Dünən YAP Gənclər Birliyinin Nərimanov rayon təşkilatının fəal gəncləri ilə görüşündə sosial şəbəkələrdən səmərəli istifadə qaydaları müzakirə olunub. Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev Azərbaycanın müasir mərhələdə yeni inkişafa doğru getdiyini söylədi. T.Tağıyev onu da bildirdi ki, hazırda Azərbaycan gəncliyinə böyük diqqət yetirilir.
Ölkəmizdə gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən rayon təşkilatının sədri vurğuladı ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələr üzrə böyük uğurlar qazanır. Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır. Azərbaycan hökuməti gəncliyin inkişafı ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün müvafiq addımlar atır".
Təhmiraz Tağıyev bu gün, nəinki Azərbaycan, bütün dünya gənclərinin maraq göstərdiyi sosial şəbəkələrlə bağlı fikirlərini bildirərək, vurğuladı ki, ölkəmizin bütün gəncləri kimi, YAP-ı təmsil edən gənclər də bu sosial şəbəkələrdə fəal iştirak edirlər, müzakirələrə qatılırlar. T.Tağıyev son vaxtlar müxalifət partiyalarının nəzarətində olan və xüsusilə də, ölkədən kənardakı qruplarla əlaqəsi olan bir qrup gəncin sosial şəbəkələrdən istifadə edərək, müəyyən çağırışlar etdiyini, təxribatçı ideyalar ortaya atdığını bildirdi: "Lakin birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər".
T.Tağıyev, həmçinin, gəncləri İKT-nin imkanlarından daha səmərəli istifadə etməyə, sosial şəbəkələr vasitəsilə, Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində fəal olmağa çağırdı.
Görüşdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək, bildirdi ki, artıq 2011-ci ildə yeni heyətin seçilməsindən bir ildən çox vaxt keçir və ötən bu dövrdə görülən işlərin fonunda qarşıya yeni vəzifələr qoyulur: "Ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət, bütün sahələrdə inkişaf üçün möhkəm zəmin yaradır, o cümlədən, gənclər siyasəti də buna bariz misaldır. Ötən il ərzində də gənclərə yönələn dövlət qayğısı bir neçə aparıcı istiqamətdə - gənclərin ictimai həyatda fəallığının artırılması, onların kütləvi şəkildə müxtəlif idman bölmələrinə və yaradıcı fəaliyyətə cəlb edilməsi, tələbə təqaüdlərinin artırılması və onların asudə vaxtlarının səmərəli təşkilində özünü əyani şəkildə büruzə vermişdir".
S.Orucov Gənclər Birliyinin həyatında mühüm hadisələrdən də danışaraq, təşkilatın III konfransından ötən dövr ərzində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, bu müddət ərzində qarşıda duran perspektiv vəzifələr müəyyənləşdirilmiş, təşkilati məsələlər müzakirə edilmişdir. Eyni zamanda, Gənclər Birliyinin yeni sədri, İdarə Heyəti və Şurası seçilmişdir. Konfransda YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri və Milli Məclisin deputatları iştirak etmişlər.
YAP Gənclər Birliyinin əsasını qoyduğu "Yay məktəbləri" ənənəsi ilə bağlı tədbirlərdən danışan S.Orucov ötənilki bir sıra maraqlı layihələrin həyata keçirilməsi ilə yadda qaldığını söylədi: "Həyata keçirilən yay istirahət düşərgələrində, ümumilikdə, 600-ə yaxın YAP Gənclər Birliyinin fəalı iştirak etmişdir. S.Orucov, həmçinin, YAP Gənclər Birliyi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində də fəaliyyət göstərdiyini də vurğuladı. Xüsusi olaraq qeyd etdi ki, 2011-ci ildə YAP Gənclər Birliyi üçün ən böyük hədiyyə dekabrın 24-də yeni qərargahın ixtiyarımıza verilməsi olmuşdur: "Müasir standartlara cavab verən və yeni texnologiyalarla təchiz olunmuş ofisin gənclərimizə verilməsi dövlətimizin biz gənclərə olan qayğısının bariz nümunəsidir".
YAP Nəsimi rayon gənclər birliyinin sədri, YAP GB-nin ofisinin meneceri Sərraf Hüseynov isə ofisin iş prinsipi, həyata keçirilən, o cümlədən, həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında geniş məlumat verdi: "YAP Gənclər Birliyinin ofisimizdə müasir avadanlıqlarla təmin olunmuş konfrans zalı, 10 ədəd kompyuterdən ibarət bilgisayar mərkəzi, GB-nin sədr və müavinləri üçün otaqlar və iş otaqları yerləşir. Bütün bunlara görə gənclərimiz adından partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyev və partiyamızın bütün rəhbər heyətinə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk".
