Dünən Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları üzrə gənclər birlikləri sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. YAP Gənclər Birliyinin İdarə Heyəti və Şura üzvlərinin və fəal gənclərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini, YAP İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, ötən il YAP Gənclər Birliyinin Qəbələdə III konfransı keçirildi: "Konfransda YAP Gənclər Birliyinin seçkili orqanları formalaşdı. Bir il ərzində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin yeni formalaşmış seçkili orqanları- sədr və müavinlər, İdarə Heyəti səmərəli şəkildə fəaliyyət göstərib, bir çox maraqlı layihələr reallaşdırıb. Gənclərin fəallığının yüksəldilməsi istiqamətində çox ciddi işlər görülüb. Eyni zamanda, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də faydalı işlər görülüb. Əlaqələrin coğrafiyası genişlənib. Bundan sonra da bu əlaqələrin genişləndirilməsi üçün etibarlı baza yaradılıb".
Əli Əhmədov onu da vurğuladı ki, müşavirənin keçirilməsində əsas məqsəd məhz bir daha seçkili orqanların fəaliyyətinə nəzər salıb, gənclər təşkilatının qarşısında dayanan vəzifələri nəzərdən keçirmək, yeni vəzifələri müəyyənləşdirməkdir.
YAP Sədrinin müavini gənclərin partiyanın həyatında fəallığının əhəmiyyətli dərəcədə artdığını qeyd edərək, söylədi ki, bütün bunlar gənclərin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsi üçün əlverişli şərait yaradır: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ən mühüm və əhəmiyyətli məqamlarından biri ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına şəraitin yaradılmasıdır. İstər dövlət idarəçiliyində, istər ictimai-siyasi həyatın müxtəlif sahələrində gənclərə geniş meydan verilir ki, bu da bütövlükdə, Azərbaycanda həyata keçirilən Prezident siyasətinin çox önəmli istiqamətlərindən və tərkib hissələrindən biridir. Eynilə Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclər amili özünə xüsusi yer tutur. Bunun vacib səbəblərindən biri Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin kifayət qədər geniş şəkildə təmsil olunmasından ibarətdir. Hazırda gənclər partiyanın üzvlərinin 40 faizini təşkil edir. Bu da partiyanın sıralarında on minlərlə fəal Azərbaycan gəncinin birləşməsindən xəbər verir. Bizim gənclərimizin YAP-da geniş şəkildə təmsil olunması, bütövlükdə, partiyanın siyasətində gənclərə böyük önəm verilməsi ilə əlaqədardır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, partiyanın sıralarında gənclərin artması sadəcə statistika ilə ifadə olunmur. YAP-ın gənclər təşkilatlarının fəallığının artması yalnız YAP-ın tərkibində gənclərin sayının artmasından ibarət deyil. Daha əhəmiyyətli məqam ondan ibərətdir ki, gənclər partiyanın sıralarında birləşməklə ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək imkanı əldə edirlər. Müxtəlif mövzularda müzakirələrin aparılmasında, problemlərin həllində gənclərimiz yaxından iştirak edirlər. Gənclər həyatımızın çox vacib elementlərindən birinə çevrilib".
YAP Sədrinin müavini bildirdi ki, gənclərin partiya sıralarında sayının artması həm də onunla əlaqədardır ki, YAP gənclərin ictimai-siyasi fəallığının artırılması üçün geniş meydan təqdim edir: "Partiyanın sıralarında olan gənclər öz potensiallarından istifadə etmək üçün geniş imkanlar əldə edirlər. Digər tərəfdən, YAP gənclərin siyasi təcrübəsinin formalaşması və genişləndirilməsi meydanıdır. Gənclər partiyanın sıralarında olmaqla siyasi təcrübə məktəbi keçirlər. İnanırıq ki, partiyanın sıralarında olan gənclərin əhəmiyyətli hissəsi ictimai-siyasi proseslərdə yaxından iştirak etmək imkanlarından faydalanaraq, bir müddətdən sonra Azərbaycanın siyasi həyatında kifayət qədər tanınmış, özlərini ifadə edən insanlar olacaqlar. Beləliklə də, ölkənin ictimai-siyasi həyatının fəal iştirakçılarına çevriləcək, gələcəyin liderləri kimi yetişəcək, özlərini cəmiyyətə təqdim edəcəklər. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının bütövlükdə gənclər siyasətinin çox vacib elementidir və partiyanın sıralarında gənclərin yüksək fəallığını nümayiş etdirən gerçəkliklərdir".
