Dünən YAP Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin İKT sahəsində biliklərinin artırılması üçün ideoloji, texniki və nəzəri seminar ikinci günü öz işini uğurla davam etdirib. Seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və s. məsələlərlə bağlı üç müxtəlif qrupda işi davam etdiriblər. Məlum olduğu kimi, fevralın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə təşkilatın ötən bir il ərzində fəaliyyətinə nəzər yetirilib, eləcə də, qarşıda duran vəzifələr müzakirə olunub. Əsas məsələlərdən biri kimi gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsi, sosial şəbəkələrdə fəal iştirakının zəruriliyi vurğulanıb.
Qeyd edək ki, həmin gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində seminara da start verilib. Dünən isə seminar-məşğələlər öz işini davam etdirib. Üç qrupda təşkil edilən seminarda informasiya-kommunikasiya texnologiyaları ilə bağlı texniki, nəzəri və ideoloji məsələlərlə əlaqədar gənclərə məşğələlər keçirilib. Məşğələlərdə əsasən hər üç istiqamətdə debatlar, sorğular təşkil olunub.
YAP GB rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi çərçivəsində I qrup üçün təşkil edilən İKT texniki seminarında sosial şəbəkələrdən istifadə qaydaları, üsulları, həmçinin, elektron ünsiyyətin intensivləşdirilməsi metodlarından geniş bəhs olunub. Müşavirə iştirakçılarına bəhs olunan məsələlərlə bağlı praktik surətdə informasiyalar çatdırılıb. İştirakçılar onlar üçün ayrılan kompyuterlərdən istifadə etməklə sosial şəbəkələrdən istifadə edilməsinin tətbiqi qaydaları ilə tanış olublar.
II qrup üçün təşkil edilən İKT nəzəri seminarında sosial şəbəkələr mövzusu ətrafında müzakirələr aparılıb. YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri, partiyanın Gənclər Birliyinin ofisinin meneceri Sərraf Hüseynov bildirib ki, bu gün hər bir Azərbaycan gənci virtual aləmin, İKT-nin imkanlarından istifadə etməlidir. S.Hüseynov bildirdi ki, əsas məqsədimiz sosial şəbəkələrdə vətəndaş olaraq məsuliyyətimizi dərk etmək, həmçinin, üzərimizə düşən borcumuzu yerinə yetirmək üçün vəzifələrin müəyyənləşdirilməsidir.
S.Hüseynov onu da deyib ki, bu gün real həyatda müşahidə olunmayan müxtəlif qərəzli məlumatlar çox asanlıqla virtual aləmdə öz əksini tapır. Bildirilib ki, "Sosial şəbəkə" termini elmi leksikona 1954-cü ildə ingilis sosioloqu Barns tərəfindən daxil edilib. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan veb səhifədir. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış "Facebook" və 2006-cı ildə yaradılan "Twitter" hesab edilir. Sosial şəbəkələrin yaranma tarixi və mahiyyəti barədə danışan S.Hüseynov bildirdi ki, hazırda bu şəbəkələrin kiçik informasiyanın geniş auditoriyaya çatdırılması, siyasi məqsədlər və müəyyən ideologiyanın yayılması, hətta qazanc əldə etmək, yarışların təşkili və xeyriyyə aksiyalarının keçirilməsi baxımından imkanları olduqca genişdir. Seminarda sosial şəbəkələrdə baş verənlər, sosial şəbəkələrdə əldə olunanlar, məsuliyyətimiz, sosial şəbəkələrdə nə əldə edə bilərik və nə etməliyik mövzusu ətrafında maarifləndirici bilgilər verilib.
Mübariz Qurbanlı: "Müasir, müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun fonunda ideoloji oriyentasiyalar yüksək xətlə inkişaf edir"
III qrup üçün təşkil edilən İKT ideoloji seminarında YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ideoloji məsələlər ətrafında elmi-praktik səciyyəli mühazirə ilə çıxış edib. YAP İcra katibinin müavini iştirakçılara ümumi ideoloji məsələlərlə bağlı məlumat verib, müstəqillik dövründə ölkəmizin qarşısında duran fundamental vəzifələrdən bəhs edib. M.Qurbanlı müstəqilliyin ilk illərində milli dövlət quruculuğu istiqamətində müəyyənləşdirilmiş vəzifələrdən, onların həyata keçirilməsi yönündə atılan addımlardan, problemlərdən, reallıqlardan və ideoloji məsələlərdən söz açıb: "Müasir, müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun fonunda ideoloji oriyentasiyalar yüksək xətlə inkişaf edir".
Həmçinin, millət vəkili onu da vurğuladı ki, ideoloji məsələlər çərçivəsində müasir beynəlxalq münasibətlər sisteminin reallıqları başlıca tendensiyalarından və perspektiv inkişaf istiqamətlərindən bəhrələnir. M.Qurbanlı, eyni zamanda, müasir, müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun fonunda ideoloji oriyentasiyalar və məsələlərə dair fikirlərini seminar iştirakçılarının diqqətinə çatdırdı.
"Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır"
Bu fikirləri bildirən müşavirədə təmsil olunan YAP GB rayon və şəhər təşkilatlarının sədrləri tədbiri yüksək qiymətləndiriblər.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva:
- Partiyanın gəncləri üçün keçirilən seminarlar böyük əhəmiyyətə malikdir. Çünki müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf edir və bu texnologiyaları mənimsəmək, biliklərə yiyələnmək günümüzün reallıqlarıdır. Bu gün YAP üzvlərinin 40 faizini gənclər təşkil edir və gənclərin partiya sıralarına axını geniş vüsət alıb. Xüsusi olaraq, qeyd edim ki, bu gün gənclərin intellektual potensialı çox yüksək səviyyədədir. Ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edən gənclərimiz Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi layihələrdə də fəallıq nümayiş etdirirlər. Hazırkı seminarlar da partiyamızın gənclərinin İKT-nin imkanlarından daha səmərəli istifadə etmək üçün təcrübələrinin artırılmasına xidmət edir. Nəzərə alsaq ki, müasir dünyada İKT-nin inkişafı böyük vüsət alıb, onda gənclərin bu texnologiyaları mənimsəməsi, sosial şəbəkələrdə fəal iştirak etmələri günümüzün aktual məsələlərindəndir. Fəaliyyətində hər zaman yeniliklərə üstünlük verən partiyamızın həyata keçirdiyi bu layihələr gənclərimiz tərəfindən rəğbətlə qarşılanır. İnanıram ki, gənclərimiz bu seminar vasitəsilə öz bilik və bacarıqlarını artıracaq, öz fəaliyyətlərində İKT-nin imkanlarından daha geniş şəkildə yararlanacaqlar.
Amil Cavadov, YAP Ağdam rayon təşkilatının gənclər birliyinin sədri:
- Azərbaycan gəncləri dövlətimizin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir. Odur ki, gənclərimiz müstəqil respublikamızın daha da çiçəklənməsində və inkişafında, habelə, ictimai-siyasi həyatında daima yaxından və fəal iştirak edirlər. Elə buna görə də YAP-ın gənclərlə bağlı siyasətini gənc nəsil yüksək qiymətləndirir. Xüsusi olaraq, vurğulamaq istərdim ki, partiyanın Gənclər Birliyinin həyata keçirdiyi layihələri gənclərimiz tərəfindən isti qarşılanır. İki gün keçirilən seminar müşavirənin keçirilməsi olduqca təqdirəlayiq hal və hadisə kimi qiymətləndirilməlidir. Belə ki, texniki, ideoloji və nəzəri məsələlərlə bağlı seminarın keçirilməsi sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək, ideoloji məsələləri dərk etmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bütün bunlar gənclərin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardımçı olacaq, həmçinin, istiqamətləndirici və maarifləndirici səciyyə daşıyacaq.
Elmar Məmmədov, YAP Sumqayıt şəhər təşkilatı gənclər birliyinin sədri:
- İki gün davam edən seminarlardan biz gənclər çox bilgilər əldə etdik. Yeni Azərbaycan Partiyasının və partiyanın Gənclər Birliyinin həyata keçirdiyi maarifləndirici layihələr yüksək qiymətə layiqdir. Belə bir seminarın təşkil olunması həm də gənclərin sosial şəbəkələrdə Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasındakı rolunu artıra bilər. Ölkəmizdə gənclərin öz bilik və bacarıqlarını, potensiallarını üzə çıxarmaq, müxtəlif sahələrdə onların bu imkanlarından yararlanmaq üçün bütün şərait mövcuddur. Sadəcə, öz fəaliyyətimizə məsuliyyətlə yanaşmalı və dövlətimiz, partiyamız tərəfindən bizə göstərilən etimadı layiqincə doğrultmalıyıq. Ölkə həyatının bir çox sahələrini əhatə edən məqsədyönlü dövlət proqramlarının, sosialyönümlü layihələrin həyata keçirilməsində gənclərin rolu əvəzsizdir. Fikrimcə, bu seminarlar gənclərin İKT sahəsində biliklərini daha da artıracaq.
Tural Əliyev, YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin üzvü:
- Biz, Yeni Azərbaycan Partiyasının gəncləri bizə yaradılan bu şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Xüsusilə, son illər ərzində gənclərin sosial problemlərini həlli istiqamətində atılan addımlar və qəbul olunan dövlət proqramları gənc nəslin sabaha olan ümidlərini gücləndirir. İki günlük keçirilən seminar bunu bir daha təsdiq edir. Bu seminarlar gənclərin bilik və bacarıqlarının artırılması üçün bütün imkanları yaradıb. Bu səbəbdən də, Azərbaycan gəncliyinin böyük əksəriyyəti partiyamızın sıralarına qoşulur. Təşkil olunmuş seminar gənclərin İKT-nin imkanlarından daha səmərəli istifadə etməsi baxımından önəmlidir. Biz təcrübəmizi artıraraq, sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün səylərimizi daha da artıracağıq.
Seminar-məşğələlərdə YAP Gənclər Birliyinin üzvləri İKT mövzusunda ətraflı fikir mübadiləsi, müzakirələr aparıb və yeni biliklərə yiyələniblər.
Qeyd edək ki, seminar dünən öz işini yekunlaşdırıb.
RƏFİQƏ KAMALQIZI