S.Hüseynov onu da vurğuladı ki, bu gün hər bir Azərbaycan gənci virtual aləmin, İKT-nin imkanlarından istifadə etməlidir: "Bu gün real həyatda müşahidə olunmayan müxtəlif qərəzli məlumatlar çox asanlıqla virtual aləmdə öz əksini tapır. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan veb səhifədir. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış "Facebook" və 2006-cı ildə yaradılan "Twitter" hesab edilir".
S.Hüseynov gənclərə onu da bildirdi ki, belə görüşləri keçirməkdə əsas məqsədimiz sosial şəbəkələrdə vətəndaş olaraq məsuliyyətimizi dərk etmək, həmçinin, üzərimizə düşən borcumuzu yerinə yetirmək üçün vəzifələrin müəyyənləşdirilməsidir.
Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov tədbirdə çıxış edərək, bildirdi ki, bu gün Azərbaycan gəncləri informasiya texnologiyalarından səmərli istifadənin, internet resurslarından daha geniş şəkildə yararlanmağın modern üsullarını öyrənirlər: "Təbii ki, Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən gənclər də bu kimi mühüm vasitələrdən istifadə edərək, müasir dünyada yeni-yeni ünsiyyətlərin yaradılmasında yaxından iştirak edirlər. Son vaxtlar erməni lobbisi beynəlxalq media sistemində Azərbaycan əleyhinə qara piar aparır. Ona görə də, Nəcəf Novruzov onu da bildirdi ki, bu gün sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti əleyhinə qara piar kampaniyası aparılır: "Burada xarici dairələrlə bərabər, çox təəssüf ki, sinxron şəkildə daxildəki bəzi qruplaşmalar da iştirak edir. Bu qruplaşmalar sosial şəbəkələrdə yalan məlumatlar yaymaqla məşğuldur. YAP gəncləri sosial şəbəkələrdə geniş fəaliyyət göstərirlər. Ona görə də gənclərimiz sosial şəbəkələrdə iştirak edərək, ölkə Prezidentinin həyata keçirdiyi siyasət, uğurlar, görülən işlər, həmçinin, qarşımızda duran vəzifələrlə bağlı fikirləri dünyaya çatdırmalıdır. İnanıram ki, gənclərimiz bundan sonrakı ictimai fəaliyyətlərində daha aktiv və fəal iştirak edəcəklər".
YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı isə müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini bildirdi: "Bu texnologiyaları mənimsəmək, biliklərə yiyələnmək günümüzün reallıqlarıdır. Bu gün YAP üzvlərinin 40 faizini gənclər təşkil edir və gənclərin partiya sıralarına axını geniş vüsət alıb. Xüsusi olaraq, qeyd edim ki, bu gün gənclərin intellektual potensialı çox yüksək səviyyədədir. YAP Nərimanov rayon təşkilatının gəncləri ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, həmçinin, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi layihələrdə də fəallıq nümayiş etdirirlər. Bildiyimiz kimi, müasir dünyada İKT-nin inkişafı böyük vüsət aldığı bir zamanda gənclərin bu texnologiyaları mənimsəməsi, sosial şəbəkələrdə fəal iştirak etmələri günümüzün aktual məsələlərindəndir. Bu baxımdan da, fəaliyyətində hər zaman yeniliklərə üstünlük verən partiyamızın həyata keçirdiyi bu layihələr gənclərimiz tərəfindən rəğbətlə qarşılanır. İnanıram ki, gənclərimiz bundan sonra da öz bilik və bacarıqlarını artıracaq və fəaliyyətlərində İKT-nin imkanlarından daha geniş şəkildə yararlanacaqlar".
Tədbir iştirakçılarından YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin üzvü İlkin Hüseynov bildirdi ki, Azərbaycan gəncləri dövlətimizin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir: "Odur ki, gənclərimiz müstəqil respublikamızın daha da çiçəklənməsində və inkişafında, habelə, ictimai-siyasi həyatında daima yaxından və fəal iştirak edirlər. Xüsusilə, müasir dövrdə sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək, ideoloji məsələləri dərk etmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələrinin vacibliyini vurğuladı. Qeyd etdi ki, müasir dövrdə gənclərin sağlam düşüncə ilə inkişaf etməsi üçün internetin mükəmməl təsiri var və bu baxımdan da belə tədbirlərin mütəmadi olaraq davam etdirilməsi gənclərin intellektual düşüncəsinə müsbət təsiri olacaq.
Sonda müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
RƏFİQƏ KAMALQIZI