Dünən Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırdı və bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Nazirlər Kabineti ötənilki fəaliyyətinə dair hesabat verir: "Xüsusi qeyd etmək istərdim ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi builki hesabat öz məzmunu və strukturuna görə daha da təkmilləşdirilmiş, iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən meyillər cədvəllərdə və diaqramlarda təsvir olunmuşdur. Müzakirəyə təqdim olunmuş hesabatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilmişdir".
Oqtay Əsədov onu da vurğuladı ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhranın davam etdiyi şəraitdə belə, 2011-ci ildə də dayanıqlığını qoruyub saxlamış, müəyyən artıma nail olmuşdur. Burada ən önəmli cəhət iqtisadiyyatın daha da şaxələnməsi və qeyri-neft sektorunda yüksək - 9,4 faiz artımın əldə edilməsidir: "2011-ci ildə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır. Bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda yaradılan ümumi daxili məhsul həcminin 80 faizindən çoxu ölkəmizin payına düşür. İndi Azərbaycanda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüşdür.
Spiker diqqətə çatdırdı ki, Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə, qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastrukturu, xüsusilə də, nəqliyyat sektorunu uğurla inkişaf etdirir: "Qeyri-neft sektorunda son 8 ildə istifadəyə verilmiş obyektlərin 2 mininin məhz istehsal təyinatlı olması xüsusi qeyd edilməlidir. Həyata keçirilən uğurlu investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmini artırmışdır. Hesabat ilində bütün maliyyə mənbələrindən iqtisadiyyata 21,7 milyard dollar, o cümlədən, qeyri-neft sektoruna 15,7 milyard dollar investisiya yönəldilmişdir. Başqa sözlə, investisiyaların ümumi həcmində qeyri-neft sektorunun payı 72 faizə çatmışdır. Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə 36,3 milyard dollarlıq ticarət əməliyyatları aparmışdır. Bu, əvvəlki illə müqayisədə 8,4 milyard dollar artım deməkdir"
Sədr çıxışına yekun vuraraq, bildirdi ki, əvvəlki illə müqayisədə 2011-ci ildə müdafiə sənayesində güc strukturlarının sifarişi ilə 2 dəfədən çox müxtəlif təyinatlı məhsul istehsal edilmiş, onun ümumi həcmi 61 milyon manat artaraq, 151 milyon manata çatdırılmışdır. Ötən il bu sahədə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2010-cu il ilə müqayisədə 1,7 dəfə çox vəsait ayrılmış, 10 yeni istehsal sahəsi istifadəyə verilmiş, 4 böyük obyektdə işlər cari ildə də davam etdiriləcəkdir.
Artur Rasizadə: "2010-cu ildə Azərbaycanın milli inkişaf strategiyası uğurla həyata keçirilib"
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim etdi. O, 2010-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatını da deputatlara təqdim etdi. Artur Rasizadə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ildə yürüdülən balanslaşdırılmış sosial-iqtisadi siyasət, əvvəlki illərdə olduğu kimi, ölkənin dinamik inkişafına, yüksək iqtisadi göstəricilərin əldə olunmasına xidmət edib: "2004-2010-cu illərdə ölkədə ÜDM üç qat artıb. Eləcə də, bu artım qeyri-neft sektorunda iki dəfə, sənaye məhsullarının inkişafı üzrə 2,8 dəfə, əsas kapitala investisiya 2,9 dəfə, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar 8,2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, bank əmanətləri 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,2 dəfə, minimum əmək haqları 7,1 dəfə, orta pensiyalar 4,7 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalıb, 913 min yeni iş yeri açılıb".
Baş nazir onu da vurğuladı ki, bu dövr ərzində ölkənin büdcə gəlirləri 9,3 dəfə, dövlət büdcəsini xərcləri isə 9,5 dəfə artıb: "Sosial təminat və sosial müdafiə xərcləri 5,3 dəfə, səhiyyə üzrə 7,8 dəfə, təhsil 5 dəfə, mədəniyyət, incəsənət və informasiya sahəsində 5,4 dəfə, müdafiə potensialının möhkəmlənməsi üzrə 8,7 dəfə, dövlət əhəmiyyətli kapital qoyuluşları üzrə 47,6 dəfə çoxalıb. Ötən il ərzində dünyanın bir çox ölkələrində dünya maliyyə-iqtisadi böhranının təsirinin hiss olunmasına baxmayaraq, Azərbaycanın daxili potensiala əsaslanan milli inkişaf strategiyası uğurla həyata keçirilib, yüksək iqtisadi və sosial inkişaf templəri əldə olunub".
