Bu gün Azərbaycan dedikdə, gözlərimizin önündə sürətlə inkişaf edən, çiçəklənən, müasirləşən, demokratik dəyərləri mənimsəmiş kamil cəmiyyətə malik dövlət canlanır. 2012-ci ildə artıq "Eurovision" adlı beynəlxalq əhəmiyyətli mədəni yarışmanı keçirəcək, eyni zamanda, BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Azərbaycan ümumbəşəri idealları qəbul edən sivil ölkə tək artıq özünü sübut edir. Doğrudur, müstəqilliyimizin 21 yaşı olsa da, tarix prizmasında bu, o qədər də böyük zaman deyildir. İnsanın biopsixofiziososial, həmçinin, siyasi varlıq kimi, özünü cəmiyyətdə təsdiq etməsi üçün 21 il heç kifayət etmir. Dövlət quruculuğu baxımından isə bu zaman kəsimi, ümumiyyətlə, bəs etmir. Lakin təməli milli dövlətçilik ənənələrindən, mənəvi-mədəni dəyərlərimizdən qaynaqlanan maya içərisində möhkəmlənən Azərbaycan müasir dünya tarixində qısa zaman çərçivəsindəki inkişaf tempinə görə istisna təşkil edir.
Bəli, bu, təkzibolunmaz psixoloji bir faktdır ki, cəmiyyət sürətli, dinamik inkişaf tempilə ayaqlaşdıqca, gələcəyə yönəldilmiş perspektiv fəaliyyət planları qurduqca, bir o qədər də keçmişdə baş vermiş hadisələri yaddan çıxarır. Nə qədər də inkar etməyə çalışsaq da, dövlətçiliyimizlə bağlı tarixdə baş vermiş hadisələri unuduruq. Əlbəttə ki, bir çox antimilli qüvvələr maraqlıdırlar ki, Azərbaycan xalqı onların dəstəyilə ölkə daxilindəki qüvvələrin müstəqilliyimizə və dövlətimizə qarşı etdiklərini yaddan çıxarsınlar. Çünki Azərbaycanın bu cür sürətli inkişafı, beynəlxalq nüfuzu, nailiyyətləri onların planlarını alt-üst edir. Bu səbəbdən də, Azərbaycan xalqı nə qədər gələcəyə baxsa da, keçmişini də unutmamalı, tarixdə baş vermiş hadisələri xatırlamalı və düzgün nəticələr çıxarmalıdır. Belə hadisələrdən biri də məhz 1995-ci ilin 13-17 mart tarixlərində baş vermiş dövlət çevrilişinə cəhddir.
Retrospektiv baxış problemin mahiyyətinə aydınlıq gətirir
Hələ 1987-88-ci illərdə Ulu Öndər Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindən uzaqlaşdırılması üçün planlar qurmuş qüvvələr Azərbaycan torpaqlarının ələ keçirilməsi, təbii sərvətlərinə yiyələnməsi məqsədini güdürdülər. Onların planları əsasında baş verən Dağlıq Qarabağın ilhaqı, Əsgəran, Ağdam və Sumqayıt hadisələrinə etiraz olaraq, Azərbaycanda başlanmış xalq hərəkatı sonradan ölkəmizin imperiyanın tərkibindən çıxaraq müstəqil olmasına yol açdı. Lakin elə müstəqilliyimizin ilk illərindəcə, hakimiyyət uğrunda siyasi-hərbi savaşların başlanması, eyni zamanda, Ermənistanın Dağlıq Qarabağı işğal etmək üçün təcavüz həyata keçirməsi ölkədəki vəziyyəti total böhran həddinə çatdırdı. AXC-Müsavat birliyinin hakimiyyəti silah gücünə qəsb etməsi və kriminal təbiətli şəxslərin timsalında hərbi xunta qurması həm ölkə daxilində vətəndaş qarşıdurmasının baş verməsinə, həm separatçılığın və özbaşınalığın ümumrespublika xarakteri almasına, həm də torpaqlarımızın ardıcıl olaraq, ermənilər tərəfindən işğal edilməsinə gətirib çıxardı.
Bütün bunlarla yanaşı, o zamankı hakimiyyət dünya dövlətlərilə neft amili üzərində qurulmuş xəyanətkar danışıqlar da aparırdı. Lakin müstəqilliyi qanı bahasına əldə etmiş Azərbaycan xalqı dövlətin sərvətlərinin və torpaqlarının bir qrup qaragüruhçunun maraqlarına satılmasının qarşısını almaq üçün Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Bakıya gələn Ulu Öndər Heydər Əliyevin ilk işi məhz xalqla birlikdə Gəncədəki hadisələri araşdırmaq və problemi yoluna qoymaq oldu. Sonradan 1993-cü ildə xalqın yekdil qərarı ilə ölkə Prezidenti seçilmiş Heydər Əliyev Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi sabitliyi təmin etmək üçün çətin bir işə başladı. Heydər Əliyevin rəhbərliyilə formalaşdırılan ordu da cəmi bir neçə ay ərzində onlarla kəndi və qəsəbəni ermənilərin işğalından azad etdi. Beynəlxalq birliyin də təzyiqlərindən sonra "Atəşkəs" haqqında saziş imzalandı.
Beləliklə də, ölkəni təcavüzdən xilas edən Ümummilli Lider Azərbaycanın gələcək inkişafını təmin etmək, xalqın rifah halını yüksəltmək məqsədilə ən güclü dövlətləri və transmilli şirkətləri ölkəmizə topladı, dövlətimizin perspektiv inkişafının lokomotivinə çevrilən "Əsrin müqaviləsi" imzalandı.
Beləliklə də, 1988-1994-cü illərin qısa retrospektiv təhlili göstərir ki, yalnız Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycan milli dövlət kimi inkişaf etməyə, öz maraqlarını diqtə və müdafiə etməyə başladı. Lakin bu vəziyyət də xarici qüvvələrə, daha açığını desək, o zamankı, qonşu dövlətlərin hakimiyyətlərinə sərf etmirdi. Bu səbəbdən də, Azərbaycanın müstəqilliyinin əsaslarını sarsıtmaq, ölkəmizi yenidən böhran və parçalanma vəziyyətinə qaytarmaq üçün planlar hazırlanmağa başlanmışdı.
Mart iğtişaşlarına hazırlıq hələ 1994-cü ildən başlanmışdı
Azərbaycanın daxilində yeni bir çaxnaşma hazırlamaq istəyən qüvvələr hələ 1994-cü ilin avqust-sentyabr aylarından fəaliyyətə başlamışdılar. Ümummilli Lider Heydər Əliyevin xarizması, prinsipiallığı, uzaqgörənliyi sayəsində imzalanmış "Əsrin müqaviləsi" dövlət çevrilişinə cəhd edənləri daha da təşvişə salmışdı. Mart iğtişaşlarına hazırlıq ərəfəsində hələ 1994-cü ilin sentyabr-oktyabr aylarında Ümummilli Lider Heydər Əliyevə qarşı uğursuz sui-qəsdin həyata keçirilməsi, MTN təcridxanasından məhbusların qaçırılması, həmçinin, yüksəkçinli dövlət məmurlarının qətlə yetirilməsi, Gəncədə qiyam və s. baş vermişdi. Lakin bu cür vasitələrlə dövlətə və Ulu Öndərə təzyiq etməyin effektsiz olduğunu görən antimilli qüvvələr daha sistemli şəkildə hərəkət etməyə qərar vermişdilər. Bu işdə isə xarici qüvvələrin dəstəyini və göstərişlərini almış AXC-Müsavat, o cümlədən, Rövşən və Mahir Cavadovlar xüsusi rol oynamışdılar.
Rövşən Cavadov şəxsi keyfiyyət baxımdan kasad, lakin siyasi ambisiyalı birisi idi
Qeyd edək ki, polkovnik Rövşən Cavadov 1994-cü ilin oktyabr ayında hazırlanmış Gəncə qiyamında xüsusi rol oynamış Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri olmuşdu. Əlbəttə ki, 1992-ci ildə Dağlıq Qarabağda qanlı döyüşlər baş verərkən, XTPD-nin çoxsaylı şəhidləri olmuşdu və bu faktı xalqımız heç zaman yadından çıxarmayacaq. Lakin çox təəssüflər olsun ki, sonradan Xüsusi Təyinatlı Polis Dəstəsi hərbi yönümünü unudaraq, siyasi fəaliyyətlə məşğul olmuş, daha doğrusu, siyasi proseslərin alətinə çevrilmişdi. Xüsusilə də, vətənini, dövlətini sevən şəxslər XTPD-dən uzaqlaşdırılmış və onların yerinə təsadüfi, hətta bəzi hallarda kriminal dairələrlə əlaqəsi olanlar gətirilmişdi. Bunun nəticəsi idi ki, XTPD artıq "reket yığnağı" kimi xarakterizə edilməyə başlanmışdı. Çünki hər kəsin gözü qarşısında sahibkarlardan xərac toplamaq, insan oğurlamaq və əvəzində külli miqdarda pul tələb etmək və s. adi hala çevrilmişdi.
Amma Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində XTPD-nin özbaşınalığına son qoyulmuş, kriminal fəaliyyətlə məşğul olanlara cinayət işləri açılmışdı. Artıq əvvəlki tək, antidövlət fəaliyyətin mümkün olmadığını görən polkovnik Rövşən Cavadov Azərbaycanın düşmənlərilə işbirliyinə başlamışdı. Bu səbəbdəndir ki, XTPD-ni öz maraqlarının alətinə çevirmiş bəzi qüvvələr Gəncədə qiyam qaldırmışdılar. Lakin qiyamın uğursuzluğunu anlayan polkovnik Rövşən Cavadov geri çəkilmiş və Bakıya gələrək, Ulu Öndər Heydər Əliyevdən bağışlanmasını xahiş etmişdi. Ümummilli Lider Heydər Əliyev isə Rövşən Cavadova və onun dəstəsinə özünü təsdiqetməsi üçün şans vermişdi.
Ancaq Rövşən Cavadov şəxsi keyfiyyət baxımdan kasad, lakin siyasi ambisiyalı birisi olduğu üçün yenidən dövlətə və xalqa xəyanət yolunu seçmişdi. XTPD-nin komandiri kimi yüksək aqoniya içərisində olan Rövşən Cavadov şəxsi keyfiyyətlərilə uzlaşmayan maraqları naminə tezliklə antimilli xarici və daxili qüvvələrin təsirinə düşmüşdü. 1995-ci ildən artıq ona təkliflər də verilmişdi ki, o, ölkədə qiyam qaldırmalı, Prezidentə sui-qəsd edilməli, hakimiyyət ələ keçirilməli və Dövlət Şurası yaradılmalıdır. Bununla bağlı konkret danışıqlar isə 1994-cü ildə yaradılmış Azərbaycan Strateji Araşdırmalar Mərkəzində aparılmışdı. Buraya AXC və Müsavatın funksionerləri, xarici dövlətlərin agentura şəbəkələrinin nümayəndələri, həmçinin, XTPD-nin komandiri polkovnik Rövşən Cavadov daxil idi.
Rövşən Cavadovun Valkiriya planının icraçısı Ştauffenberq kimi iflası...
Fəaliyyət planına uyğun olaraq, rəhbəri Rövşən Cavadov olacağı Dövlət Şurası formalaşdırılmalı, keçmiş prezidentlər və siyasi müxalifət bu işə cəlb olunmalı, başlıca cəhət isə o idi ki, "Əsrin müqaviləsi"nin şərtləri ləğv edilməli idi. Artıq fevral ayından başlanan fəallığa öz adamı ilə dəstək verən Ayaz Mütəllibov dövlət çevrilişi prosesində olduğunu bildirmişdi. Danışıqların steneoqramı Avstriya vətəndaşının təsisçisi olduğu "Traza" firmasının faksı ilə xarici kəşfiyyat kanallarına ötürüldüyü zaman Əbülfəz Elçibəyin də bu plana qoşulacağı bildirilmişdi.
