"Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti kifayət qədər səmərəli olub. Ötən il ölkəmizdə sürətli inkişaf meyilləri davam edib və bu dövrdə inkişaf tendensiyası qorunub saxlanılıb. Bu da Azərbaycanın 2012-ci ildə daha yüksək iqtisadi və sosial göstəricilər əldə etməsi üçün əsaslar hazırlayır". Bu fikirləri Milli Məclisin dünən keçirilən iclasında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxışı zamanı deyib. Əli Əhmədov hökumətin xüsusilə, sosial layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini təqdir edib. Onun sözlərinə görə, bu fəaliyyətin nəticəsi olaraq vətəndaşların həyat səviyyəsi və sosial rifahı daha da yaxşılaşır. YAP Sədrinin müavini sovet dövründən qalan əmanətlərin əhaliyə qaytarılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Fərmanı yüksək qiymətləndirib: "Bu, son illər Azərbaycanda həyata keçirilən ən əhəmiyyətli sosial layihələrdən biridir. Digər tərəfdən, belə bir Fərmanın imzalanması ölkəmizin makroiqtisadi göstəricilərinin açıq ifadəsi və Azərbaycan reallıqlarının təzahürüdür".
Əli Əhmədov bildirib ki, Bakının, regionların simasının sürətlə dəyişməsi də Azərbaycanın inkişafının göstəricilərindən biridir. Onun fikrincə, inkişafın sürətli gedişatı islahatların yeni bir mərhələsinin ortaya çıxdığını təsdiqləyir. YAP Sədrinin müavini qeyd edib ki, yeni mərhələdə məqsədyönlü şəkildə bu və ya digər sahədə yeniliklər, dəyişikliklər reallaşmalıdır. Bu baxımdan, bir sıra təkliflər irəli sürən Əli Əhmədov ilk növbədə, ölkəmizin bölgələrinin əksəriyyətinin indiyədək dotasiya ilə yaşamasına diqqəti yönəldib. O qeyd edib ki, 8 ildir ölkə Prezidentinin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı layihəsi həyata keçirilir: "Bu layihələrin reallaşması nəticəsində regionlar sürətlə inkişaf edir. Hesab edirəm ki, artıq elə mərhələyə gəlib çatmışıq ki, rayonların dotasiya ilə yaşamasına son qoyulmalıdır. Eyni zamanda, region rəhbərlərinin fəaliyyətinə qiymət verilməsi metodikasında da dəyişikliyin edilməsinə ehtiyac yaranıb. Əlbəttə ki, regionların sosial simasının dəyişməsi, infrastruktur layihələrinin həyata keçirilməsi çox əhəmiyyətlidir. Amma bununla yanaşı hesab edirəm ki, region rəhbərlərinin fəaliyyətinə qiymət verilərkən daha çox sosial-iqtisadi göstəricilər nəzərə alınmalıdır. Bu da bütövlükdə iqtisadi inkişafımıza təkan verən məqamlardan biri ola bilər."