PDF Oxu

Əsas

  • 23

Ermənilər tarixdə dəfələrlə xalqımıza qarşı qırğınlar törədiblər

Ermənilər tarixdə dəfələrlə xalqımıza qarşı qırğınlar törədiblər

Martın 31-də Nərmanov rayonu icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov bildirib ki, Azərbaycan tarixi xalqımızın şanlı, qəhrəmanlıq salnamələri, dövlətçilik ənənələri və bir çox mütərəqqi dəyərləri ilə zəngin olduğu kimi, tariximizin müxtəlif dövrlərdə xalqımızın başına gətirilmiş soyqırımlarına da şahidlik edib. Onun sözlərinə görə, məqsədyönlü şəkildə həyata keçirilmiş bu etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazilərdən - min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq, kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, mart hadisələri sovet dövründə Azərbaycan xalqından gizlədilib. Onun sözlərinə görə, yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra tariximizin qaranlıq səhifələrinə işıq salınıb. Təşkilat sədri qeyd edib ki, Ulu Öndərimizin 26 mart 1998-ci ildə imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında" Fərmanı böyük siyasi-hüquqi əhəmiyyətə malikdir. "Artıq ermənilər dünyanı öz yalanlarına inandıra bilmirlər. Azərbaycan dövlət səviyyəsində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların dünyada tanınması istiqamətində sistemli iş aparır. İnanırıq ki, həyata keçirilən siyasət nəticəsində dünya ictimaiyyəti əsil həqiqətləri qəbul edəcək və həmçinin, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.

Tədbirdə Azərbaycan Müəllimlər Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Namiq Əliyev 1918-ci ilin mart hadisələri haqqında geniş məruzə edib. O bildirib ki, erməni millətçilərinin və onları dəstəkləyən, bəzi hallarda isə onların törətdikləri təxribatlarda birbaşa iştirak edən qüvvələrin məqsədləri bölgəni azərbaycanlılardan təmizləməkdən ibarət idi. Buna görə də azərbaycanlıların soyqırımlarından danışarkən, təkcə ötən əsrdə baş verənləri deyil, ondan çox-çox öncə yaşanmış, Gülüstan və Türkmənçay müqavilələrindən sonra özünü daha qabarıq göstərmiş milli - etnik təmizləmə siyasətinə diqqəti yönəlməlidir. Məruzədə qeyd olunub ki, ermənilərin bir toplum kimi bu coğrafi ərazidə kütləvi şəkildə məskunlaşması XIX əsrə təsadüf edir. O vaxta qədər isə Qarabağda azərbaycanlılar mütləq çoxluq təşkil edirdilər. O dövrə adi mənbələrdə bu məsələ öz əksini tapıb. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiyanın birbaşa iştirakı ilə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması halları daha geniş vüsət almağa başlayıb. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlanmışdı. Bu anlaşma ilə 84000 erməni Qarabağ və ətraf rayonlara köçürülüb. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən, Qarabağa İrandan 1825-1826-cı il tarixləri arasında 18000, 1828-dən sonra 50000, Osmanlı imperiyasından isə 84000 erməni köçürülüb. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötüb. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başlayıb. Beləliklə, bu məskunlaşdırmalar hesabına bölgənin etnik tərkibi ermənilərin xeyrinə dəyişdirilib. Tədbirdə, həmçinin, tarix elmləri üzrə fəlsəfə doktoru Zakir Əliyev, şəhid atası İrşad Yusifov və 82 saylı orta məktəbin direktoru Vaqif Mehdiyev çıxış edərək, tarixən ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı hadisələri haqqında fikirlərini bildiriblər.


RƏFİQƏ

Digər xəbərlər