PDF Oxu

Əsas

  • 14

AZƏRBAYCAN UĞURLARI AVRONEST PA-DA

AZƏRBAYCAN UĞURLARI AVRONEST PA-DA

Avronest PA-nın ikinci sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu tədbirin də yüksək səviyyədə təşkili Azərbaycanın Avropaya inteqrasiyada nə qədər maraqlı olduğunun əyani sübutudur. Bununla bağlı münasibət bildirən millət vəkilləri vurğuladılar ki, bu kimi əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi həm də ölkəmizin qazandığı uğurların və nailiyyətlərin nəticəsidir. Eyni zamanda, onu da vurğuladılar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı məqsədyönlü uğurlu siyasəti ölkəmizin Avropaya inteqrasiyasında mühüm amil kimi səciyyələndirilir.

Əli Hüseynli: "Biz nəinki yaxşı iqtisadi duruma malikik, biz eyni zamanda, Avropa Birliyi ölkələrinə, onların enerji təhlükəsizliyinə kömək etmək niyyətindəyik"

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, biz Avropa Birliyinin üzvü deyilik və Avropa Parlamentində birbaşa təmsil olunmuruq, amma Azərbaycan digər bir neçə ölkə ilə birlikdə Şərq tərəfdaşlığı prosesində illərdir aktiv iştirak edir. Bu, qonşuluq siyasəti, Şərq tərəfdaşlığının elementlərindən biri də parlament ölçüsüdür. Artıq xeyli müddətdir AVRONEST yaradılıb. Bu, o deməkdir ki, 5 ölkənin, o cümlədən, Azərbaycanın da parlamentariləri Avropa Parlamentinin deputatları ilə vahid bir qurumda fəaliyyət göstərir. Eyni zamanda, biz bu quruma, Parlament Assambleyasına qatılanda bir sıra təkliflərimizi, iradlarımızı da bildirdik. Onlardan biri ondan ibarət idi ki, ölkələrlə bağlı hansısa məsələ müzakirə ediləndə, qərarlar qəbul olunanda, rahat bir kommunikasiya olacaq, yəni milli parlament nümayəndələri Avropa Parlamenti ilə birbaşa əlaqədədir, katibliyimiz mövcuddur, hansısa mübahisəli məsələləri araşdırmaq mümkün olacaq. Lazım olanda məlumatı əldə etmək, milli parlamentarilər vasitəsilə nəyisə dəqiqləşdirmək olacaq və bu, Avropa Parlamenti tərəfindən qəbul olunan qərarların obyektivliyini təmin edəcək. Əvvəlki illərdə Avropa Parlamenti bir sıra qərarlar qəbul etmişdi. İnsan hüquqları, demokratiya məsələləri ilə bağlı biz onların mövqeyindən narazı qalırdıq, onlar da bizim reaksiyadan narazı qalırdılar. İndi isə biz hesab edirdik ki, obyektiv nəticələr əldə etmək üçün bir sistem, mexanizm yaranıb. Bütövlükdə cəmiyyətimiz Avrointeqrasiyaya meyl edir, Avropa dəyərlərini üstün tutur.


Aydın Mirzəzadə: "Avrasiya Birliyinin yaradılması müsbət effekt verə bilər"


YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Avropa Birliyina alternativ olaraq Avrasiya Birliyi yaradılması müsbət effekt verə bilər: "Avropa Birliyinə alternativ yox, yeni bir qurum yaradıla bilər. Qoy dövlətləri birləşdirən təşkilatlar rəqabət aparmasınlar. Əksinə, onların münasibətlərin yaxşılaşması üçün birgə fəaliyyət göstərmələrinə geniş şərait yaransın. Avropa Birliyi göründüyü kimi, məhz Avropa məkanında olan dövlətlərin birliyidir və üzv olan hər bir ölkənin maraqlarına xidmət edən struktur yarada bilib".