Baş nazir Artur Rasizadə ötən il ölkədə iqtisadiyyatın qeyri-neft sektoruna investisiyaların artırıldığını və uğurlu nəticələrin əldə olunduğunu da söylədi: "Ötən il iqtisadiyyatın qeyri-neft sektoruna investisiyaların artırılması və müasir texnologiyaların tətbiqi, bu sahələrin şaxələndirilməsinin təmin edilməsi, regionların balanslaşdırılmış inkişafı, sahibkarlığın inkişafı, işsizliyin səviyyəsinin azaldılması vasitəsilə makroiqtisadi uğurların əldə olunması Nazirlər Kabinetinin diqqət mərkəzində olub. Bunun nəticəsində hesabat dövründə ÜDM-in real artımı 5 faiz təşkil edərək 41,6 milyard manata, qeyri-neft sektorunda artım templəri isə 7,9 faizə çatıb. İnflyasiyanın səviyyəsi 5,7 faiz təşkil edib. Ötən il ərzində bütün mənbələrdən 13,9 milyard manat həmində sərmayə yatırılıb ki, bu da inişillə müqayisədə 32,4 faizlik artım təşkil edib".
Baş nazir, həmçinin, 2010-cu ildə Azərbaycan hökumətinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirləri davam etdirdiyini də vurğuladı. O, görülən tədbirlər arasında orta aylıq əməkhaqqının 9,1 faiz artırılaraq 325 manata çatdırılmasını qeyd edib. Əməkhaqqının və pensiyanın baza hissəsinin minimal məbləği 85 manata çatdırılıb: "Ölkə Prezidentinin sərəncamlarına əsasən, 1,3 milyon təqaüdçünün əmək pensiyasının baza hissəsi 13 faiz, 800 minədək büdcə təşkilatları işçilərinin aylıq əməkhaqqı 10 faiz, əhalinin aztəminatlı təbəqəsi üçün sosial müavinətlər orta hesabla 20 faiz artırılıb. Qaçqınların və məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması üçün, ümumilikdə, 336,9 milyon manat ayrılıb. Ötən il ərzində ölkədə yoxsulluq səviyyəsi 9,1 faizədək azaldılıb, 73 min yeni iş yeri yaradılıb".
Sonra hesabat ətrafında müzakirələr başladı. Müzakirələrdə çıxış edən millət vəkilləri Məlahət İbrahimqızı, Elton Məmmədov hökumətin hesabatını qənaətbəxş hesab etdilər.
Bahar Muradova: "Azərbaycan özünün müdafiə qüdrətini artırmaq istiqamətində gücünə, potensialına arxalanır"
Plenar iclasda çıxış edən vitse-spiker Bahar Muradova da, əvvəlki illərdə olduğu kimi, ötən ilin də böyük uğurlarla başa vurulduğunu bildirdi. B.Muradova, əsasən, iki mühüm sahəyə münasibət bildirmək istədiyini söylədi: "Xüsusilə, ordu quruculuğuna diqqəti yönəltmək istərdim. Çünki ötən ilə ordu sahəsində xeyli işlər görülmüşdür. Bu işlər orduda mənəvi-psixoloji vəziyyətin günün tələblərinə uyğun olması, eləcə də, bu sahənin maddi-texniki bazasının yüksəldilməsi, hərbi təyinatlı məhsulların istehsalı, hərbi sənayenin inkişafı ilə bağlı çox ciddi uğurlarla yadda qaldı. Ötən ildə hərbi sənayemizin məhsullarının bir neçə beynəlxalq sərgidə iştirakı və xüsusilə, əldə olunan bu uğurlar onu göstərir ki, Azərbaycan özünün müdafiə qüdrətinin artırmaq istiqamətində gücünə, potensialına arxalanır".
Mübariz Qurbanlı: "Azərbaycanın əsas strateji məqsədi iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır"
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında qeyd etdi ki, Azərbaycanın əsas strateji məqsədi iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Hazırda hökumət bu istiqamətdə sistemli iş aparır. Bununla belə, ölkədə kənd təsərrüfatının da inkişaf etdirilməsinə ehtiyac var. Qarşıdakı illərdə dünyada ərzaq çatışmazlığı probleminin yaşanacağını xatırladan millət vəkili hökuməti bu sahəyə diqqəti artırmağa çağırdı. Onun sözlərinə görə, gələcəkdə Azərbaycan nefti xammal şəklində deyil, neft məhsulları şəklində ixrac etsə, çox yaxşı olar. Bundan əlavə, hökumət digər sahələrdə istehsal olunan məhsulların ixracını da stimullaşdırmalıdır".
