Dünən YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sosial şəbəkələrdə və ictimai- siyasi həyatda fəaliyyətinin tanışlığı ilə bağlı təbdir keçirildi. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, bu yaxınlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.
Müşavirədə çıxış edən YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov sosial şəbəkələrdə gənclərin fəaliyyətinin genişləndirilməsini tövsiyə edib: "Bizim fəaliyyətimizin metodologiyasında inkişaf var. Dünyada gedən qlobal proseslər - iqlim dəyişkənliyi, fəlakətlər, eləcə də, iqtisadi proseslər baş verir. Azərbaycan bir dövlət olaraq bu proseslərdən qorunmaq və ölkədə böhranın yaşanılmaması üçün əhəmiyyətli layihələr həyata keçirir. Təşkilat sədri bir neçə dövlətdə, eləcə də, Yaxın Şərqdə baş verən proseslərə diqqəti çəkdi. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır və dünya miqyasında böyük nailiyyətlər qazanılır. Bu gün Azərbaycana qarşı böhtan xarakterli fikirlər səsləndirilir. Bu dövlətimizə qarşı siyasi qısqanclıqdan doğan amildir. Dövlətimizin iqtisadi potensialının artması, infrastruktur dəyişikliklər bir sıra dövlətlərdə narahatçılıq doğurur. Təbii ki, Azərbaycanın daxilində də problemlər yaşanılır. Amma biz hamılıqla mövcud problemlərin aradan qaldırılmasına çalışmalıyıq.
Məlahət İbrahimqızı bildirdi ki, yarım milyondan artıq üzvü özündə birləşdirən YAP-ın sıralarını 40 faizdən çoxunu gənclər təşkil edir. Bu isə, o deməkdir ki, partiyamızın sıralarında on minlərlə gənc birləşib. Bu, sadəcə, statistika deyil, gənclərin dövlətimizin və partiyamızın həyata keçirdiyi siyasətə dəstəyinin ifadəsidir.
O, qeyd etdi ki, bu gün sosial şəbəkələrdə dövlətimizə qarşı aparılan əks-təbliğata lazımi səviyyədə cavab verilməlidir. Belə bir şəraitdə yaşadığımız nəzərə alınaraq, YAP Nəsimi rayon təşkilatının fəalları rayon sosial şəbəkələrini yaradıblar və bu şəbəkəni davam etdirmək qərarındadırlar. Əsas məqsədimiz gəncləri doğru yola çəkib, onlarda düzgün fikir formalaşdırılmasına və istiqamətləndirilməsinə kömək məqsədi daşıyır.
YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin sədr müavini Rauf Həsənov rayon təşkilatının fəaliyyəti ilə bağlı məlumat verdi. O bildirdi ki, rayon təşkilatının 23 min üzvü var. Onlardan 11 minini təşkil edən gənclərin 6 mini tələbədir. R.Həsənov gənclərin xüsusi fəallıqlarını vurğulayaraq, onların idman yarışmalarında da müsabiqələrin qalibi olduğunu bildirdi.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon Dillər Universitetinin ilk ərazi partiya təşkilatının sədri Könül Yaqubova Nəsimi rayon təşkilatının sosial şəbəkədəki səhifəsini və rayon təşkilatının blokunu iştirakçılara təqdim etdi. O bildirdi ki, burada maraqlı məqalələr yerləşdirilir. Belə ki, səhifənin bölmələrində təkcə YAP-ın fəaliyyəti ilə deyil, Azərbaycanın milli-mənəvi dəyərləri, milli mətbəximiz, gənclərin bədii yaradıcılığı, eyni zamanda, elmi məqalələr də yer alıb. Bu və ya digər dəyərlər və canlı ünsiyyət, bağlantılar belə yaradılır. Bu şəbəkə vasitəsi ilə dünya Azərbaycan həqiqətləri və reallıqları ilə tanış olacaqlar.
Qeyd edim ki, tədbirdə sosial şəbəkənin təqdimatı zamanı Amerikada təhsil alan Rəhman Rəsulzadə və Türkiyədə təhsil alan Emin Əliyevlə canlı bağlantı yaradıldı. Gənclər bu ölkələrdə Azərbaycanla bağlı müxtəlif səpkili tədbirlərin təşkilindən, fəaliyyətlərindən söz açaraq, dövlətin maraqları baxımından bir sıra layihələrdə təşəbbüskar və iştirakçı olduqlarını söylədilər.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva çıxış edərək bildirdi ki, gənclərlə iş aparılmasında ilk ərazi partiya təşkilatlarının rolu böyükdür. Dövlətimiz tərəfindən gənclərimizə böyük diqqət və qayğı göstərilərək, onların inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər reallaşdırılır. Gənclərimizə şərait yaradılması və onların irəli çəkilməsi əsas prioritet istiqamətlərdən biridir. Dünyanın müxtəlif ölkələrində təhsil alan intellektual səviyyəli azərbaycanlı gənclərimiz var. Bugünkü tədbirin əsas məqsədi təcrübə mübadiləsi aparmaqdır.
Sonda sosial şəbəkələrin yaradılması ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
NƏZAKƏT