"Avropanın ən mötəbər yarışı olan "Eurovision"-da iştirakdan imtina Ermənistanın onsuz da yaxşı olmayan imicinə ciddi zərbə vuracaq". SİA-nın xəbərinə görə, bunu YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi başqa ölkələrin təmsilçilərinə olduğu kimi, Ermənistan təmsilçisinə də müsabiqədə iştirak üçün hər cür şərait yaradıb.
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda bu gün keçirilən görüşünə də münasibət bildirən YAP Sədrinin müavini bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib: "Bu cür görüşlər müxtəlif səviyyələrdə keçirilir. Hesab edirəm ki, belə görüşlər bu və ya digər dövlətlər arasında münaqişəli vəziyyətlərin, anlaşılmaz sualların həllini tapması üçün, dövlətlər arasında münasibətləri tənzimləməkdən ötrü böyük əhəmiyyət kəsb edir".
Əli Əhmədov hesab edir ki, həmin məsələlər mətbuat vasitəsilə, deyişmə və atışmalarla deyil, bilavasitə məsul şəxslərin apardığı müzakirələr, dialoq, danışıqlar və fikir mübadiləsi nəticəsində öz həllini tapır: "Azərbaycan tərəfi bu cür danışıqlara həmişə hazır olub, bir sıra hallarda belə danışıqların təşəbbüskarı kimi çıxış edib".