PDF Oxu

Əsas

  • 19

Azərbaycan artıq dünyada tolerantlığın ünvanı kimi tanınır

Azərbaycan artıq dünyada tolerantlığın ünvanı kimi tanınır

Martın 2-də Bakıda, "Gülüstan" sarayında "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu işə başlayıb.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə əməkdaşlığı çərçivəsində keçirilən Forumda 70-dək ölkədən 100-dən çox nümayəndə - dövlət və hökumət rəsmiləri, islam ölkələrində ictimai rəyin formalaşmasında mühüm rol oynayan beyin mərkəzlərinin rəhbərləri, alimlər, beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin təmsilçiləri, daxili və xarici siyasət, innovasiya texnologiyaları üzrə tanınmış yerli və beynəlxalq ekspertlər iştirak edirlər.

Bakı Forumunun əsas məqsədlərindən biri islam ölkələrində daxili və xarici siyasət sahəsində mühüm dəyişikliklərin və transformasiyanın tətbiqi üçün səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini təklif etməkdir. XXI əsrin çağırışları - müasir dünyada baş verən qlobal dəyişikliklər, ümumbəşəri problemlərin həllində, insanlığa qarşı təhdidlərin aradan qaldırılmasında kollektiv səyləri birləşdirmək, səmərəli fikir mübadiləsi aparmaq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq və inteqrasiya prosesində fəal təşəbbüslərlə iştirak etmək zərurəti İƏT-ə üzv ölkələrdə də elmi-intellektual potensialın təşkilatlanmasını, innovasiyalı cəmiyyət quruculuğunun vacibliyini gündəmə gətirib. Bu da öz növbəsində qabaqcıl ideyaların daşıyıcıları olan beyin mərkəzlərinin üzərinə məsul vəzifələr qoyur.

Tədbir ərəfəsində - martın 1-də "Hilton Baku" otelində islam ölkələrinin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin və mütəxəssislərin iştirakı ilə "Müdriklər qrupu"nun toplantısı keçirilib. Toplantıda Bakı Forumunun gündəliyi, sessiyalarda müzakirə olunacaq mövzular və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun rəsmi açılışı müqəddəs "Qurani-Kərim"in oxunması ilə başlayıb. Açılış plenar iclasının moderatoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov III Forumun müsəlman dünyasında uğurlu siyasi və iqtisadi transformasiya fonunda keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Forumun keçirildiyi iki gün ərzində ölkələrimizin gələcəyi ilə bağlı maraqlı məsələlərə dair çox faydalı sessiyalar keçiriləcək. Sessiyalarda biz çox geniş mövzuları əhatə edən məsələləri regiondan hansı dəyişikliklərin baş verdiyini və inkişaf mərhələlərində əldə olunan nailiyyətləri müzakirə edəcəyik. İnanıram ki, bu müzakirələrin nəticələri çox uğurlu olacaq. Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və çıxış edib. Akademik Ramiz Mehdiyev bildirib ki, Azərbaycan son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın regionda və dünyada getdikcə artan əhəmiyyəti və rolundan, qarşılıqlı əməkdaşlıq və inteqrasiyaya açıq olmasından irəli gəlir. Akademik Ramiz Mehdiyev qeyd edib ki, qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirib:

"Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkişaf yollarının axtarışını tələb edir. Tarix boyu müsəlman dövlətləri və əhalisinin əksər çoxluğunu müsəlmanlar təşkil edən ölkələr, o cümlədən Azərbaycan, qədim və zəngin mədəniyyəti, elmi ilə dünya irsinə əvəzsiz töhfə vermişdir. İslam dünyasının bir parçası olan Azərbaycan, eyni zamanda, dünyəvi, ümumbəşəri dəyərlərə də çox bağlı olmuşdur. Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaranmışdır. İlk teatr tamaşası və opera da burada səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ da ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir. Bununla yanaşı, sovet dövründə xalqımız mənəvi dəyərlərini qoruyub saxlaya bilmişdir. Dünyəvi dövlətçiliyin ənənələri, xüsusilə də dünyəvi elmlər əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Elmə və biliyə dövlətin həssas diqqəti müstəqilliyin əldə edilməsi ilə yeni keyfiyyət mərhələsinə keçmiş, bu gün də cəmiyyətimizin inkişafında müstəsna əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit ölkədir. Reallaşdırılan milli layihələr həm Azərbaycanın, həm də region dövlətlərinin sosial və iqtisadi baxımdan güclənməsinə səbəb olur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihələri Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına və Avropa ilə Asiya arasında bir nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaradır."

R.Mehdiyev, BMT-nin İnsan İnkişafı Hesabatında əhatə olunan 169 ölkə arasında Azərbaycanın son 5 ildə ən sürətli irəliləyişə nail olduğunu qeyd edərək bildirib ki, ölkəmiz 2005-ci ildə tutduğu 101-ci mövqedən 34 pillə irəliləyərək hazırda "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub. R.Mehdiyev bildirib ki, Azərbaycan polietnik, çoxkonfessiyalı dövlətdir və dünyada tolerantlığın ünvanı kimi tanınır:

"Bu gün Azərbaycan Şərqin və Qərbin dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir.

Azərbaycan hazırda regionda dinamik inkişafın lideri imicini qoruyaraq, qabaqcıl ölkələr səviyyəsinə çatmağı hədəfə almışdır. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə, Prezident İlham Əliyev yaxın dövr üçün ölkəmizdə elmə və innovasiyalara əsaslanan cəmiyyət quruculuğunu strateji hədəf kimi irəli sürmüşdür. Ölkəmizin elmi ictimaiyyəti BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycan-2020. Gələcəyə baxış" inkişaf konsepsiyasının müəyyən edilməsi istiqamətində fəaliyyət həyata keçirir. 2012-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılan bu inkişaf konsepsiyası bütün sahələrdə keyfiyyətli transformasiyaların təmin edilməsi məqsədini daşıyır. Burada dünya ölkələri ilə elmi əməkdaşlıq münasibətlərinin qurulması, qabaqcıl təcrübənin tətbiqi məsələlərinə xüsusi önəm verilir. Əminəm ki, dünyanın çoxsaylı ölkələrini təmsil edən forum iştirakçılarının potensialı və dəyərli təcrübəsi dövrümüzün üzləşdiyi çağırışlara dair səmərəli fikir mübadiləsinin aparılmasına, əməkdaşlığın intensivləşməsinə imkan yaradacaq, öz real bəhrəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm."

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun ölkəmizin tarixi üçün əlamətdar bir günə təsadüf etdiyini bildirib. Nazir qeyd edib ki, 20 il əvvəl Azərbaycan məhz bu gün - martın 2-də - BMT-yə üzv olub. Nazir ötən il müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmizin dünya birliyində oynadığı fəal roldan danışıb. Bildirilib ki, hazırda qlobal və regional çağırışlara cavab vermək Azərbaycanın xarici siyasətinin qarşısında duran ən əhəmiyyətli məsələlərdən biridir. E.Məmmədyarov Azərbaycanın təkcə enerji resursları ilə deyil, həm də nəqliyyat imkanlarına görə böyük strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat verib. Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy "Bir millət, iki dövlət" deyiminin perspektivi baxımından bu tədbirin islam dünyası ilə çoxtərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığını bildirib. Son aylarda Türkiyə-Fransa münasibətlərində yaşanan gərginlik zamanı Azərbaycanın Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnun olduqlarını deyən Süleyman Şensoy oxşar addımın İƏT-ə üzv ölkələrdən də atılmasını gözlədiklərini diqqətə çatdırıb.

Forumda iştirak etməkdən şərəf duyduğunu deyən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin xüsusi nümayəndəsi Ömür Orhun ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. 2010-cu ilin yanvarında İstanbulda keçirilmiş I Forumun İƏT-ə üzv dövlətlərin beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin yaranmasında və gücləndirilməsində mühüm bir başlanğıc olduğunu qeyd edən Ö.Orhun müsəlman ölkələri üçün onların maraqlarının təşviqi baxımından da çox vacib rol oynadığını diqqətə çatdırıb.

