PDF Oxu

Əsas

  • 8

“Xocalı soyqırımı: erməni vəhşiliyinin təsdiqi”

“Xocalı soyqırımı: erməni vəhşiliyinin təsdiqi”

Dünən Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan dəyirmi masa keçirildi. YAP İdarə Heyəti və Siyasi Şurası üzvlərinin, Milli Məclisin deputatlarının, siyasətçilərin, politoloqların, müxtəlif siyasi partiyaların və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, Azərbaycan xalqı 20 il bundan əvvəl tarixin ən qanlı olaylarından biri olan Xocalı faciəsini yaşamalı oldu: "Azərbaycan xalqına, Xocalı sakinlərinə qarşı çevrilmiş bu qanlı cinayət tarixdə erməni vəhşiliyinin növbəti ifşası oldu. Əlbəttə, bu, türklərə və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktlarının, cinayətlərinin birincisi deyildi. Bu, erməni cinayətinin növbəti nümunəsi idi. Bu, daha qəddarcasına həyata keçirilmiş bir cinayət idi. Bir gecənin içərisində bir şəhər yerlə yeksan edildi, qocalar, uşaqlar, qadınlar qətlə yetirildi."

YAP Sədrinin müavini qeyd edib ki, ötən müddət ərzində Xocalı soyqırımının qiymətləndirilməsi və dünyada tanıdılması istiqamətində müəyyən addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti, Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edib və hadisəyə qiymət verilib. Belə ki, Xocalı soyqırımının ayrı-ayrı ölkə parlamentləri tərəfindən bu faciənin soyqırım kimi qəbul olunması ilə əlaqədar ardıcıl səylər göstərilib. "Bu səylərin nəticəsi olaraq Pakistan və Meksika parlamentləri, İƏT Parlament İttifaqı Xocalı faciəsini soyqırımı aktı kimi qəbul edib. Bu istiqamətində dünyada çox əhəmiyyətli təbliğat işləri aparılıb və bu gün də aparılmaqdadır. Bir neçə gündən sonra qardaş Türkiyədə bu faciənin 20-ci ildönümü ilə bağlı böyük bir yürüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu yürüşün keçirilməsi və onun əzəməti Xocalı faciəsinin bütün dünyaya tanıdılması istiqamətində əhəmiyyətli bir addım olacaq. Amma təbii ki, bizim görüləsi işlərimiz də çoxdur. Həmişə ayrı-ayrı ölkələrin və beynəlxalq qurumların Azərbaycana qarşı törədilmiş haqsızlıqlara münasibətdə ikili standartlarla yanaşdıqlarının şahidi olmuşuq və buna öz etirazımızı bildirmişik. Amma hesab edirəm ki, ikili standartların olması, Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik biz azərbaycanlıları ruhdan salmamalıdır və bu faciəni dünyada tanıtmaq istiqamətində qüvvələrimizi daha ciddi və qətiyyətlə səfərbər etməliyik" - deyə YAP Sədrinin müavini vurğulayıb.

Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov isə çıxışında ermənilərin işğalçılıq siyasətinin "böyük Ermənistan yaratmaq" xülyasının tərkib hissəsi olduğunu bildirib. Ş.Usubov qeyd edib ki, Xocalı qətliamı erməni vəhşiliyinin kulminasiya nöqtəsi olub: "Xocalı faciəsi XX əsrin ən dəhşətli kütləvi insan qırğınlarından biri olmaqla Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları olan qüvvələrin birgə həyata keçirdikləri soyqırımı hadisəsidir. Bu faciə bir anın, bir günün içərisində baş vermiş hadisə deyil. Əsil həqiqətdə "Xocalı faciəsi" mənfur erməni ideoloqlarının özgə torpaqları hesabına "böyük Ermənistan" dövlətinin yaradılması planlarının tərkib hissəsi olmaqla bu iyrənc siyasətin məntiqi davamıdır. Bildiyimiz kimi, hələ məlum Dağlıq Qarabağ hadisələrinə qədər müxtəlif dövrlərdə ermənilər öz xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı çoxsaylı kütləvi qırğınlar törədib, etnik təmizləmə siyasəti aparıb, nəticədə, yüz minlərlə soydaşlarımız öz dədə-baba torpaqları olan daimi yaşayış yerlərindən min bir işgəncələrə məruz qalaraq didərgin salınıb. 1980-ci illərin sonlarında ermənilər onlar üçün yaradılmış "münbit" şəraitdən istifadə edərək, Dağlıq Qarabağ ərazisində qeyri-qanuni silahlı qüvvələr yaratdı. Sovet İttifaqına məxsus olan və Xankəndində yerləşən 366-cı motoatıcı alay və Dağlıq Qarabağa hadisələri ərəfəsində göndərilmiş bütün hərbi texnika və canlı qüvvə ermənilərin istifadəsinə verildi".