Mart ayının əvvəlində isə müxalifət partiyalarının yerlərdəki qüvvələri səfərbər edilmiş, Ayaz Mütəllibov və Surət Hüseynovun dəstələri hazırlıq vəziyyətinə gətirilmiş, əvvəlcədən əldə olunmuş silahlar dəstələrə paylanmışdı. Çevriliş planına isə mart ayının 13-dən start verilməli idi. Belə ki, Kopenhagen səfərindən qayıdan Ümummilli Lider Heydər Əliyevin təyyarəsi vurulmalı, bu baş tutmadığı təqdirdə, Prezident Aparatına hücum olmalı və Prezident sui-qəsd nəticəsində qətlə yetirilməli və Dövlət Şurası yaradılmalı idi.
Beləliklə də, mart ayının 13 və 14-də respublikanın bir çox ərazilərində dövlət orqanlarına hücumlar olmuş, silahlı toqquşmalar baş vermişdi. Ölkədə etnik separatçılığı qızışdıran plan icraçıları Naxçıvanda da hakimiyyəti qəsb etmək məqsədilə hərəkətə keçmişdilər.
Lakin martın 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına müraciəti zamanı baş verənləri xarici qüvvələrin təhrikilə etmiş müxalifətin hərbi-siyasi təxribatı kimi dəyərləndirmişdi. "İnanıram ki, xalqın müdrikliyi, inamı, müstəqilliyə bağlılığı bu gün də bizi bu vəziyyətdən çıxaracaqdır. Gəlin hər şeyi bir kənara qoyaq, dövlətçiliyimizi, müstəqilliyimizi müdafiə etmək yolunda əl-ələ verərək irəli gedək" - söyləyən Ulu Öndər Heydər Əliyevin xalqla birliyi dövlətimizi, müstəqilliyimizi daha bir bəladan xilas etmiş oldu. Ulu Öndərin çağırışlarından sonra bölgələrdə minlərlə insanın iştirakı ilə dövləti müdafiə məqsədilə mitinqlər keçirilmişdi. Xalqı da öz oyunlarına alət edə bilməyəcəklərini anlayan xəyanətkarlar yeni təxribatlara da əl atmağa çalışmışdılar.
Sonrakı proseslər hər kəsə aydın olduğundan, təfsilata varmaq istəmirik. Lakin bir məqam aydın olur ki, dövlət və müstəqillik uğrunda Xalq-Heydər Əliyev birliyi həmin hadisələrdə qalib gəlmiş və Azərbaycan növbəti bəladan yan keçmişdi.
Burada polkovnik Rövşən Cavadovun uğursuzluğu 1944-cü ildə Almaniyada çevrilişə cəhd etmiş polkovnik Ştauffenberqin iflası ilə müqayisə edilməsi yerinə düşür. Çünki hər iki polkovnik dövlətinə və xalqına qarşı çıxmış, siyasi ambisiyalı xəyanətkarlar olmuşdular. Onların hər ikisinə də hərbçi kimi vətən uğrunda şəhid olmaq deyil, xəyanətkar kimi ölmək qismət olmuşdu.
Xalq seçimində yanılmadı: Azərbaycan bu gün daha güclü və qətiyyətlidir
Bu cür hadisələrin üzərindən 17 il keçir. Artıq bu gün Azərbaycan təməlinin Ulu Öndər Heydər Əliyevin qoyduğu neft strategiyasının və inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində, daha da güclənib və qətiyyətli olub. Hazırda dövlətimiz Cənubi Qafqazın iqtisadiyyatının 85, maliyyə kütləsinin 90 faizini əlində cəmləyir. Regionda ən güclü ordu da Azərbaycana məxsusdur. Bütün bunlar bir daha sübut edir ki, 1995-ci ilin mart ayında dövləti və müstəqilliyi müdafiə edən xalqımız seçimində yanılmayıb. Azərbaycan yenə müstəqildir, lakin həmişəkindən daha güclü və qüdrətlidir.
BƏHRUZ QULİYEV,
"Səs" qəzetinin baş redaktoru