PDF Oxu

Əsas

  • 14

Milli Məclisdə mətbuat konfransı keçirilib

Milli Məclisdə mətbuat konfransı keçirilib

Dünən Milli Məclisdə keçirilən mətbuat konfransında çıxış edən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, vitse-spiker Bahar Muradovanın başçılığı altında nümayəndə heyəti Avstriyanın Vyana şəhərində keçirilən ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edib. Bundan başqa MM üzvləri Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev isə Yerevanda təşkil olunan "Euronest" Parlament Assambleyasının Sosial komitəsinin iclasına qatılıblar.

Konfransda çıxış edən vitse-spiker Bahar Muradova bildirib ki, ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti Xocalı faciəsi və Fransa Senatının məlum qərarı ilə bağlı adıçəkilən qurumun baş katibinə sual ünvanlayıb. O, qeyd edib ki, nümayəndə heyəti Fransanın son addımının bu ölkənin Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasının üzərinə kölgə saldığını nəzərə çatdırıblar. Vitse-spiker nümayəndə heyətinin hələ yola düşməzdən 10-15 gün əvvəl Xocalı faciəsinin necə baş verməsi, günahkarların kimlər olması ilə bağlı materialları ATƏT PA-da təmsil olunan nümayəndə heyətlərinin hər birinə göndərdiklərini qeyd edib: "Fransanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri bu ölkəyə ünvanlanan iradımıza cavab verməyə məcbur oldu".

B.Muradova onu da vurğulayıb ki, bu qərar hələlik, qüvvəyə minmiş qanun deyil: "ATƏT PA Baş katibinin cavabı isə ümumi oldu. O, bizi keçmişə yox, gələcəyə baxmağa çağırdı".

B.Muradova burada iki yanaşmanın özünü göstərdiyini də söylədi: "Qarabağ məsələsi, Xocalı soyqırımı ilə bağlı yanaşma ondan ibarət idi ki, biz ancaq irəli baxmalıyıq, keçmişə dönməməliyik. Qarşılıqlı razılaşmaya gəlməliyik. Ancaq "erməni soyqırımı"na münasibətdə isə onların mövqeyi tamam başqa cür oldu. Onlar Türkiyəni 100 il bundan əvvəl baş vermiş hadisəni adekvat qiymətləndirməyə çağırdılar. Ona görə bizdən bu məsələlərdə daha ardıcıl olmaq tələb olunur ki, biz də bunu reallaşdırmağa çalışdıq". B.Muradova bununla yanaşı, Siyasi Komitənin iclasında da bu məsələlərin gündəmdə saxlanıldığını deyib.

Konfransda çıxış edən Azərbaycanın "Avronest" Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quliyev Ermənistana səfəri çərçivəsində prezidenti Serj Sarkisyanla görüşün qızğın debatla keçdiyini bildirib: "Bu görüşdə Avropa parlamentariləri ilə yanaşı, Şərq Tərəfdaşlığı Ölkələrinə daxil olan 5 dövlətin nümayəndəsi də var idi. Görüşün tanışlıq xarakteri daşımasına baxmayaraq, iştirakçıların hamısına söz verildi. Litvadan olan xanım parlamentari çox sərt və kəskin sualla müraciət etdi ki, mən burada Avropa Parlamentini təmsil edirəm, mənim üçün insan hüquqları ən prioritet məsələdir, ona görə də, bilmək istəyirəm ki, Azərbaycandan olan 1 milyon qaçqın və məcburi köçkünün hüquqları necə təmin ediləcək? Ancaq çox təəssüf olsun ki, həmin xanım parlamentarinin bu kəskin və sərt sualına cavab verilmədi. Biz də Azərbaycanın "Avronest" Parlament Assambleyasındakı üzvləri kimi bu debatlarda çox fəal şəkildə iştirak etdik və sərt və kəskin suallarımızı ünvanladıq"

O, erməni tərəfinin iştirakı ilə keçirilən iclasın da gərgin keçdiyini söyləyib. A.Quliyev Yerevanda onları heç kimin qarşılamadığını bildirib: "Əslində, bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaq. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbçiyə yaxınlaşıb, Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu. Gəlib bizi bir təcridxanaya apardılar. Ancaq sonrakı iki gündə bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olundu. Qaldığımız otelin nömrəsinin qarşısında 24 saat mühafizəçi var idi".

Konfransda çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rəbiyyət Aslanova qeyd edib ki, onun üzvü olduğu ATƏT PA-nın Demokratiya və İnsan Hüquqları Komitəsində ATƏT məkanında, o cümlədən, Ukrayna, Belarus və Rusiyada siyasi məhbuslar, həbs yerlərində saxlanılma şəraiti, işgəncələr məsələsi müzakirə olunub: "Müzakirələr zamanı hazırda Ukraynada həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun məsələsi müzakirə edildi və bu müzakirələrdə onun qızı Yelena Timoşenko, eləcə də, digər ATƏT parlamentariləri çıxış etdilər, öz fikirlərini, iradlarını bildirdilər. Bununla yanaşı, Rusiyada siyasi məhbusların vəziyyəti, onların saxlanılma şəraiti geniş müzakirə obyekti oldu və bildirildi ki, Rusiyada həbs yerlərində saxlanılma şəraiti çox çətindir. Ancaq Azərbaycanla bağlı hər hansı bir məsələ, o cümlədən, tez-tez əsassız şəkildə gündəmə gətirilən siyasi məhbuslar məsələsi müzakirə olunmadı. Bu yöndə bir kəlmə olsun belə fikir və ya irad səsləndirilmədi".


R.HÜSEYNOVA

Digər xəbərlər