Ş.Usubov deyib ki, 1991- ci ilin oktyabr ayının sonunda Xocalı ilə respublikanın yer üstündə nəqliyyat əlaqəsi tamamilə kəsildi. Onun sözlərinə görə, şəhərin müdafiəsinin zəif olduğunu bilən ermənilər Xankəndi şəhərində yerləşən Sovet İttifaqına məxsus 366-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsinin köməkliyi ilə 1992- ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərini dörd istiqamətdən mühasirəyə alaraq, ilk öncə ağır artilleriyanın atəşinə məruz qoydu: "Şəhərin müdafiə qüvvələrini sarsıtdıqdan sonra hərbi texnikanın müşayiəti ilə minlərlə canlı qüvvə şəhərin üzərinə yeridi. Qarşılarına çıxan dinc əhaliyə divan tutuldu, qocasına, qadınına, uşağına məhəl qoyulmadan hər kəs gülləbaran edildi. Şəhəri tərk etməyə macal tapmış və Ağdam istiqamətində canlarını qurtarmaq üçün qaçmağa cəhd edən dinc sakinlər ermənilər tərəfindən əvvəlcədən hazırlanmış tələyə salındı, onların bir hissəsi qətlə yetirildi, qalanları girov götürülərək işgəncələrə, olmazın müsibətlərə məruz qaldılar. Onların bəziləri diri-diri yandırıldı, bəzilərinin başları qurbanlıq qoyun kimi kəsildi, bədən üzvləri kəsilib götürüldü. Faciə zamanı şəhərdə olan 3000 nəfərdən 613 nəfəri qətlə yetirilmişdir ki, onlardan 59 nəfəri azyaşlı, 70 nəfəri qocalar, 106 nəfəri isə qadınlardır. Səkkiz ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülərək, işgəncələrə məruz qalmış və nəticədə müxtəlif dərəcədə xəsarət alaraq əlil olublar. 150 nəfərin taleyi isə bu günə qədər bəlli deyil".

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru Nizami Səfərov isə çıxışında bildirib ki, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunması üçün ölkəmiz lazımi addımları atıb müvafiq qanunvericilik işləri həyata keçirilib. Eyni zamanda, ölkəmiz müvafiq beynəlxalq konvensiyaya da qoşulub. "Artıq hüquq-mühafizə orqanları tərəfindən bütün lazımı işlər görülüb və cinayət törədənlər beynəlxalq axtarışdadır. Təəssüf ki, həmin şəxslər qonşu dövlətlərdə və Avropada sərbəst şəkildə hərəkət edirlər. Həmin dövlətlər cinayətkarların Azərbaycana verilməsini əngəlləyirlər"-deyə o, qeyd edib.

