"Fransa Senatının qəbul etdiyi uydurma "erməni soyqırımının" inkarına görə məsuliyyət müəyyən edən qanunun Konstitusiya Şurası tərəfindən ləğv edilməsi hər şeydən əvvəl prezident kimi Nikola Sarkozinin, eləcə də onu bu işə təhrik edən erməni diasporunun və bütövlükdə erməni təbliğatının çox böyük məğlubiyyətidir.
Digər tərəfdən, xüsusi vurğulanmalıdır ki, bu hadisə Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli bir qələbəsidir". Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədovun fikrincə, bu qərarla Fransa cəmiyyəti qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmüş N.Sarkoziyə öz münasibətini ifadə edib. Onun sözlərinə görə, bu hadisə prezident seçkilərində N.Sarkozinin namizəd kimi seçicilərin ciddi dəstəyini əldə etmək imkanında olmadığından xəbər verir.
"Digər tərəfdən, Konstitusiya Şurası belə bir qərar qəbul etməklə Fransanın demokratik ənənələrini və dəyərlərini ciddi zərbələrdən xilas etmiş oldu. Fransanın böyük, dərin, zəngin demokratik ənənələri var və bu cür sərsəm qanunu qəbul etməklə, əslində N.Sarkozi və onun tərəfdarları Fransanın demokratik imicinin üzərinə böyük bir kölgə salmışdılar. Konstitusiya Şurası isə Fransanın demokratik imicini qoruyub saxlaya bildi. Bu onu göstərir ki, Fransada heç də hamı Sarkozi və onu dəstəkləyən insanlar kimi düşünmürlər. Fransada daha demokratik təfəkkürlü insanlar çoxluq təşkil edir və onlar heç bir halda razı olmaq istəmirlər ki, Fransa kimi demokratik ənənələri olan ölkədə insanların sərbəst surətdə öz fikirlərini ifadə etməsinə hər hansı məhdudiyyət qoyulsun"- deyə YAP Sədrinin müavini vurğulayıb.