A.Mirzəzadə hesab edir ki, alternativ qurumların yaradılmasında məqsəd rəqabət aparılmasıdır. Rəqabət isə, bir qayda olaraq, nəyisə sıradan çıxarmağı nəzərdə tutur: "Avropa Birliyinin yaşaması həm regionun, həm də dünyanın marağındadır. AB kimi, Avrasiya Birliyi, Asiya Birliyi və ya eyni ərazidə yerləşən dövlətlərin birliyi yaradıla bilər. Yaradılacaq birlikdə "böyük və kiçik qardaş" prinsipi olmamalıdır, dövlətlər eyni hüquqda, eyni səviyyədə həmin qurumda təmsil olunmalıdırlar. Yeni birliyin yaranması, dövlətlər arasında diplomatik və hərbi fərqlərin aradan qaldırılması və iqtisadi inkişaf üçün yeni layihələrin nəzərdən keçirilməsi beynəlxalq münasibətlərdə yeni ab-hava yarada bilər. Ancaq birlik heç bir halda dövlətlərin ərazi bütövlüyünə toxunmamalıdır, ona xələl gətirməməlidir. Azərbaycan həmin birlikdə çox böyük məmnuniyyətlə iştirak edə bilər, lakin Türkiyə kimi, Rusiya da Azərbaycanın ərazi bütövlüyünün toxunulmaz olduğu barədə bəyanat verməli və Ermənistandan işğal altındakı ərazilərdən qoşunlarının çıxarılmasını tələb etməlidir. Bu gün beynəlxalq hüquq normalarına riayət edilməsi əməkdaşlığın, qarşılıqlı münasibətlərin əsasında dayanan amildir".


Ayaz Orucov: "Bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyasının əsas göstəricilərindən biridir"

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Ayaz Orucov bildirdi ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyasının əsas göstəricilərindən biridir: "Sessiyada iştirak edən qonaqlar da bir daha gördülər ki, Azərbaycan son 8 ildə necə sürətlə inkişaf edib. Bunu sessiyada iştirak edən qonaqlar da çıxışları zamanı vurğuladılar və bu uğurlu inkişafın nəticəsidir ki, Azərbaycana xarici investorların axını getdikcə artmaqdadır. Bu, həqiqətən də, belədir. Əgər son səkkiz ildə göstərilən rəqəmləldə deyilənlərin realığını əks etdirdiyinin şahidi olarıq. 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayənin məbləği 120 milyard ABŞ dolları təşkil edir ki, bunun da yarısı xarici sərmayələrdir. Son səkkiz ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul üç dəfə, dövlət büdcəsinin gəlirləri isə 13 dəfə artmışdır. Ölkəmizdə özəl sektorun inkişafına da xüsusi diqqət yetirilir".

Bütün bu müsbət dəyişikliklərin fonunda Azərbaycanın bir çox çətinliklərlə də üzləşdiyini vurğulayan millət vəkili ölkənin 20 faiz torpağının hələ də işğal altında olduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını söylədi: "Bütün bunlar isə həm ölkə iqtisadiyyatına, həm də ümumilikdə, regionun inkişafına mənfi təsir göstərir. Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə problemidir. 300 minə yaxın soydaşımız Ermənistandan, 700 mindən artıq azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. BMT TŞ-nin, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Dövlət başçımız cənab İlham Əliyev bütün çıxışlarında, eyni zamanda, sessiyada çıxışı zamanı da bir daha bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, BMT-nin qətnamələri yerinə yetirilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. İnanırıq ki, tez bir zamanda ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində sözügedən problem öz həllini tapacaqdır".


