PDF Oxu

Əsas

  • 11

Novruz gəldi, yaz gəldi...

Novruz gəldi, yaz gəldi...

Dünən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında Novruz bayramı münasibəti ilə tədbir keçirilib. YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva tədbir iştirakçılarını axır çərşənbə, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırdı. S.Vəliyeva bildirdi ki, görüşümüzün belə canlı, təmtəraqlı təşkilinin əsas səbəbi mərasim iştirakçılarının əsasən gənclərdən ibarət olmasıdır: "Milli bayramlarımızdan ən müqəddəsi olan, əsrlərdən bəri bütün inancları və atributları ilə qorunub saxlanılan, mənəviyyatımızı zənginləşdirən Novruzun gəlişi hər kəsdə xoş duyğular oyadır. Ölkəmizdə hər cür diqqət və qayğı ilə əhatə olunmuş gənclər Novruzun gəlişinə, yeni günün, fəslin başlanmasına daha çox sevinir, şənlənirlər. Fəsillərin gözəli baharın gəlişi, təbiətin yenilənməsi də qədəmləri uğurlu olan Novruzla bağlıdır".

S.Vəliyeva onu da vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan gəncliyi: 2011-2015-ci illər" Dövlət Proqramının qəbulu, Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi gələcəyimiz olan sizlərə inamını artırır, vətəndaşlıq məsuliyyətinizi müəyyənləşdirir: "Hər anı sevinc, fərəhdolu olan gənclik dövrü bayram günlərində daha təravətli olur. Bu duyğular salona toplaşanların hamısının çöhrəsində hiss olunur. Bayram günlərində sizin hər birinizə təhsildə, ictimai işlərdə müvəffəqiyyətlər arzulayır, Vətənə, xalqımıza layiq övladlar olmağınızı arzulayırıq".

"Bütün inancları ilə mənəvi dəyərlərimizi zənginləşdirən Novruz bayramının əxlaqımıza göstərdiyi təsir daha güclü və daimidir" söyləyən Milli Məclisin deputatı Gülər Əhmədova qeyd etdi ki, bütün qadağalara baxmayaraq, bu el mərasiminin bütün atributları ilə bu günümüzə qədər qorunub yaşatmasının səbəbi də elə onun insanlara verdiyi dəyərdir.

Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülzar İsrafilova, Nizami rayonu şəhid və Qarabağ əlilləri birliyinin sədri Məhi Mehdiyev çıxış edərək, gənclərə ürək sözlərini bildirdilər. Qeyd etdilər ki, Novruz bayramının ən gözəl keyfiyyətlərindən biri də budur ki, həmin gün uzaqda, yaxında olanlar, həyatdan köçənlər bir daha yad olunur, xatirələri əziz tutulur.

Milli Məclisdə Nizami rayonu sakinlərini təmsil edən, ARDNŞ-in prezidenti, millət vəkili Rövnəq Abdullayevin xoş arzularını və bayram təbriklərini mərasim iştirakçılarına çatdıran deputatın köməkçisi Sabit Mahmudov bütün zamanlarda dövlətin gənclərə böyük dəstək olduğunu vurğuladı: "Rayonda aparılan bütün quruculuq işlərində yaxından iştirak edən, xeyirxahlıq əməlləri, kimsəsiz və aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğısı ilə vətəndaşlaq borcunu yerinə yetirən, ona göstərilən etimadı doğruldan Rövnəq Abdullayev gənclərə həmişə dəstək olur, onlara diqqətlə yanaşır. Prezident İlham Əliyevin gənclərin daha məsul işlərə cəlb olunması kimi tövsiyəsinə şirkətdə daha çox əməl olunur. Şəhid ailələrinə, əlillərə diqqət və qayğı ilə yanaşılır. Bu tədbirdə iştirak edən şəhid ailələrinin övladlarını bayram sövqatı ilə sevindirməyi də unutmur".

Tədbirdə Nizami rayonunun ərazisindəki məktəblərdə təhsil alan 120 nümunəvi şagirdə bayram hədiyyəsi verildi. Həmçinin, bu il respublikanın ali məktəblərinə qəbul olunan 10 nəfər şəhid və Qarabağ əlilləri ailələrinin övladlarına pul mükafatı təqdim edildi. Eyni zamanda, rayonun ictimai işlərində fəal iştirak edən Məhi Mehdiyevə, müğənni Zahid Qubadlıya YAP Nizami rayon təşkilatının fəxri fərmanları verildi.


