PDF Oxu

Əsas

  • 17

Qaçqın və məcburi köçkünlərlə bağlı işlər daim dövlətin diqqətindədir

Qaçqın və məcburi köçkünlərlə bağlı işlər daim dövlətin diqqətindədir

Bu gün ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə edildiyi kimi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində də ciddi və uğurlu işlər aparılmaqdadır. Əgər nəzər salsaq, görərik ki, ümumilikdə, münaqişə dövründə - yəni son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manat və ya 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur ki, bunun 2,7 milyard ABŞ dolları dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun və 900 milyonu isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. O cümlədən, ötən 2011-ci ildə 500 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir və həmin vəsaitin 295 milyonu büdcə, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Bu vəsaitin 60 faizi son 8 ildə

Prezident İlham Əliyevin hakimiyyəti dövründə istifadə olunmuşdur

İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına 70 müasir, bütün sosial-texniki infrastruktura malik qəsəbələr salınmış, 22 min ailənin 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Şübhəsiz ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyası olmasaydı, bu irimiqyaslı layihələri yerinə yetirmək də mümkün olmazdı. İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə, 45 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 141 Qərar və Sərəncam, Milli Məclis isə 9 Qanun qəbul etmişdir. O cümlədən, 2011-ci ildə 7 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 12 Qərar və Sərəncam, Milli Məclis isə 1 Qanun qəbul etmişdir. Xüsusilə, qeyd etmək istərdim ki, bu istiqamətdə nəzərdə tutulan işlər davamlı olaraq, vaxtında və heç bir gecikməyə yol verilmədən uğurla icra olunmuşdur.


Regionlarda yeni qəsəbələrin tikintisi müvəffəqiyyətlə aparılır


Ötən 2011-ci ildə Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli 9 yaşayış binasının, Heydər Əliyev Mərkəzinə yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə məskunlaşmış məcburi köçkünlərə Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılmış, həmçinin, Bakı şəhəri ərazisində dövlət ehtiyacları ilə əlaqədar 406 məcburi köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti ilə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilmişdir. Eləcə də, "Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamın icrası ilə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkün ailələrinin Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülməsi tamamilə başa çatdırılmışdır.

Ötən il, eyni zamanda, investisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda Konserv Zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin, Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin inşası başa çatdırılmışdır. İndiyədək Axıska türklərinə məxsus 324 evin inşası başa çatdırılmış və bundan sonra da bu layihə davam etdiriləcəkdir. Beləliklə, il ərzində 2120 ailənin - 10600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Qayğının bariz nümunəsi


2011-ci ildə yeni salınmış 3 qəsəbənin açılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir, bu da dövlətimizin ölkənin bir nömrəli probleminə, qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının bariz nümunəsidir. Ötən il dekabrın 24-də Prezident İlham Əliyevlə birgə Qarabağ bölgəsinə səfər edərək, məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında iştirakı bütün dünyaya ciddi və əhəmiyyətli bir mesajdır. Bununla, O, bütün dünyaya bildirdi ki, qaçqın və məcburi köçkün problemi ölkə üçün, şəxsən Onun üçün bir nömrəli problemdir və münaqişənin həllində heç bir güzəştə yol verilməyəcəkdir. Xatırlatmaq istərdim ki, həmin görüşdə cənab İlham Əliyev qeyd etmişdir: "Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz". Dövlət başçımızın bu ifadəsi nəinki məcburi köçkünlər, hətta bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Bütün məcburi köçkünlər o günü özləri üçün tarixi bir gün hesab edirlər. 2011-ci ildə 2171 nəfər məcburi köçkün daimi, 5 min nəfərə qədər isə mövsümi işlə təmin olunmuş, 10 min 600 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Son 8 ildə isə 83 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilmişdir.

Məcburi köçkünlərə

güzəştli kreditlər verilir


Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2011-ci illərdə 660 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 9,6 milyon manat, o cümlədən, 2011-ci ildə 162 məcburi köçkün sahibkara 5,9 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 2011-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edən 106 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, nəticədə, 55 min nəfər faydalanmışdır. O cümlədən, 2004-2011-ci illərdə 75 faizi məcburi köçkün olan 289 min nəfərin faydalandığı və dəyəri 34,5 milyon ABŞ dolları təşkil edən 478 icma mikrolayihəsi icra edilmişdir. Həmçinin, son 8 ildə 9,6 min nəfər məcburi köçkünə 4,5 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 44 min 500 nəfər məcburi köçkün faydalanmışdır.

Dünya Bankı ilə Saziş imzalanmışdır


Belə ki, Dünya Bankının veb-saytının ana səhifəsində Azərbaycan hökuməti ilə birgə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr yüksək qiymətləndirilmişdir. Ötən ilin dekabrından və cari 2012-ci ildən başlayaraq, hər bir məcburi köçkünə verilən aylıq yemək xərci müavinətinin həcmi 10 faiz artırılmışdır. Bütün bunlarla yanaşı, komitəyə 2011-ci ildə 46 min müraciət daxil olmuş, onun 72 faizi müsbət həll edilmişdir. Həmçinin, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə onların elektrik enerjisi, qaz və su ilə fasiləsiz təminatı aidiyyəti xidmət təşkilatları ilə sıx əməkdaşlıq nəticəsində yerinə yetirilir və ortaya çıxan bütün problemlər operativ şəkildə həll olunur. 2011-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 715 manat (894 ABŞ dolları) təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

Fəaliyyətə başladığı ilk gündən

etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin

üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanlarının fotoşəkilləri sərgilənir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirilir. Bu il Xocalı soyqırımının 20 illik anım günündə faciənin dünya miyasında qeyd edilməsində fondun əməyi müqayisəolunmaz dərəcədə böyükdür. Eyni zamanda, mütəmadi olaraq keçirilən Yeni il şənliklərinə, Novruz bayramlarına qaçqın və məcburi köçkün uşaqları da dəvət edilir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası isə, bütövlükdə, çox incə, vacib və mühüm məqamları ehtiva edir.

Eyni zamanda, ölkənin yüksək iqtisadi inkişafına baxmayaraq, humanitar təşkilatların bu gün də Azərbaycanda fəaliyyət göstərməsinin bir səbəbi vardır. Bu da Azərbaycan dövlətinin onların şəffaf, sərbəst və səmərəli fəaliyyətləri üçün yaratdığınız şəraitdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quttereş, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ceyms Morris, BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ölkəmizə son səfərləri zamanı qeyd etmişlər: "Azərbaycan Prezidenti İlham Əliyevin ölkədəki bütün qaçqın və məcburi köçkünlər, o cümlədən, beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunədir. Azərbaycan hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir".

Sonda isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2003-cü ildəki xalqa müraciətindən bir sitat gətirmək yerinə düşərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev axıra çatdıra biləcəkdir. Mən ona özüm qədər inanıram, gələcəyinə böyük ümidlər bəsləyirəm".


AYAZ ORUCOV,

"Qaçqın və Məcburi Köçkünlərin Sosial Müdafiə Fondu"nun direktoru, millət vəkili

Digər xəbərlər