PDF Oxu

Əsas

  • 14

Erməni terroru...

Erməni terroru...

XIX əsrdən başlayaraq törəyən erməni millətçiliyi və separatizmi Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək, tarixi torpaqlarımız hesabına "böyük Ermənistan" xülyası reallaşdırmaq üçün ardıcıl olaraq həm hərbi, həm də ideoloji vasitələrdən yararlanıb. "Daşnaksütyun" və "Hnçak" kimi təşkilatları yaradıb mənfur ideyalarına start verən ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. 100 illər boyu davam edən bu şovinist və riyakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqları qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılmışdır. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən, 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən II mərhələdə erməni quldur dəstələri yenə Bakıda və qəzalarda misli görünməmiş soyqırımı həyata keçirmişlər. Həmin dövrdə minlərlə azərbaycanlı, həmçinin, etnik azlıq təşkil edən dağ yəhudiləri soyqırımına məruz qalmış, yüzlərlə kənd dağıdılmış, dinc əhali qaçqın vəziyyətinə düşmüşdür. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı illərdə də davam etmişdir. 1948-1953-cü illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla etnik təmizləmə siyasətini başa çatdırdılar. Bu müddətdə Avropa ölkələrində, xüsusən, türk diplomatlarına qarşı çoxlu sayda terror həyata keçirən ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda da terrorçuluq dalğasını genişləndirdilər. Soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verərək, 1992-ci ilin fevralında Xocalı faciəsini törətdilər.

1918-ci ilin qırğınları ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı soyqırımı cinayətlərindən biridir. Həmin ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50- dən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, 10 minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 38 mindən çox adam, o cümlədən, 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış və yandırılmışdır.

Qeyd edək ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdır. Erməni yalanlarının illər boyu ayaq tutub yeriməsinin qarşısında heç bir addım atılmamış, susqunluğun, həqiqətin təhrif olunmasının acı nəticəsini isə xalqımız bütün XX əsr boyu yaşamışdır.

1918-ci ilin mart-aprel soyqırımına əsil siyasi-hüquqi qiymət Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verildi. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd hadisədən 80 il sonra qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin 1988-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi. Fərmanda deyilir: "1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur planı həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir."

Azərbaycan tarixində ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin faktların dili ilə erməni məkrini ifşa etdiyi Fərmanında onların Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır. Ən əsası bu Fərman terrorizmə, soyqırımınına qarşı mübarizə aparmaq üçün Ulu Öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i azərbaycanlıların soyqırımı günü elan edilib.

Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq.

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmiş, əksinə, bədnam qonşumuz təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişdir. Ermənilər Avropa və Amerikadakı lobbisinin imkanlarından məharətlə yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına məhəl qoymur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsil soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Artıq bu gün həmin uğurlar göz qabağındadır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqımıza müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınmaları, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi onun ağır nəticələrini yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir.

Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur.

Məkrli ermənilər daima azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Lakin ermənilər unutmasınlar ki, onların dəhşətli əməlləri bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymətini mütləq alacaq.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər