PDF Oxu

Əsas

  • 12

Hakimiyyət dialoqa hazırdır. Bəs müxalifət?

Hakimiyyət dialoqa hazırdır. Bəs müxalifət?

Müxalifətçilik fəlsəfəsinə yad olan ölkə qaragüruhçuları hər dəfə çətin sınaq ilə üz-üzə qaldıqda, müxtəlif bəhanələr uydurmaqla, ictimai diqqəti yayındırmağa çalışırlar. Əlbəttə ki, bunun onların ənənəvi "taktikası" olması hər kəsə gün kimi aydındır. Amma düşünmürlər ki, bu gün Azərbaycan cəmiyyəti müxalifətin fəaliyyətsizliyinin əsas səbəblərini detallı şəkildə bilir.

Lakin hər dəfə anti-Azərbaycan qruplarının maraqlarını ifadə edən prosesləri ölkə daxilində ictimailəşdirən müxalifət, hətta bunun əvəzində, nə əldə etmək istədiyini belə bilmir. Çox uzaq getmədən heç də əxlaqi davranış etikası baxımından bir-birindən fərqlənməyən müxalifətçilər Xədicə İsmayılqızı ətrafında elə bir toz-duman qaldırıblar ki, gözləri artıq heç nəyi görmür. Sanki "Üç palma" əhvalatı, Azər Əhmədin videoları, "Oğuz" hotellərindəki Qan Turalının və Natiq Güləhmədoğlunun əməlləri heç olmayıb, hətta Ruslan Bəşirli 2000 dollara Qarabağı ermənilərə satmaq istəməyib və bunlar əxlaq etalonu kimi, öz sıralarındakıları ictimaiyyətə saf qızıl kimi sırımaq istəyirlər. Amma yaddaşımızda olan faktlar bizə məsələlərə daha aydın şəkildə yanaşmağa imkan verir. Elə müxalifətçilərin "dialoq" bəhanələrinə də...


Hakimiyyət müxalifətlə dialoq aparmağa hər zaman hazırdır

Müxalifət indi də hakimiyyətin dialoqa getmədiyini iddia etməklə absurd bir məsələ ortaya atıb. İddia edirlər ki, hakimiyyət təmsilçiləri müxalifət nümayəndələri ilə dialoq yaratmaqdan çəkinir. Qeyd edim ki, adətən, bu cür addımlarla müxalifət müəyyən müddət gündəmdə qalmağı bacarırdı. Amma bu dəfə müxalifətin cavabı özünü çox gözlətmədiyi üçün müxalifətin planları alt-üst oldu.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı mətbuata açıqlamasında bildirib ki, hakimiyyət müxalifətlə dialoq aparmağa hazır olduğunu həmişə deyib: "Nümayəndə mən, nə vaxt istəyirlər, müxalifətin istənilən təklifini dinləməyə, onlarla bu məsələləri müzakirə etməyə hazıram".

Əli Həsənov müxalifətlə görüşün yeri və saatının onun üçün əhəmiyyətli olmadığını da deyib: "Ürəkləri harada istəyir, mən onlarla görüşməyə, onlarla Azərbaycan dövləti, dövlətçiliyi, ictimai-siyasi həyatımız, siyasi-iqtisadi sistemimizlə, həyata keçirilən tədbirlərin dəyərləndirilməsi ilə bağlı söhbət etməyə, müzakirələr aparmağa hazıram. Burda qeyri-adi heç nə yoxdur".

Lakin müxalifət nümayəndələri ənənəvi ampluasında olaraq, adekvat cavabdan yayındılar. Çünki onların hakimiyyət nümayəndəsi ilə dialoq aparması müxalifətin olan-qalan tərəfdarlarının da itməsinə səbəb ola bilər.


Müxalifətin dialoqdan yayınmasının əsas səbəbləri

Əlbəttə ki, müxalifətin hakimiyyət nümayəndələrilə dialoqdan yayınmasının xüsusi səbəbləri də mövcuddur. Birincisi, müxalifət hakimiyyət nümayəndəsi ilə dialoqa çıxarmağa layiqli bir nümayəndəyə malik deyil. Müxalifətçilərin ən başda olanları Əli Kərimov və İsa Qəmbərov hansı fəaliyyətlərinə görə, xalqın qarşısına çıxıb söz deyəcəklər. Heç müxalifətin başqa nümayəndələri haqqında demirəm. Hakimiyyət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə qurulmuş müasir dövlətdən, möhkəm dövlətçilikdən danışacağı halda, müxalifətçilər nədən söz açacaqlar? Yoxsa, Azər Əhmədin, Qənimət Zahidin "qəhrəmanlığından", Qan Turalının, Natiq Güləhmədoğlunun və Ruslan Bəşirlinin əməllərindən bəhs edəcəklər? Bəlkə, 2005-ci il parlament seçkiləri dövründə İsa Qəmbərovla Əli Kərimovun bir-birinə necə badalaq gəlməsindən danışacaqlar? Əlbəttə ki, müxalifətçilərin xalqın qarşısında durub hansısa məntiqli bir predmetdən danışması mümkün deyil. Çünki onlar bu xalqa etdiklərini artıq ediblər. Təkcə 1992-ci ildə hakimiyyəti silah gücünə qəsb edib, sonradan Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə səbəb olan AXC-Müsavat hakimiyyətinin antimilli fəaliyyətini xatırlatmaq kifayətdir.

İkincisi, müxalifətin Azərbaycan cəmiyyətində dəstəyi yoxdur. Qeyd edək ki, aprel ayında müxalifətin ötənilki dərin fiaskosunun 1 ili tamam olacaq. 2011-ci ilin 4 ayında "özünü yandırmağa göysatan" axtaran müxalifət bəzi hadisələrdən təsirlənərək, bir sıra antimilli dairələrin dəstəyilə "hakimiyyətə gəlmək" istədi. Lakin yaranmış mənzərə müxalifətə elə bir sarsıdıcı zərbə vurdu ki, cəmi 1 ay ərzində yüzlərlə insan müxalifət partiyalarının sıralarını tərk etdi. Məhz bundan ibrət götürən müxalifət bu dəfə də eyni aqibəti yaşamaq istəmir. Sadəcə, müxalifət bu cür məsələlərlə gündəmdə qalmaq və prezident seçkiləri ərəfəsində hansısa xarici dairələrin sifarişlərini yerinə yetirmək niyyətindədir. Bu cür şansı əldən vermək müxalifətdəkilərin korporativ maraqlarına ziddir. Təbii ki, bu sadalanan səbəblər sırasında şəxsi keyfiyyət, intellektual səviyyə və s. göstərmək olar. Amma nəticə ondan ibarətdir ki, Azərbaycan müxalifəti hakimiyyət nümayəndələri ilə dialoqa girmək gücündə deyil. Bu fakt da, göstərildiyi kimi, cəmiyyətə güntək aydındır.

R.Vaqifoğlu

Digər xəbərlər