Azay Quliyev: "Erməni deputatın çıxışında səsləndirdiyi fikirlər tam olaraq əsassızdır"

Millət vəkili Ayaz Quliyev isə Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Styopa Safaryanın insan hüquqlarının vəziyyəti ilə bağlı Azərbaycan hökumətinə ünvanlanan əsassız bəhanələrinə münasibətini bildirdi. A.Quliyev qeyd etdi ki, həmin sessiyada çıxışım zamanı söylədim ki, bəzi ölkələr demokratiyadan danışdıqları halda öz ölkələrində azad və dinc nümayişləri gülləbaran edirlər. A.Quliyev iclasda hər kəsin öz mövqeyini səsləndirə bilmək imkanının olduğunu, lakin bir çoxlarının etik normaları da gözləməli olduğunu vurğuladı: "Erməni deputatın nəzərinə çatdırmaq istəyirəm ki, çıxışında səsləndirdiyi fikirlər tam olaraq əsassızdır. O, burada "Müsavat" partiyasının adını çəkdi və dedi ki, bu partiya Avropa Sosialistləri Blokuna deyil, Avropa Liberallar Blokuna aid bir partiyadır".

A.Quliyev dedi ki, çıxışım zamanı Avronest PA-nın sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin həmsədri Laima Andrikienin çıxışına da münasibət bildirdim: "Demək istəyirəm ki, axı bu əməkdaşlığın tərəfdaşlığı da var. Avropa Birliyinin və Avropa Parlamentinin Azərbaycanda tərəfdaşları var. Rəsmi dövlət orqanları, parlament, hökumət və s. Ona görə, bu cür ciddi təşkilatlar öz qərarlarına da gərək ciddi yanaşsınlar, çünki bu qərarlar tarixdə qalır. Avropalılar anlamalıdırlar ki, biz bütün təzyiqlərə baxmayaraq, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayırıq, bununla bağlı bizə çox ciddi təzyiqlər olur, müxtəlif geopolitik maraqlar var. Eyni zamanda, qeyd edim ki, bizim hansısa bir təşkilatlara xüsusi ehtiyacımız yoxdur. Biz dəyərləri üstün tuturuq. Biz onlara həmişə sadiqiq, bu, bizim bir seçimimizdir. Ona görə bizim avropalı həmkarlarımız gərək öz qərarlarında öz fikirlərini həmişə korrektə etsinlər. Bizim heç nəyə iddiamız yoxdur. Yəni regionda baş verən proseslərlə bağlı bizdə heç zaman mənfi iddialar yoxdur, amma siyasətəmiz çox açıqdır. Azərbaycan bölgədə həyata keçirilə bilən və yaxud da hər hansı mərkəzlərin istədiyi qondarma proseslərin iştirakçısı ola bilməz. Bizim münasibətlərimiz açıqdır, eyni zamanda, onlar region dövlətləri üçün də açıqdır. Bizim regionda problemimiz olan Ermənistandır, onun işğalçı siyasətidir. Regiondakı qalan dövlətlərlə səmərəli, açıq, dost, rəsmi, qonşuluq münasibələtləri var və bu münasibətlərə heç kim kölgə sala bilməz".


Azərbaycan bütün qonşuları ilə yaxın münasibətlər qurmuşdur

Onu da qeyd edək ki, Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxış edən həmsədrlər Gunnar Hökmark və xanım Çiora Taktakaşvili tədbirə ev sahibliyi edən Azərbaycana minnətdarlıqlarını bildirmişlər. Həmsədrlər qeyd etmişlər ki, Azərbaycan sürətlə inkişaf edən, Avropaya inteqrasiya yolu tutan ölkədir. Bu inkişaf avropalı deputatlar tərəfindən yüksək qiymətləndirilir.

Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan bütün qonşuları ilə yaxın münasibətlər qurmuşdur. Gürcüstan və Rusiya ilə münasibətlərimiz yaxşıdır. Aprelin 3-də ölkəmiz Rusiya ilə münasibətlərinin 20 illiyini qeyd etdi. Nəticədə yaxın qonşuluq siyasətilə yanaşı, Azərbaycanın Avropaya olan uğurlu inteqrasiyası da burada öz əhəmiyyətli rolunu oynayır.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər