Tallinn şəhərinin mərkəzindəki "Swissotel"-də "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbirdə Avropa Parlamentinin üzvü İ.Tarand, AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel, Estoniya-Azərbaycan parlament qrupunun sədri E.Əfəndiyev, Estoniya Parlamentinin üzvləri, Estoniya Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, Azərbaycan icmasının, habelə, digər milli icmaların nümayəndələri, Tallində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları F.Muradov və S.Qafarova, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa şöbəsinin müdiri İ.Məmmədov və səfirliyin əməkdaşları iştirak ediblər. Tədbirin əvvəlində eston-lüteran kilsəsində (baş yepiskopu A.Piterdir) Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə Estoniyanın sabiq prezidenti A.Rüytelin müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Belə ki, müstəqillik yolunda apardığı mübarizədə Azərbaycan ilə Estoniya arasında tarixi paralel olduğu, Azərbaycanın təcavüzə məruz qaldığı vurğulanıb. Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş cinayətlərin qəbuledilməzliyini nəzərə çarpdıraraq, cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyi qeyd edilib. Tədbirdə məruzə ilə çıxış edən AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel Azərbaycana səfərlərindən xoş təəssüratlarını bölüşərkən, Azərbaycanın zəngin mədəniyyətə və tarixə malik olduğunu, Azərbaycan xalqının böyük millət olduğunu söyləyib. A.Herkel Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən danışarkən, SSRİ dağılarkən sovet məkanında yalnız Ermənistanın təcavüzə əl atdığını qeyd edib. O, Estoniya ictimaiyyətinin Azərbaycan xalqının Xocalı faciəsi ilə bağlı hisslərini bölüşdüyünü bildirərək, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun inkişafı üçün vacib amil kimi diqqətə çatdırıb. Milli Məclisin deputatı F.Muradov "Xocalı soyqırımı beynəlxalq qanunvericilikdə" məruzəsi ilə çıxış edib. Deputat Xocalı soyqırımının hüquqi aspektlərinə toxunaraq, Xocalı faciəsinin soyqırımı kimi tanınmasına bütün əsasların mövcudluğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Milli Məclisin deputatı S.Qafarova çıxışında hərbi cinayətkarların qurbanı olmuş uşaq və qadınların işgəncələrə məruz qaldıqlarını və Xocalı soyqırımı törədən şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Tədbirə yekun vuran səfir T.Zülfüqarov bildirib ki, Xocalı faciəsini törətmiş şəxslərin Beynəlxalq Tribunal qarşısında cavab verənədək insanlığa qarşı törədilmiş cinayət davam etməkdədir. Səfir Azərbaycan xalqı ilə həmrəyliyinə görə Estoniya ictimaiyyətinə təşəkkür edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyaya Estoniya ictimaiyyətinin qoşulmasını iki ölkə arasındakı yüksək münasibətləri əks etdirən əlamətdar hadisə olduğunu bildirib. Tədbirdə Xocalı soyqırımı haqqında xüsusi olaraq hazırlanmış "Justice call" filmi nümayiş etdirilib və sərgi təşkil olunub. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid Heydər Əliyev Fondunun hazırladığı materiallar paylanılıb. Eyni zamanda, Estoniyada fəaliyyət göstərən "Tallinna TV" və "TVN" telekanallarında Azərbaycan haqqında 1 saatlıq film nümayiş etdirilib.
NƏZAKƏT