PDF Oxu

Əsas

  • 20

Azərbaycanın beynəlxalq reytinqi güclənir

Azərbaycanın beynəlxalq reytinqi güclənir

Son illər beynəlxalq maliyyə institutları və ən nüfuzlu agentliklər tərəfindən hazırlanan reytinq cədvəllərində və hesabatlarda Azərbaycanın davamlı islahatları sürətləndirən ölkə kimi qeyd olunması açıq şəkildə müşahidə olunur. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirməsi və xarici tərəfdaş ölkələrlə iqtisadi-ticari münasibətləri genişləndirməsi qeyd olunan hesabatlarda əsas nailiyyətlər kimi səciyyələndirilir.

Respublikamızın maliyyə və kredit, investisiya reytinqinin yüksəlməsini dünyanın 10-a yaxın nəhəng təşkilatlarının rəy və hesabatlarında, analitik təhlillərində, sorğularında görmək olar. Son bir ildə ölkəmizlə bağlı ən pozitiv reytinq göstəricələrinin açıqlanması bir daha Azərbaycanda həyata keçirilən sistemli inkişaf doktrinasının təzahürləri kimi səciyyələndirilə bilər.

Azərbaycan bu hesabatlarda da islahatçı dövlət kimi qiymətləndirilir. Dünyanın ən nüfuzlu maliyyə institutları və reytinq agentliklərinin qiymətləndirmələrində respublikamızdakı işgüzar mühit, əlverişli biznes atmosferi öz əksini tapıb, rəqabətqabiliyyətlilik sahəsində Azərbaycanın mövqeyi təqdir olunur. Məsələn, "Standart ənd Purs", "Muds", "Fitç Reytinq", "Qoldman Saks" kimi çox mötəbər qurumların reytinq cədvəllərində ölkəmiz iqtisadi göstəricilərə görə mühüm yerlərdən birində qərar tutub. MDB Statistika İdarəsinin hesabatında Azərbaycan lider ölkə kimi mövqeyini qoruyur.

Məlum olduğu kimi, bir müddət əvvəl Dünya Bankının açıqladığı "Doing Business-2012" hesabatında Azərbaycan əvvəlki illərə nisbətdə daha 3 pillə irəliləyərək, 66-cı yeri tutub. 11 indikator üzrə müəyyənləşən hesabatda şirkətlərin açılması və bağlanması, müxtəlif icazələrin alınması prosesləri, məşğulluq bazarının vəziyyəti, vergi rejimi, kreditlərin alınması prosesi, xarici ticarət rejimi kimi amillər əsas yer alıb. Respublikamız siyahıda MDB dövlətlərinin əksəriyyətindən irəlidə dayanır. Azərbaycan renkinq cədvəlində İtaliya, Türkiyə, Rumıniya, Çin, Hindistan, Braziliya, Yunanıstan, Macarıstan kimi inkişaf etmiş dövlətləri geridə qoyub. Rusiya reytinq sıralamasında ölkəmizdən təxminən 2 dəfə (120-ci pillə) aşağıda qərarlaşıb.

Azərbaycan bir sıra indikatorlar üzrə qlobal reytinqdə əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Respublikamız mülkiyyətin qeydiyyatı üzrə indikator üzrə 9-cu yerdə qərarlaşıb. Bu, MDB regionunda ən yüksək, Avropa bölgəsində isə ən yaxşı göstəricilərdən hesab olunur. Ölkəmiz "biznesin başlanması" indikatoru üzrə 18-ci yerə layiq görülüb ki, bu da son 4 ildə ən mühüm irəliləyiş kimi qiymətləndirilə bilər.

Bundan başqa, investorların hüquqlarının müdafiəsi indikatoru üzrə 24-cü yerdə qərar tutmaqla Azərbaycan cəlbedici sərmayə mühitinə malik ölkə olduğunu, eyni zamanda, sərmayədarların fəaliyyətinə geniş imkan yaratdığını təsdiqləmiş olur. Azərbaycan son illər biznesin idarə edilməsi üçün daha əlverişli normativ-hüquqi mühit yaradıb və bu göstərici üzrə ən yüksək inkişaf etmiş dünya dövlətləri ilə eyni cərgədə yer alıb. Hesabatda vurğulanır ki, qlobal maliyyə və iqtisadi böhran fonunda əvvəlki illərin göstəriciləri ilə müqayisədə 2010-2011-ci illərdə daha çox ölkə öz ödəniş qabiliyyətinin olmamasının həlli sistemlərini yaxşılaşdırıb. Xüsusən, 29 ölkə ötən il 16 və bir il əvvəl 18-lə müqayisədə ödəniş qabiliyyətinin olmamasının həlli sahəsində islahatlar həyata keçirib. Bu islahatların əksəriyyəti Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OESR) üzvü olan, gəlirlərin yüksək səviyyədə olduğu ölkələrdə reallaşdırılıb. Həmin ölkələr sırasında Azərbaycanın da yer alması bu sahə üzrə ölkəmizin güclü islahatlar həyata keçirdiyini təsdiqləyir.

Bir müddət əvvəl Dünya İqtisadi Forumunun da hesabatı açıqlanmışdı və hesabatda Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolu, dünya ticarətinə inteqrasiyası, idxalın, ixracın stimullaşdırılması və digər elementlər qiymətləndirilib. Sənəddə, həmçinin, ölkələrin daxili və xarici bazarlara çıxışı, gömrük orqanlarının effektiv işləməsi, nəqliyyat və kommunikasiya infrastrukturu, həmçinin, biznes mühitinin indeksləri və yeri mühüm qiymətləndirilib. Həmin hesabatda Azərbaycanın reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Digər bir qurumun - ABŞ-ın "Gallup İnternational" təşkilatının dünyanın 51 ölkəsində keçirdiyi "Qlobal Ümid və Ümidsizlik Barometri" adlı sorğusunda Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupunda 8-ci yerə layiq görülüb. Azərbaycan 2011-ci ildə ən yüksək irəliləyiş əldə etmiş ölkələr sırasında ilk yerlərdən birini tutan ölkə kimi qiymətləndirilir. Sorğuda bildirilir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkəmizdə vətəndaşların rifah halının yüksəldilməsi, genişmiqyaslı quruculuq işləri, demokratiya, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər əhali tərəfindən yüksək rəğbətlə qarşılanır. Azərbaycanda rəyi soruşulanların böyük əksəriyyəti, təxminən 80 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə edib. Şübhəsiz ki, məhz bu nəticələr Azərbaycanda gedən siyasi proseslər, müşahidə olunan iqtisadi inkişaf və xalqla iqtidar arasında mövcud olan birliyi şərtləndirən səbəblər haqqında geniş təhlillər aparmağa imkan verir.

"Gallup"un ekspertlər qrupunun qənaətinə görə, vətəndaşlar Azərbaycandakı iqtisadi-sosial, ictimai-siyasi vəziyyətdən tam razıdırlar və hökumətin həyata keçirdiyi islahatlar onları qane edir.Azərbaycanda sabitlik, əmin-amanlıq insanlarda dövlətə olan inamı möhkəmləndirir, ölkənin yüksək inkişafı ilə bağlı nikbinliyi artırır. Ölkə əhalisi mövcud reformaların davam etdirilməsi şəraitində gələcəyə ümid bəslədiklərini, qarşıdakı illərdə öz rifah hallarının daha da yüksələcəyinə inandıqlarını ifadə ediblər. Təşkilatın ümumi rəyi bundan ibarətdir ki, Azərbaycanın yüksək templərlə irəliləməsi ölkədə aparılan islahatlar və siyasətin əhali tərəfindən yüksək qiymətləndirilməsinin bariz təzahürüdür.

ABŞ-ın nüfuzlu reytinq agentliyi olan "Standart ənd Purs", "Muds", "Fitç Reytinq" agentlikləri də Azərbaycanın reytinqini artırıb, ölkəmizin yaxın 2-3 illik makroiqtisadi inkişafı ilə bağlı hazırladığı proqnozları açıqlayıb. Hər 3 qurumun Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə əlaqədar apardığı təhlillərə əsasən, son illərdə qlobal proseslərlə bağlı regionda baş verən geoiqtisadi gərginliklərə və risklərə baxmayaraq, bu proseslərdə Azərbaycanın həssaslığı mülayim hesab edilir. İqtisadi və maliyyə riskləri respublikamızda çox aşağı səviyyədə qiymətləndirilir. Proqnozlara görə, inkişaf meyillərini qoruyub saxlayan respublikamızda qarşıdakı illərdə dinamik artım tempi davam edəcək. Əlverişli biznes mühiti sahibkarlığın inkişafına mühüm təsir göstərməklə iqtisadiyyatın çoxşaxəliliyini təmin edib. Xüsusilə də, son illər qeyri-neft sektorunun payı ümumi iqtisadiyyatda artmaqla yaxın illər üçün milli inkişafın əsas bazasına çevrilə bilər.

"Muds" reytinq agentliyi hesab edir ki, Azərbaycan iqtisadiyyatının orta müddətli artımı üçün güclü potensial mövcuddur. Neft-qaz gəlirlərinin satışı sayəsində əldə olunmuş böyük həcmli valyuta ehtiyatlarının qeyri-neft iqtisadiyyatının inkişafına yönəlməsi sayəsində gələcəyə güclü zəmin yaradılmaqdadır. Yanacaq ehtiyatlarının iqtisadiyyatın diversifikasiyası üçün yönləndirilməsi ortamüddətli artım potensialını gücləndirir. Eyni zamanda, iqtisadiyyatda digər sahələrin xüsusi çəkisinin artması fonunda neft və qaz amilinin təsirinin azalması uzunmüddətli perspektivdə gözlənilən başlıca meyarlardan biridir, bu isə iqtisadi artımın tarazlılığını təmin edə bilər. İqtisadiyyatın digər təbii ehtiyatların yüksək artımı hesabına inkişaf etdirilməsi üçün ölkədə uzunmüddətli maliyyə sabitliyi amili də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın yüksək maliyyə davamlılığına malik olduğunu bildirən "Muds" ölkəmizin büdcə-maliyyə-fiskal siyasətinin mühüm nəticələr verdiyini də qeyd edir. Ümumi daxili məhsulun artımı və bunun müqabilində ölkəmizin dövlət borcunun səviyyəsinin aşağı düşməsi, maliyyə ehtiyatlarının artması sayəsində kredit və maliyyə institutlarının fəaliyyətinin genişlənməsi müsbət tendensiya kimi qiymətləndirilir, Azərbaycanın güclü maliyyə durumunun gələcəkdə yaxşılaşacağı, həmçinin, ölkənin institusional potensialının inkişafı və daxili kapital bazarında müsbət dəyişikliklər proqnozlaşdırır.

"Fitç" reytinq agentliyinin də Azərbaycanla bağlı ölkələrində sosial-iqtisadi inkişaf proqnozları nikbindir. Məlumatda qeyd olunur ki, balans tarazlığı və resursların ağıllı idarə olunması neft siyasətində müsbət göstəricidir. İdarəetmə, biznes mühiti və qeyri-neft sektorunun inkişafı da müsbət göstəricilərə daxildir. Qurum 2012-ci ildə respublikamızda ümumi daxili məhsulun artımının 3 faizi keçəcəyini, qeyri-neft sektorunda artımın ümumi inkişaf tempindən ən azı 3 dəfə çox olacağını proqnozlaşdırır. "Fitç" "Neft bumundan sonra Azərbaycan" adlı təqdimatında qeyd edir ki, yaxın 3 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 60 milyard dollara yaxınlaşacaq. Bu həcmdə kapital ehtiyatlarının iqtisadiyyatın qeyri-neft sahələrini inkişaf etdirmək üçün çox güclü potensial olduğunu bildirən təşkilatın ekspertlərinin qənaətinə görə, bu baza imkan verir ki, dövlət qeyri-neft bölmələrinə maliyyə dəstəyini gücləndirsin. Qurum müasir dövrün tələblərinə uyğun yeni inkişaf meyarlarının tətbiq olunmasının, islahatların məzmununu dəyişməsinin zəruriliyinə də diqqət çəkir. Qeyd olunur ki, ölkəmizdə həyata keçirilən sistemli və genişmiqyaslı demokratik, siyasi və iqtisadi islahatlar respublikamızın iqtisadiyyatının çoxvektorlu inkişafının daha da sürətlənməsi üçün mühüm zəmin yaradır.

Göründüyü kimi, respublikamız iqtisadi sahədə islahatları genişləndirməklə, artıq bir sıra sahələr üzrə dünya ölkələri içərisində ən qabaqcıl mövqeyə sahib olub. Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkəmizdə bütün sahələrdə çoxşaxəli islahatlar həyata keçirilir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi və qətiyyətidir.


"Səs" Analitik qrupu

Digər xəbərlər