Bu gün ölkəmizin davamlı tərəqqi yolunu uğurla davam etdirməsi bilavasitə Yeni Azərbaycan Partiyasının inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Sevindirici hallardandır ki, partiyanın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Bu amil artıq bir neçə ildir özünü davamlı olaraq göstərməkdədir. Gənclərimizin partiyamızın sıralarına böyük həvəslə qoşulması bir tərəfdən Prezident İlham Əliyev siyasətinin gənclərimiz arasında dəstəklənməsinin göstəricisidir. Digər tərəfdən, bu faktor YAP-ın özünün həm cəmiyyətdə, həm də gənclər arasında mövqeyinin güclənməsindən xəbər verir. Gənclərin partiyamıza qoşulması YAP-ın gücünü, gənclik enerjisini artırır. Və təbii ki, bu inkişafda gənc nəslin nümayəndələrinin də rolu olduqca əhəmiyyətlidir. Öz fikirlərini "Səs" qəzeti vasitəsilə açıqlayan gənclər dövlətin gənclər siyasətini demokratik dəyərlərin bariz nəticəsi kimi qiymətləndirdilər.
Ceyhun Osmanlı, millət vəkili, "İRƏLİ" İctimai Birliyinin sədri:
- Müasir Azərbaycan gəncini 15 il əvvəlki Azərbaycan gənci ilə müqayisə etmək istərdim. İlk öncə, qeyd edim ki, müasir gəncimiz daha çox informasiyaya, etibara, imkana malikdir. Bu da təsadüfi deyil. Çünki 20 il əvvəlki gənclə indiki gəncin arasında ən böyük fərq odur ki, indiki gənclərin güclü, müstəqil dövləti var. 20 il əvvəl Azərbaycan gənci coğrafiya kitablarında oxuyurdu ki, biz inkişaf etməmiş bir ölkədə yaşayırıq, amma indiki gənclik oxuyur ki, biz inkişaf etməkdə olan bir ölkədə yaşayırıq, bizim təbii resurslarımız, güclü dövlətimiz var. Digər bir məqama da toxunmaq istərdim ki, dünyada gənclər günü olan və yaxud sırf gənclər işi ilə bağlı ayrıca dövlət strukturunun olduğu qurumlar çox deyil. Məsələn, mən bir müddət Avropa Şurasında işləmişəm və öz təcrübəmə əsaslanıb deyə bilərəm ki, bir çox ölkələrdə gənclər siyasəti Təhsil Nazirliyinin və ya Mədəniyyət Nazirliyinin bir tərkib hissəsi kimi aparılır. Amma Azərbaycanda 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra çox sürətlə gənclər təşkilatları yaranmağa başladı. Bu gün onların sayı 270-dən çoxdur. Gənclərin çox aktiv olaraq bu proseslərə qoşulması, əslində, onlara bir növ həm təşkilatçılıq təcrübəsi və eyni zamanda, gördükləri işlərin reallaşdığını görməsi, dövlətin və digər müvafiq qurumlarla əməkdaşlıq mühitinin formalaşması gənclərdə özünə güvən hissi verdi. "İRƏLİ" İctimai Birliyi olaraq, bizim məqsədimiz də hər zaman insan kapitalı məsələlərində cənab Prezidenti dəstəkləmək və Azərbaycan gəncliyinin istehlakçı düşüncə tərzindən, istehsalçı düşüncə tərzinə keçməsinə yardımçı olmaqdır. Biz hesab edirik ki, müasir gənclik ideya istehsal etməlidir, təşəbbüs göstərməlidir. Həm təşəbbüskar olmalıdır və həm də onu reallaşdıraraq, özünü bir idarəçi kimi yetişdirməlidir.
Sonda Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması münasibəti ilə bütün gəncləri təbrik edirəm və qeyd edim ki, bu, dünya azərbaycanlı gənclər üçün xüsusi bir imkandır. Çünki dünyanın hansı ölkəsində, coğrafi nöqteyi-nəzərdən harada yaşamasından asılı olmayaraq, bu gün Azərbaycan gəncliyi vahid bir təşkilat çərçivəsində birləşir və vahid bir mərkəzdən layihələrin, ideyaların həyata keçirilməsi üçün əlavə bir resurs, dəstək qazanır.
Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri:
- Bildiyiniz kimi, hər bir millətin yaşaması və inkişafı üçün, təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti və inadkarlığı lazımdır. Səbəbsiz deyildir ki, bütün dövrlərdə millətin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olmuşdur. Bunu gözəl bilən Ümummilli Liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusu ilə 26 iyul 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyini yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi və həmin günü Azərbaycanın tarixinə gənclər günü kimi yazdı. 1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikası Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə I Forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Keçən müddət ərzində, gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Bu işlər ölkə başçısı cənab İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müasir Azərbaycan gəncliyinin elmli, hərtərəfli savadlı və sağlam olması üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
Əli Pənahov, YAP Nizami rayon təşkilatının gənclər birliyinin üzvü:
- Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Bu gün müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Lakin təəssüf hissi ilə demək istəyirəm ki, bu torpağın suyundan içərək böyüyən, bu dövlətdə təhsil alan, dövlətin qayğısı ilə xaricdə təhsilini davam etdirmək üçün gedən, öz maraqları üçün xarici kəşfiyyat orqanlarına satılmış bəzi gənclər ölkəmizdə daxili stabilliyi pozmaq, xaos yaratmaq, ölkəmizdə günbəgün artan inkişaf prosesinə mane olmaq, Azərbaycanı beynəlxalq arenada nüfuzdan salmaq niyyətindədirlər.
Ancaq Azərbaycanın sağlam düşüncəli gəncləri çoxluq təşkil edir və həmin gənclər ölkənin bugünkü sosial-iqtisadi durumundan, artmaqda davam edən inkişaf səviyyəsindən, əldə edilən uğur və nailiyyətlərdən məmnundurlar. Hər bir dövlətdə müxalifətin olması labüddür və siyasətə müxalif olmaq olar. Lakin milli-mənəvi dəyərlərmizə, mənəviyyatımıza, inkişafımıza, uğurlarımıza və bilavasitə, vətənə müxalif olmaq lazım deyil. Küçələrə çıxıb səs-küy salmaqla, ictimai asayişi pozmaqla, portallarda əxlaqsız sözlər yazmaqla, yalan məlumat və ittihamlar irəli sürməklə heç nəyə nail olmayacaqlarını bildikləri təqdirdə bu cür addımların artması, bilavasitə, onların hansı qüvvələr xidmət etməsinin bariz sübutudur.
Biz YAP Nizami rayon təşkilatının gəncləri bir daha bildirmək istəyirik ki, 5-10 nəfər Azərbaycan gəncliyi deyil. Bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır və Onun ətrafında bundan sonra da daha sıx birləşəcəyini bəyan edir.
Məhəmməd Əsədov, YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədrinin müavini:
- Bu gün ölkəmizdə əhalinin 60 faizdən çox hissəsini gənclər təşkil edir. Təbii ki, hər bir yerdə olduğu kimi, gənclər ən aktiv təbəqə sayılır. Azərbaycanda da bu, artıq həqiqətdir. Çünki bütün sahələrdə hara baxsaq, hər yerdə məhz gənclər hansısa proseslərin başında gedir. Bu gün hətta ictimai sektorda, vətəndaş cəmiyyətində ən aktiv hissəni məhz gənclər təşkil edir. Bu da, təbii ki, Yeni Azərbaycan Partiyasının gəncləri olaraq bizi çox sevindirir. Bu gün dövlətimiz gənclərə çox böyük qayğı göstərir. Hər bir gəncin bir fərd olaraq, bir şəxs olaraq inkişaf etməsi üçün bütün şərait yaradılıb. Mən hesab edirəm ki, gənclərimiz də yaradılmış şəraitdən çox gözəl yararlanırlar. İstər xaricdə təhsil alma proqramları, istər daxildə həyata keçirilən müxtəlif proqramlar, stimullaşdırma amilləri, gənclərə verilən ipoteka kreditləri, gənc müəllimlər üçün yaradılmış şərait və s. bunlar hamısı bir daha onu göstərir ki, dövlətimiz hər zaman gənclərə xüsusi diqqət ayırır və gənclər də bundan bəhrələnirlər. Hesab edirəm ki, dünyanın ən gözəl ölkəsində elə dünyanın ən gözəl gəncləri də olmalıdır. İstərdim Azərbaycanda gənclər daha yüksək təhsilli, yüksək mədəniyyətə sahib olan, bacarıqlı, işində peşəkar və ölkəsini qoruyan gənclər olsun. Və mən bu gəncliyi bu gün Azərbaycanda görürəm.
RƏFİQƏ KAMALQIZI