"Qarşımızda əzəmətli, böyük vəzifələr durur" söyləyən Ə.Əhmədov onu da vurğuladı ki, Azərbaycan sürətlə inkişaf edir: "İqtisadiyyatın inkişafı ilə yanaşı, ölkəmizin həyatı bütünlüklə dəyişir. İnsanların həyat səviyyəsi yaxşılaşır. Həyata baxış yeniləşir, müasirləşir. Təbii ki, Azərbaycan vətəndaşlarının həyatının dəyişməsi, yeniləşməsi bütövlükdə, həyata keçirilən siyasətin ən mühüm cəhətlərindən biridir. Azərbaycanın qüdrətlənməsi, daxili birliyinin möhkəmlənməsi, vətəndaş birliyinin daha da güclənməsi bir dövlət kimi gücünü və qüdrətini artırır. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi günbəgün möhkəmlənir. Ölkəmiz artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu, Azərbaycana olan inamın və etimadın təsdiqidir."
YAP Sədrinin müavini gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan da geniş danışaraq, bildirdi ki, ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanmaqdadır: "YAP-ın fəal gəncləri də Konsepsiyanın hazırlanması ilə bağlı öz təkliflərini irəli sürürlər. Bu günlərdə partiyanın gənc üzvlərinin Qəbələ və Oğuz rayonlarında keçirilən qış məktəblərində müzakirə predmetinə çevrilən əsas məsələlərdən biri də məhz bundan ibarət idi. "Azərbaycan - 2020: gənclərin gələcəyə baxışı" mövzusunda geniş fikir mübadiləsi aparıldı. Müxtəlif təkliflər irəli sürüldü. Güman edirəm ki, Azərbaycan gənclərinin "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı təklifləri bununla məhdudlaşmayacaq. Düşünürəm ki, hazırlanan İnkişaf Konsepsiyasında Yeni Azərbaycan Partiyasının gənclərinin, bütövlükdə, ölkə gənclərinin səsləndirdiyi təkliflər öz əksini tapacaq. Azərbaycan dövlətinin müəyyənləşdirdiyi xəttin əsas məqamlarından biri də gənclərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Müxtəlif layihələr və təkliflər irəli sürülüb. Onların həyata keçirilməsi mexanizmləri artıq hazırlanmaqdadır. Hesab edirəm ki, Azərbaycanın 2020-ci illə bağlı konsepsiyasında gənclərin, bütövlükdə, ictimai-siyasi fəallığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm maddələr olacaq və onlar ardıcıl şəkildə həyata keçiriləcəkdir."
Seymur Orucov: "Cəmiyyətdə nüfuzu olan yaradıcı gənclərin partiyaya axını böyük vüsət almışdır"
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, artıq 2011-ci ildə yeni heyətin seçilməsindən bir ildən çox vaxt keçir və ötən bu dövrdə görülən işlərin fonunda qarşıya yeni vəzifələr qoyulur: "Ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət, bütün sahələrdə inkişaf üçün möhkəm zəmin yaradır, o cümlədən, gənclər siyasəti də buna bariz misaldır. Ötən il ərzində də gənclərə yönələn dövlət qayğısı bir neçə aparıcı istiqamətdə - gənclərin ictimai həyatda fəallığının artırılması, onların kütləvi şəkildə müxtəlif idman bölmələrinə və yaradıcı fəaliyyətə cəlb edilməsi, tələbə təqaüdlərinin artırılması və onların asudə vaxtlarının səmərəli təşkilində özünü əyani şəkildə büruzə vermişdir. YAP Gənclər Birliyi əldə olunmuş bütün bu nailiyyətləri gəncləri ətrafına toplamaqla əldə etmiş və həyata keçirdiyi çoxsaylı təbdirlərdə gəncliyin Heydər Əliyev ideyalarına və dövlətçiliyə sədaqət, həmçinin, vətənpərvərlik ruhunda yetişdirilməsi işinə öz töhfəsini vermişdir".
S.Orucov Gənclər Birliyinin həyatında mühüm hadisələrdən də danışaraq, təşkilatın III konfransından ötən dövr ərzində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, bu müddət ərzində qarşıda duran perspektiv vəzifələr müəyyənləşdirilmiş, təşkilati məsələlər müzakirə edilmişdir. Eyni zamanda, Gənclər Birliyinin yeni sədri, İdarə Heyəti və Şurası seçilmişdir. Konfransda YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri və Milli Məclisin deputatları iştirak etmişlər.