İslam İnkişaf Bankının qrup strateji planlaşdırma departamentinin direktoru Məhəmməd Rafe Bin Yusif müsəlman ölkələrindəki qabaqcıl ideyaların yayılmasında və mənimsənilməsində beyin mərkəzlərinin, o cümlədən belə forumların əhəmiyyətini yüksək qiymətləndirib. Biz çalışırıq ki, qabaqcıl ideyaları məhz bu Forum vasitəsilə bölüşmək imkanı əldə edək və bu transformasiya prosesini çətinliklər olmadan keçə bilək. Forumun islam ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi, beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti ilə bağlı lazımi şəbəkənin qurulması baxımından müstəsna imkan olduğunu qeyd edən Məhəmməd Rafe bin Yusif deyib ki, məhz bu tədbir yeni beyin mərkəzlərinin yaranmasına müsbət təsirini göstərəcək.

Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Ərəb Dövlətləri Liqasının Avropa departamentinin rəhbəri xanım Omniya Taha "Ərəb baharı"nın islam ölkələrində dəyişiklik və transformasiya dövrünün mühüm mərhələsi olduğunu diqqətə çatdırıb. Müsəlman ölkələrində baş vermiş dəyişikliklər bütün dünyanın diqqətini bu regiona yönəldib. "Ərəb baharı"nın müsəlman ölkələrində meydana gətirdiyi yeni çağırışların müəyyən edilməsində beyin mərkəzlərinin və belə forumların əhəmiyyəti çox böyükdür. Bu forumlar bir-birimizi daha yaxşı tanımaq və təcrübə mübadiləsi aparmaq baxımından çox vacibdir.

Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin sədri, Bəhreyn Kralının diplomatik məsələlər üzrə müşaviri Məhəmməd Əbdül Qaffar Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə bu forumun keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlıq edib. Bildirilib ki, indi dünyanın sabitliyi regionlarda olan təhlükəsizlikdən asılıdır. Bəzi Qərb ölkələri islam dünyasına qarşı dağıdıcı mövqe nümayiş etdirir və güc tətbiqindən çəkinmirlər, - deyən natiq bildirib ki, bu problemi aradan qaldırmaq üçün bütün müsəlman cəmiyyətləri düzgün seçim etməli, ekstremist qüvvələrin qarşısına çıxmalı, gənclərlə maarifləndirmə işi aparmalı, islam ölkələri ilə əlaqəli şəkildə bu cür hallara qarşı birgə mübarizə yolunu tapmalıdır. İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adaileh Kral II Abdullahın Forum iştirakçılarına salamlarını və təbriklərini çatdırıb, bu tədbirin ciddi və konstruktiv dialoq baxımından əhəmiyyətini qeyd edib. Malayziyanın Beynəlxalq İslam Universitetinin rektoru Zaleha Kamaruddin isə gənc nəslə yaxşı təhsil verməklə müsəlman cəmiyyətlərində inkişafa nail olmağın əhəmiyyətindən danışıb. Bildirib ki, bunun üçün beyin mərkəzlərinin cəmiyyətdə rolu artırılmalıdır.

Küveyt Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sami Əl-Fərəc İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun əhəmiyyətindən danışaraq bildirib ki, tədbirin məqsədi islam dünyasında inkişaf məqsədlərinə xidmət etməkdir. Odur ki, mövcud böhranları həll etmək üçün bu Forum alternativ vasitə hesab oluna bilər. İslam Araşdırmaları üzrə Oksford Mərkəzinin rəhbəri Fərhan Əhməd Nızami prosesin daha keyfiyyətli alınması üçün digər alternativ vasitə kimi transmilli əməkdaşlığın əhəmiyyətini vurğulamış, bu məsələdə beyin mərkəzlərinin əhəmiyyətini qeyd edib. Rəsmi açılış bitəndən sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.

Sonra İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumu öz işini "Hilton Baku" otelində sessiyalarla davam etdirib. Martın 3-də Forum öz işini plenar iclas və "İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması missiyası", "Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı" mövzularında sessiyalarla davam etdirəcək. Forumun yekununda anlaşma memorandumları imzalanacaq, Bakı Bəyannaməsi qəbul olunacaq.

Digər xəbərlər