Əli Əhmədov: "Mənzil probleminin həlli üçün Dövlət
Proqramı hazırlansın"
"Hökumətin hesabatı qənaətbəxş qiymətləndirilə bilər. Baş nazir Artur Rasizadənin səsləndirdiyi rəqəmlər 2010-cu ildə Azərbaycan iqtisadiyyatının və digər sahələrdə inkişafı əks etdirən göstəricilər belə fikri söyləməyə əsas verir. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, Azərbaycanın iqtisadi inkişafı əldə olunan nailiyyətlər nəticəsində yeni bir mərhələyə qədəm qoyub. Xüsusilə, Prezident İlham Əliyevin bu inkişafın yeni mərhələsi ilə əlaqədar fikirlərinə istinad edirəm. Bu, Azərbaycanın növbəti mərhələdə müasirləşməsi, ilk növbədə, iqtisadiyyatın modernləşməsi mərhələsindən ibarətdir. Əmin olduğumu bildirmək istəyirəm ki, əldə olunan nailiyyətlər əsasında Azərbaycan hökuməti növbəti mərhələdə Prezidentin qarşıya qoyduğu vəzifələri də yerinə yetirə biləcək, səmərəli fəaliyyət göstərəcək". Bu fikirləri parlamentin dünənki iclasında çıxışı zamanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini, YAP İcra katibi, millət vəkili Əli Əhmədov söylədi. O, əldə olunan nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, bir sıra təklifləri hökumətin diqqətinə çatdırmaq istədiyini də bildirdi: "Azərbaycanın əhalisi sürətlə artır və son 20 ilin göstəriciləri nəticəsində Azərbaycanın əhalisi iki milyon nəfər artıb. Bu, iş qüvvəsinin artımı deməkdir. Əlbəttə, yeni iş qüvvəsi, artan iş qüvvəsi əhəmiyyətli iqtisadi resursdur. Təbii ki, bu səmərəli resursdan istifadə etdikdə, o öz səmərəsini verir. Ondan səmərəli istifadə edilmədikdə, böyük sosial problem yaradır. Məmnunluqla demək istəyirəm ki, Prezident İlham Əliyevin 2004-cü ildən bu yana işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması ilə əlaqədar həyata keçirdiyi siyasət nəticəsində yüz minlərlə yeni iş yerlərinin açılması formalaşan iş qüvvəsindən səmərəli istifadə etməyə imkan veribdir. Amma təbii ki, bu, daim davam edən prosesdir və Azərbaycan hökuməti bundan sonrakı fəaliyyətində də yaranmaqda olan yeni iş qüvvəsindən səmərəli istifadə edilməsi ilə əlaqədar geniş, əhatəli hökumət proqramının hazırlanmasına ehtiyac var və güman edirəm ki, bunu hazırlayacaq".
Ə.Əhmədov çıxışında başqa bir məsələ ilə də bağlı fikirlərini dilə gətirib: "Bu da Azərbaycan hökumətinin istehlakçıların hüquqlarının qorunması ilə əlaqədar fəaliyyətini genişləndirilməsi haqdadır. İstər qiymətlərin süni surətdə qaldırılmasına qarşı Prezident tərəfindən qoyulmuş vəzifənin layiqincə yerinə yetirilməsi nəzərdə tutulsun, istərsə də, keyfiyyətsiz məhsulların satılması ilə istehlakçılara vurulan maddi və mənəvi ziyanın aradan qaldırılması istiqmətində çox ciddi proqramın müəyyənləşdirilib həyata keçirilməsi olsun. Mən bütün bu fikirləri səsləndirməklə, eyni zamanda, bir daha demək istəyirəm ki, Azərbaycan hökuməti Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi, sosial həyatımızın digər sahələrini əhatə edən siyasətin həyata keçirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərib, əhəmiyyətli nailiyyətlər əldə olunub, çox müsbət göstəricilərə nail olunub. Bütün bunların hamısı Azərbaycan parlamentinə təqdim olunmuş hökumətin hesabatının yüksək qiymətləndirilməsi üçün əsas verir".
RƏFİQƏ KAMALQIZI