Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi getdikcə özünü daha qabarıq şəkildə göstərir. Ötən 18 il ərzində sözügedən problemin həlli istiqamətində hansısa ciddi bir addım atmayan həmsədr ölkələrin münaqişənin həllində o qədər də maraqlı olmadıqları müxtəlif sammitlərdə, münaqişə ilə bağlı beynəlxalq çərçivəli toplantılarda dəfələrlə öz təsdiqini tapır. Təsadüfi deyil ki, məhz bir sıra beynəlxalq təhlilçilər və ekspertlər ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini açıq şəkildə söyləyir və təşkilat daxilində islahatlar keçirməyə ehtiyac olduğunu bildirirlər.
Münaqişənin həlli ilə bağlı iki dinc yol mövcud olsa da, Minsk Qrupu bu yollardan heç birindən istifadə etmək istəmir
ATƏT-in Minsk Qrupu özünün ötən mövcudluğu dövründə əsasən fəaliyyətsiz bir qurum kimi yadda qalıb və bu zaman kəsimində Minsk Qrupu heç nəyə nail olmayıb. Ona görə də müəyyən vaxtlarda Dağlıq Qarabağ probleminin həllində qrup haqqında qeyri-nikbin fikirlər səsləndirilir. Nəticə etibarilə bir daha məlum olur ki, ATƏT-in Minsk Qrupu ötən dövr ərzində heç bir yaddaqalan iş görməyib. Daha dəqiq desək, ATƏT üzərinə düşən missiyanı yerinə yetirə bilmir.
Hazırda münaqişənin həlli ilə bağlı iki dinc yol mövcud olsa da, Minsk Qrupu bu yollardan heç birindən istifadə etmək istəmir. Məsələn, Ermənistan rəhbərliyi siyasi iradə ortaya qoyaraq, dərk etməlidir ki, münaqişənin bu vəziyyətdə saxlanması heç bir halda işğalçı dövlətə fayda gətirməyəcək, daha çox onu uçuruma aparacaq. Lakin bu, baş verməməklə yanaşı, hazırda bunun görüntüsü də yoxdur ki, Ermənistan rəhbərliyi belə bir addım atacaq. Ona görə də bu variantın üzərindən birdəfəlik xətt çəkilib. Dinc yolun ikinci variantı isə odur ki, həmsədr ölkələr, o cümlədən, böyük dövlətlər Ermənistana təzyiq göstərərək, onu sülhə məcbur etməlidirlər. Yəni Ermənistan dövlətini başa salmaq lazımdır ki, Qarabağ probleminin həllində irəliləyiş əldə etmədən regionda sülh, sabitlik və inkişafdan söhbət gedə bilməz. Ona görə də işğalçı ölkə rəhbərliyini yalnız sülhə məcbur etmək lazımdır. Lakin hadisələr göstərir ki, münaqişənin həlli məsələsinə bu cür yanaşmanın da heç bir effekti yoxdur və həmsədrlərin Ermənistan rəhbərliyinə elə bir güclü təzyiqi gözlənilmir. Onu da xüsusilə, vurğulamaq lazımdır ki, Rusiya bunu istəmir. Ona görə də haqlı olaraq Azərbaycan cəmiyyətində, eləcə də, siyasi dairələrində heç bir inam qalmayıb.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, cari 2012-ci ildə həmsədr ölkələrdə, həm Birləşmiş Ştatlar, həm Rusiya, həm də Fransada prezident seçkiləri keçiriləcək və belə olan təqdirdə, həmsədr ölkələrin siyasi fəaliyyətləri öz daxili məsələlərinə qatılacaq.
Artıq 20 ildə Azərbaycanda yeni, Qarabağsız nəsil formalaşıb
"Münaqişənin nizamlanması üçün neçə il lazımdır ki? Mənim düşüncəmə görə, 20 il ərzində nəyəsə nail olmayan Minsk Qrupu öz fəaliyyətinə tənqidi yanaşmağı bacarmalıdır".
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov mətbuata verdiyi açıqlamasında bu barədə vurğulayıb. YAP İcra katibi bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bundan sonra onlara münaqişənin həlli üçün neçə il lazım olduğunu açıqlamalıdırlar: "Ən azı 20 illik vasitəçilik missiyasına yekun vurub, yenə də vasitəçilik missiyasını həyata keçirmək istəyirlərsə, vaxtın çərçivəsini müəyyənləşdirməlidirlər. Həmin vaxt ərazində münaqişə tənzimlənməlidir. Fransanın addımları isə ondan xəbər verir ki, bu ölkə rəsmiləri tərəfsiz vasitəçilik missiyasını yerinə yetirməyə hazır deyillər. Həmsədrlər Fransanın bu addımlarına münasibət bildirməlidirlər".
Yeni bir formata ehtiyac varmı?
ATƏT-in Minsk Qrupu üçün vaxt çərçivəsinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edən Əli Əhmədov hələ bu ilin əvvəlində də bu fikirlərə toxunarkən, bildirmişdi ki, əks- tədqirdə Minsk Qrupunun fəaliyyət göstərməsi səmərəli deyil.
Əli Əhmədovun haqlı və əhatəli olaraq söylədiklərindən bir daha bəlli olur ki, sanki Minsk Qrupu münaqişəni həll etməkdən daha çox münaqişəni həll etməmək üçün yaradılıb: "Əgər bu qurum 20 il ərzində münaqişənin nizama salınması üçün ciddi bir addım ata bilməyibsə, çox yaxşı olardı ki, özünü buraxmaq haqqında qərar qəbul etsin. Yaxud artıq ATƏT Minsk Qrupu üçün vaxt çərçivəsi müəyyənləşdirməlidir ki, həmin vaxt ərzində münaqişənin nizama salınması üçün konkret işlər görülsün. Əgər bu işləri görə bilmirsə, bu, o deməkdir ki, bu qurum öz üzərinə götürdüyü missiyanın öhdəsindən gələ bilmir". Nəticədə, bir daha bəlli olur ki, Azərbaycan cəmiyyətinin Minsk Qrupunun fəaliyyətinə olan tənqidi münasibətini dəyişdirməyin yalnız bir yolu var ki, bu da həmin vasitəçilər tərəfindən çox qısa vaxtda münaqişənin nizama salınması üçün təsirli addımların atılmasıdır. Məhz bu addımları ata bilməkdə çətinlik çəkilirsə, bu zaman yeni bir formatın yaradılması zəruriliyi doğur. Belə ki, Azərbaycan xalqı Minsk Qrupunun fəaliyyətsizliyi ucbatından, münaqişənin illərlə uzanmasına dözə bilməz, çünki bunun özü də bir haqsızlıq kimi dəyərləndirilir: "Minsk Qrupunun fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin gözləntiləri arasında uyğunsuzluq var. Minsk Qrupunun fəaliyyəti ilə əlaqədar yanaşmada ciddi dəyişikliyə ehtiyac duyulur. Minsk Qrupunun vasitəçilik fəlsəfəsinə dəyişiklik edilməlidir. Bu, ondan ibarətdir ki, Minsk Qrupu sadəcə danışıqlar prosesini təmin etməkdən ötrü yaradılmayıb. Lakin 20 il ərzində Minsk Qrupu sadəcə prosesi təmin etməkdən ötrü fəaliyyət göstərib". Əli Əhmədovun irəli sürdüyü fikirlərdən belə qənaətə gəlmək mümkündür ki, adıçəkilən qurumun bu və ya digər formalarda göstərdiyi fəaliyyəti, bütövlükdə, birtərəfli fəaliyyət kimi də qiymətləndirilə bilər. Çünki Dağlıq Qarabağın hələ də işğal altında qalması, böyük sülhün əldə olunmaması, yuxarıda qeyd olunan fikirlərdə yetərincə öz təsdiqi tapır.
RÖVŞƏN NURƏDDİNOĞLU