Tədbirdə iştirak edən gənclərin ürək sözləri


Qarayeva Aynur, YAP Nizami rayon təşkilatının gənclər birliyinin üzvü:

- Bu gün ölkəmizin davamlı tərəqqi yolunu uğurla davam etdirməsi bilavasitə Yeni Azərbaycan Partiyasının inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Sevindirici hallardandır ki, partiyamızın sıralarına qoşulanlar arasında biz gənclər üstünlük təşkil edirik. Bu amil artıq bir neçə ildir özünü davamlı olaraq göstərməkdədir. Gənclərimizin partiyamızın sıralarına böyük həvəslə qoşulması bir tərəfdən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev siyasətinin gənclərimiz arasında dəstəklənməsinin göstəricisidir. Digər tərəfdən, bu faktor YAP-ın özünün həm cəmiyyətdə, həm də gənclər arasında mövqeyinin güclənməsindən xəbər verir. Gənclərin partiyamıza qoşulması YAP-ın gücünü, gənclik enerjisini artırır. Bu səbəbdən də, biz gənclər hazırda radikal müxalifətin yürütdüyü "gənclər siyasətinə" qarşı çıxır və qətiyyətlə buna etiraz edirik. Bu gün radikal müxalifət liderləri gənclərin YAP ətrafında cəmləşməsindən narahatdırlar. Siyasi tullantıya çevrilən radikal müxalifət partiya liderləri gənclərin YAP nizamnaməsində göstərilən prinsipləri qəbul etmələrini, ilk növbədə, radikal müxalifətin ölkə gəncləri tərəfindən boykot edilməsi, gənclərin müxalifətə olan inamsızlığı kimi qəbul edirlər. Radikal müxalifət çıxılmaz vəziyyətdə qaldığı üçün çıxış yolunu kütləvi aksiyalar keçirməkdə, görərək, bu yolla gündəmdə qalmağa çalışırlar. Lakin radikal müxalifət liderləri anlamalıdır ki, cəmiyyətdə hörmətə- izzətə, xüsusi çəkiyə və söz sahibinə malik olmalısan ki, ətrafında dəyərli insanlar toplaşa bilsin. Amma bu partiyaların real gücü, qüvvəsi olmadığına, eyni zamanda, cəmiyyət və seçkilər tərəfindən real dəstəkləri olmadığına görə, radikal müxalifət tərəfindən keçirilən bu aksiyaların heç bir nəticəsi olmur.


Ülkər Səmədova: "Vaxtilə müxalifətdə təmsil olunan gənclər belə dağıdıcılıq siyasətinə etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müracətlər edirlər"


YAP Nizami rayon təşkilatı gənclər birliyinin üzvü Ülkər Səmədova da deyilənlərə qoşularaq, bildirdi ki, radikalların bu kimi isterikalara qapılmaları, gənclər adından çıxışlar etmələri, sadəcə olaraq, görüntü yaratmaqdan başqa bir şey deyil: "Belə görüntüləri süniləşdirməklə gündəmdə qalmağa cəhd göstərən dağıdıcı müxalifətin sağlam düşüncəli gəncləri öz ətraflarına toplamaq cəhdi də, əslində, özlərini ifşa etmək deməkdir. Çünki Azərbaycanın gənc nəsli nə radikalizmi, nə də ki, qondarma liderləri qəbul etmir. Hətta vaxtilə müxalifətdə təmsil olunan gənclər belə dağıdıcılıq siyasətinə etiraz əlaməti olaraq, Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müracətlər edirlər. Çünki nə qədər ki, radikal müxalifət liderləri öz əməllərinə son qoymayacaqlar, Azərbaycan gəncliyi də onlardan uzaq olacaq. Bu isə, bugünkü radikalizmin tamamilə iflası deməkdir".


Fuad Əsgərov: "Müxalifətin radikal qanadı mitinq şousu yaratmaq və bununla da siyasi səhnədə

mövcudluğunu göstərmək istəyir"


YAP Nizami rayon təşkilatı gənclər birliyinin üzvü Fuad Əsgərov isə bildirdi ki, müəyyən dairələrin, xüsusilə də, erməni lobbisinin təsiri altında olan dairələrin himayəsi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhdlər beşiyindəcə məhv olacaq və məğlubiyyətə düçar olacaq: "Müxalifətin radikal qanadı mitinq şousu yaratmaq və bununla da siyasi səhnədə mövcudluğunu göstərmək istəyir. Müxalifətin radikal qanadına "gənclər siyasəti" istiqamətində müəyyən xarici dəstəklər ola bilər. Bu xarici dəstəklər birbaşa erməni lobbisi ilə bağlı olan təşkilatlar vasitəsilə, ayrı-ayrı siyasiləşmiş QHT-lərin maskalanmış pərdəsi altında ötürülür və ötürülməkdə davam edir. Belə faktlar zaman-zaman mətbuatda yazılır. Ayrı-ayrı xarici QHT-lər qrantların müəyyən vəsaitini radikal qanada ötürür, onlar da sosial şəbəkələr vasitəsilə "gənclərə çağırış" imitasiyasını həyata keçirirlər. Bu qurumların maliyyə mənbələri araşdırılarkən, həmin qurumların birbaşa xarici ölkələrdəki erməni təşkilatları ilə bağlılığı ortaya çıxır. Lakin onların bu kimi qondarma siyasətləri hər zamankı kimi fiaskoya uğrayacaq. Çünki Azərbaycan gəncliyi bunlardan fərqli olaraq, quruculuğun, dövlətçiliyin və vətənpərvərliyin tərəfdarlarıdırlar. Biz radikal müxalifətin toruna düşmüş gəncləri bir daha dövlətçiliyə xidmət etməyə səsləyirik".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər