demək olar ki, bütün iştirakçı dövlətlərdə, eləcə də, təmsilçilərdə ölkəmiz, milli-mənəvi dəyərlərimiz ətrafında böyük təəssürat yaradıb. Bir sıra dünya ölkələrində yayımlanan proqramlarda, eləcə də, mətbuatdakı yazılarda təqdim olunan kadr və məqalələr Azərbaycan ətrafında maraqlı görüntüləri diqqətə çəkir.
Azərbaycanın Milli Finalının qonağı olan Türkiyənin "Eurovision" Mahnı Müsabiqəsinin 2012-ci il təmsilçisi Can Bonomo Bakıdan qayıtdıqdan sonra təəssüratlarını yazıya köçürüb. Canın sevgi və məmnunluq dolu bu yazısı müğənninin rəsmi internet səhifəsində dərc olunub. Türkiyə təmsilçisi həyatında ilk dəfə gördüyü Bakının eklektik və görkəmli memarlıq nümunələrini çox sevdiyini deyib.
NƏZAKƏT ƏLƏDDİNQIZI