"1992-ci il 26 fevral tarixi dünya üçün qara bir gündür. Həmin gün müasir dünyanın gözü qarşısında Xocalı qətliamı törədilib". Bu fikirləri isə çıxışı zamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. H.Kılıç bildirib ki, Azərbaycanın hiss etdiyi acılar Türkiyənin də acılarıdır. Xocalı qətliamında 613 nəfər bacı və qardaşlarımızın öldürüldüyünü deyən səfir onların ailələrinə, yaxınlarına bir daha başsağlığı verib. "Xocalı faciəsi hər birimizin hafizəsindədir və bunu əks etdirən faktlar, canlı şahidlər var. Təəssüf ki, dünyada ikili standartlar mövcuddur və bizə qarşı törədilənləri görmürlər. Uydurma "soyqırımı"nı iddia edənlərə demək lazımdır ki, əsil soyqırımını siz törətmisiniz. Bizim bu istiqamətdə işləməyimiz lazımdır" - deyə diplomat vurğulayıb. Səfir Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyədə də bir çox tədbirlərin keçiriləcəyini deyib. Onun sözlərinə görə, fevralın 26-da İstanbulun Taksim meydanında soyqırımına həsr olunmuş böyük yürüş olacaq. "Bu tədbirlə dünyaya qardaşlığımızı, həmrəyliyimizi açıq şəkildə göstərəcəyik. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı Türkiyə parlamentində xüsusi müzakirələr keçiriləcək. Həmçinin, ölkəmizin müxtəlif şəhərlərində tədbirlər olacaq. Əslində, Xocalı qətliamı dünyanın gündəmindədir. Bu məsələdə biz Azərbaycanın yanında olacağıq. Necə ki, Azərbaycan Türkiyənin yanındadır"- deyə diplomat vurğulayıb.

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva isə qeyd edib ki, dünya ölkələrinə Xocalı faciəsi ilə bağlı bir çox dillərdə tərcümə olunmuş materiallar göndərilməlidir. O, həmçinin, bildirib ki, dünyaya yalnız Xocalı deyil, ermənilərin Qarabağın digər ərazilərində, həmçinin, ötən əsrdə Quba, Şamaxı və digər bölgələrdə törətdiyi soyqırımlar barədə məlumatlar verilməlidir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cəmiyyətimizdə də Xocalı soyqırımı ilə bağlı təbliğat işlərinin güclənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, azərbaycanlıların qüruru xalqımızın başına gəlmiş soyqırım barədə danışmağa imkan vermir. Komitə sədri qeyd edib ki, bizim vəzifəmiz bu hadisəyə hüquqi qiymət verməkdən ibarətdir: "Xocalıda baş vermiş cinayətlə əlaqədar hüquq-mühafizə orqanları istintaq işi aparıb. Əgər Azərbaycanın indiki beynəlxalq nüfuzu bu hadisə törədilən zamanlarda olsaydı, lazımi beynəlxalq məhkəmə yaradıla bilərdi. Hesab edirəm ki, indiki şəraitdə məsələyə milli məhkəmələr səviyyəsində baxılmalıdır. Əgər bu cinayətlə bağlı məhkəmə hökmü olsa, gələcəkdə bu amildən istifadə edib, beynəlxalq müstəvidə məqsədimizə nail ola bilərik".

Millət vəkili Vahid Əhmədov da milli məhkəmələrin Xocalıda baş vermiş cinayətlə əlaqədar qərar verməsi təklifini dəstəkləyib. Onun sözlərinə görə, Qubada soyqırımı abidəsi tikilir və bu abidə bütün dünyaya erməni cinayətini nümayiş etdirəcək.

Millət vəkili Hüseynbala Mirələmov isə Xocalı soyqırımının mənəvi obrazını yaratmağı təklif edib: "Hesab edirəm ki, Xocalı harayı adlı musiqi əsəri yaradılsa, bu da insanlara faciənin miqyasını anlada bilər".

AVP sədri, millət vəkili Fəzail Ağamalı isə çıxışında deyib ki, Xocalı faciəsinin dünyaya çatdırılması üçün xarici ölkələrdəki Azərbaycan və türk diaspor təşkilatları sistemli fəaliyyət göstərməlidir. O, həmçinin, ölkəmizdə "Soyqırımı Tanıtma Mərkəzi" yaratmağı da təklif edib. Millət vəkili Musa Qasımlı isə Soyqırımı Muzeyinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirə yekun vuran YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov dəyirmi masada aparılan fikir mübadiləsinin, səsləndirilən təkliflərin Xocalı soyqırımının dünyada tanıdılması işinə töhfə olacağına inamını ifadə edib: "Düşünürəm ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin bütün beynəlxalq təşkilatlar qarşısında XX əsrin ən dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar. Dünya bilməlidir ki, bu soyqırımı, təkcə Azərbaycan xalqına deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər