PDF Oxu

Əsas

  • 17

Səbail rayonunda qadınlar üçün bayram tədbiri keçirildi

Səbail rayonunda qadınlar üçün bayram tədbiri keçirildi

Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə bayram tədbiri keçirilibdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin, bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov açaraq, iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi. Natiq 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat verdi, bildirdi ki, 101 il əvvəl Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.

"Ümummilli Liderimiz Heydər Əliyev qadınlarımız barədə "...Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm" demişdir" fikrini söyləyən A.Əsgərov onu da bildirib ki, Ulu Öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır: "Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Böyük Vətən müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək, qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf etmişlər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik".

"Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir" sözlərini deyən A.Əsgərov onu da vurğuladı ki, Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51 faizini 46 min nəfərdən çoxunu qadınlar təşkil edir: "Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 30 nəfər əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 19 nəfər müxtəlif orden və medallara layiq görülmüşdur. Elm, təhsil, səhiyyə ocaqlarında yüzlərlə elmlər doktoru və elmlər namizədləri çalışır".

Səbail rayon icra hakimiyyətinin başçısı A.Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara Səbail rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.

Tədbir tanınmış incəsənət ustalarının konserti ilə başa çatıb.

R.Kamalqızı

Digər xəbərlər