PDF Oxu

Əsas

  • 19

YAP-ın sıralarında intellektual gənclər birləşib

YAP-ın sıralarında intellektual gənclər birləşib

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov Bakı Dövlət Universitetinin bir qrup fəal gəncləri ilə görüş keçirib. Tədbirdə çıxış edən YAP GB sədri Seymur Orucov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işləri və islahatlar, eləcə də, gənclər siyasətinin uğurlarını vurğulayaraq, dövlətimizin Azərbaycan gəncliyinə yüksək diqqət və qayğısından danışıb.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir: "Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir".

YAP GB sədri, həmçinin, bildirib ki, son illər partiyanın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır. Eyni zamanda, beynəlxalq əlaqələrini də gücləndirir. Müasir dövrdə kiçik informasiyanın geniş auditoriyaya çatdırılması, siyasi məqsədlər və müəyyən ideologiyanın yayılması imkanlarının olduqca geniş olduğunu diqqətə çatdıran S.Orucov onu da vurğulayıb ki, bu gün ölkəmiz haqqında reallıqları əks etdirməyən antipiar məqsədlərinə xidmət edən məlumatlar yayılmaqdadır. Onun sözlərinə görə, YAP sıralarında aktiv gənclər olaraq, hər birimiz dövlət və millətimiz üçün irəli sürülən iddialara qarşı biganə olmamalı və layiqli cavab verməyi özümüzə borc bilməliyik.

Görüşdə çıxış edən BDU Tələbələr Həmkarlar İttifaqı sədri Daşqın Qənbərov, YAP Yasamal rayon gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev və başqaları YAP GB-nin Azərbaycanın ən böyük, güclü gənclər təşkilatı kimi dövlətin gənclər siyasətinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər. Çıxış edənlər, partiyanın gənclər üçün bir sıra əhəmiyyətli layihələr həyata keçirdiyini qeyd ediblər və İKT sahəsində gənclərin öz təcrübələrini artırması yönündə olan layihələrin əhəmiyyətini vurğulayıblar. Tədbirin sonunda görüş iştirakçıları ilə açıq diskussiya keçirilib.


R.KAMALQIZI

Digər xəbərlər