S.Orucov onu da bildirdi ki, YAP Gənclər Birliyi müvafiq dövr ərzində öz fəaliyyətini genişləndirmiş və partiya sıralarının kəmiyyət və keyfiyyətcə yeniləşməsinə öz töhfəsini vermişdir: "İntellektual səviyyəsi yüksək və fəal gəncliyin partiyaya axınını təşviq etmək məqsədilə Gənclər Birliyi təbliğat-təşviqat işini gücləndirmiş və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişdir. Xüsusilə, cəmiyyətdə nüfuzu olan yaradıcı gənclərin partiyaya axını böyük vüsət almışdır".
Gələcək planlardan geniş bəhs edən YAP Gənclər Birliyinin sədri qeyd etdi ki, Novruz bayramı ilə əlaqədar beynəlxalq layihənin keçirilməsi nəzərdə tutulub. Aprel ayında gənclərin Quba məzarlığı ilə tanışlığını təmin etmək üçün bütün bölgələrdən gənclərin ora səfəri təşkil ediləcək. Əsas məqsəd gənclərimizi erməni vəhşiliyi ilə daha yaxından tanış etmək, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəmizi verməkdir. Azərbaycan gəncləri dövlətimizin diqqət və qayğısını yüksək dəyərləndirir, fəaliyyətlərini daha da genişləndirmək üçün ciddi səylər göstərirlər.
YAP Gənclər Birliyinin əsasını qoyduğu "Yay məktəbləri" ənənəsi ilə bağlı tədbirlərdən danışan S.Orucov ötənilki bir sıra maraqlı layihələrin həyata keçirilməsi ilə yadda qaldığını söylədi: "Həyata keçirilən yay istirahət düşərgələrində, ümumilikdə, 600-ə yaxın YAP Gənclər Birliyinin fəalı iştirak etmişdir. Yay məktəbləri çərçivəsində "Azərbaycanın dünəni, bu günü və sabahı: Heydər Əliyev ideyaları əməli fəaliyyətdə", "Gənclik və müasirlik", "Azərbaycan qlobal məkanda", "İnternetdə sosial şəbəkə və gəncliyin baxışı" mövzusunda maraqlı diskussiyalar, "Nə? Harda? Nə zaman?" intellektual oyunu, idman yarışları keçirilmişdir. Proqrama uyğun olaraq, Yeni Azərbaycan Partiyasının gəncləri ilə yay istirahət düşərgəsində YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov və Milli Məclisin deputatları ilə görüşlər keçirilmişdir".
S.Orucov YAP Gənclər Birliyi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində də fəaliyyət göstərdiyini vurğuladı. "2011-ci ildə YAP Gənclər Birliyi üçün ən böyük hədiyyə dekabrın 24-də yeni qərargahın ixtiyarımıza verilməsi olmuşdur" fikrini ifadə edən S.Orucov qeyd etdi ki, müasir standartlara cavab verən və yeni texnologiyalarla təchiz olunmuş ofisin gənclərimizə verilməsi dövlətimizin biz gənclərə olan qayğısının bariz nümunəsidir.
Ramin Məmmədov: "Azərbaycan gəncliyi XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir"
YAP GB sədrinin beynəlxalq məsələlər üzrə müavini Ramin Məmmədov isə birliyin beynəlxalq əlaqələri, baş tutan səfərlər və əldə olunan qarşılıqlı razılaşmalar haqqında məruzə etdi. O bildirdi ki, Azərbaycan gəncliyi XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir: "Bu gün YAP Gənclər Birliyi Avropa Gənclər Forumunun üzvü olmaqla yanaşı, İslam Konfransı Təşkilatının gənclər strukturunda önəmli mövqedə qararlaşıb. Həmçinin, Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatının fəaliyyəti biz gənclərə stimul verir. Eləcə də, digər dövlətlərdə gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər. Xüsusi olaraq, vurğulamaq istərdim ki, ölkəmizdə son illər gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun yüksəlməsinə xidmət edir".
Sərraf Hüseynov: "YAP GB ofisi hər bir təchizat vasitəsilə təmin olunub"
YAP Nəsimi rayon gənclər birliyinin sədri, YAP GB-nin ofisinin meneceri Sərraf Hüseynov isə ofisin iş prinsipi, həyata keçirilən, o cümlədən, həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında geniş məlumat verdi: "YAP Gənclər Birliyinin ofisində müasir avadanlıqlarla təmin olunmuş konfrans zalı, 10 ədəd kompyuterdən ibarət bilgisayar mərkəzi, GB-nin sədr və müavinləri üçün otaqlar və iş otaqları yerləşir. Bütün bunlara görə gənclərimiz adından partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevə və partiyamızın bütün rəhbər heyətinə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk".
Sonda müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
RƏFİQƏ KAMALQIZI